AZ EN RU

Həkim, rezident və orta tibb işçiləri növbəti təcrübə kurslarına cəlb olunublar

    Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin iş planına uyğun olaraq nazirliyin tabeliyində fəaliyyət göstərən tibb işçiləri üçün təcrübə kursları təşkil edilir. Hər yeni təqvim ilində iş planına uyğun olaraq əvvəlcədən həkim, rezident və orta tibb işçiləri qeydə alınaraq təcrübələrə cəlb edilirlər. Təcrübə kursları zamanı tibb işçilərinə təyin olunduqları ixtisaslara uyğun vəzifələr haqqında ətraflı nəzəri və praktik təlimlər keçirilir. Təcrübə kurslarının təşkilində məqsəd səhiyyə sistemində ixtisaslaşdırılmış kadr potensialının təkmilləşdirilməsi, tibbi kadrların vəzifələri üzrə daha dərin biliklərə sahib olmaları, əhaliyə daha yüksək səviyyədə tibbi yardımların göstərilməsi və tibbi peşəkar­lıq səviyyəsinin artırılmasıdır. 
    Növbəti təcrübəyə 2023-cü ilin yanvar ayından başlayaraq cədvələ uyğun müxtəlif zaman çərçivəsini əhatə etməklə start verilib. Belə ki, hazırda bir həkim-stomatoloq Bakı şəhərində, bir həkim-ginekoloq, iki mama-tibb bacısı Naxçıvan Muxtar Respublikası Doğum Mərkəzi publik hüquqi şəxsdə, bir rezident, iki feldşer, bir fizioterapevt və bir məntəqə müdiri Naxçıvan Muxtar Respublika Xəstəxanası publik hüquqi şəxsdə, bir rezident Naxçıvan Diaqnostika Müalicə Mərkəzi publik hüquqi şəxsdə, üç diş texniki Naxçıvan Muxtar Respublikası Stomatoloji Mərkəz publik hüquqi şəxsdə, altı peyvənd-tibb bacısı isə Əziz Əliyev adına Naxçıvan Muxtar Respublikası Mərkəzi Uşaq Xəstəxanası publik hüquqi şəxsdə öz ixtisasları üzrə təcrübədədirlər.
    Qeyd edək ki, təcrübə kurslarını başa vuran tibb işçiləri kursu başa vurduqlarına dair arayışla təmin olunurlar.

Naxçıvan Muxtar Respublikası 
Səhiyyə Nazirliyinin mətbuat xidməti

Nəşr edilib : 26.01.2023 19:23