AZ EN RU

Həkim-onkoloq Əkbər Mehdiyevin 75 illik yubileyi qeyd edilib

    Naxçıvan Muxtar Respublikası Onkoloji Mərkəzin Radiologiya şöbəsinin müdiri Əkbər İsmayıl oğlu Mehdiyevin 75 illik yubileyi və muxtar respublika səhiyyəsindəki 50 illik səmərəli fəaliyyəti qeyd edilib. Yubilyar həkim Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin “Təşəkkürnamə”si ilə təltif edilib və onkoloq-həkimə hədiyyələr təqdim olunub.
    Tədbirdə Naxçıvan Muxtar Respublikası səhiyyə nazirinin birinci müavini, nazir vəzifələrini müvəqqəti icra edən Samiq Sadıxov bildirib ki, 15 iyun 1948-ci ildə Babək rayonunun Məmmədrza Dizə kəndində anadan olan Əkbər Mehdiyev 1966-cı ildə Naxçıvan şəhər 32 nömrəli peşə məktəbini bitirib, 1967-ci ildə Nəriman Nərimanov adına Azərbaycan Dövlət Tibb Universitetinə qəbul olub, 1973-cü ildə həmin universiteti bitirərək Naxçıvan Muxtar Respublika Gigiyena və Epidemiologiya Mərkəzində həkim kimi fəaliyyətə başlayıb. 1973-cü ilin noyabr ayında və 1974-cü ilin fevral ayında Rusiyanın Stavropol şəhərində xüsusi təhlükəli infeksion xəstəlikləri üzrə kurs keçib. Həmin ildən də Azərbaycan Elmlər Akademiyasının Fiziologiya İnstitutunun Radiobiologiya bölməsinə kiçik elmi işçi qəbul olunub.
    Bu illər ərzində müxtəlif kursları yüksək nailiyyətlərlə bitirən Əkbər həkim 1986-cı ildən Naxçıvan Onkoloji Mərkəzində həkim kimi fəaliyyətini davam etdirir və hazırda Radiologiya şöbəsinin müdiri vəzifəsində fəaliyyət göstərməkdədir. 
    Bildirilib ki, xalqımız tarixən həkimlik sənətinə ən ülvi bir peşə, həkimə müqəddəs bir şəxs kimi baxıb. Sənətini yaxşı bilən, xalqın sağlamlığı keşiyində ləyaqətlə dayanan həkimlərə böyük ehtiram göstərilib. Belə həkimlərdən olan Əkbər Mehdiyevin onkologiya sahəsində xidmətləri danılmazdır.
    Çay süfrəsi ətrafında davam edən tədbirdə iştirakçılar və illərdir, çiyin-çiyinə çalışan iş yoldaşları yubilyara təbriklərini çatdırıb.
    Sonda yubilyar həkim Əkbər Mehdiyev göstərilən diqqət və qayğıya görə minnətdarlığını bildirib.

Naxçıvan Muxtar Respublikası
Səhiyyə Nazirliyinin mətbuat xidməti

Nəşr edilib : 12.06.2023 17:59