AZ EN RU

Həkimim

    Rubrikamızın növbəti qonağı Bakı şəhərində yerləşən “Məlhəm” hospitalının infeksion xəstəlikləri üzrə uzman həkimi Fidan Sultanovadır.

Qızılca nədir?

    Qızılca virus vasitəsilə yaranan yoluxucu xəstəlikdir. Yoluxmuş şəxs nəfəs aldıqda, öskürdükdə və asqırdıqda virus asanlıqla yayılır. Qızılca ağırlaşmalara və hətta ölümə səbəb ola bilir. 

Kimlər risk altındadır?

    İmmuniteti olmayan hər kəs (xüsusən də peyvənd olunmayanlar) qızılcaya yoluxa bilər. Hamilə qadınlar və peyvəndsiz uşaqlar bu xəstəliyə tutulanda ağırlaşmaları daha tez-tez olur və ən yüksək risk daşıyan onlardır. 

Övladımızı qızılcadan necə qoruya bilərik?

    Peyvəndlər qızılcaya yoluxmaqdan və ya yoluxandan sonra bu xəstəliyi yüngül keçirmək üçün ən yaxşı vasitədir. Hər bir valideyn yaşadığı yerdə ərazi üzrə tibb müəssisəsinə müraciət etməklə milli peyvənd təqvimi üzrə övladına QPM vaksini vurdura bilər. Bu peyvənd üç xəstəlikdən qoruyur: qızılca, parotit və məxmərək.

Qızılca necə başlayır?

    Bu xəstəliyin simptomları, adətən, virusa yoluxduqdan 10 -14 gün sonra başlayır. Öskürək, burun axması, gözlərin qızarması və sulanması yanaqlarda ağ ləkələr, qızdırma ilə başlayan xəstəliyin sonrakı mərhələlərində boyunda və başda qırmızı səpgilər əmələ gəlir və bütün bədənə yayılır. 

Diqqətli olaq !

    Sadalanan əlamətləri özünüzdə və ya övladınızda hiss etdikdə ictimai yerlərə getməyin və dərhal həkimə müraciət edin. Qızılcaya yoluxmuş bir şəxs ətrafında olan 12-18 nəfərin də bu xəstəliyə yoluxmasına səbəb ola bilər. Əgər hamilə qadın bu xəstəliyə yoluxubsa bu həm ana, həm də körpə üçün çox təhlükəlidir. 

Nəşr edilib : 01.12.2023 20:39