AZ EN RU

Həkim məsləhəti

    Hörmətli oxucular! Bu sayımızdan etibarən mütəmadi olaraq “Həkimim” rubrikası ilə  oxucularımızı maraqlandıran sualları muxtar respublikadakı, həmçinin qardaş Türkiyə Respublikasının və paytaxt Bakıda yerləşən səhiyyə müəssisələrinin həkimləri cavablandıracaq, sağlamlığımızı qorumağımız üçün  dəyərli məsləhətlər verəcəklər. Rubrikamızın ilk qonağı Naxçıvan Muxtar Respublika Xəstəxanasının Qəbul şöbəsinin müdiri, terapevt-həkim Ramidə Bağırovadır.  
    – Qripə yoluxma sağlamlığımız üçün nə dərəcədə təhlükəli sayıla bilər?
    – Tromb və ağciyər iltihabı bu xəstəlik zamanı olan əsas ağırlaşmalardandır. Xəstəliyin risk qruplarında ağır keçməsi, fəsadlaşması, arzuolunmaz nəticələrə səbəb olması mümkündür. Tibb mütəxəssisləri qripi ölümlə nəticələnə bilən infeksiya sayırlar.
    – Ev şəraitində respirator viruslardan qorunmaq üçün nələrə diqqət edilməlidir?
    – Qripin ən kiçik əlaməti hiss olunanda belə maska taxılması faydalı olar.  Özünü təcrid etmək, bol maye içmək, otağın havasını dəyişmək və təmiz havada uzun zaman keçirmək xəstəlikdən sağalmağa yardımçı olur. Bu xəstəliyin  müalicəsində reseptsiz dərman almaq istəyənlər həkim məsləhəti olmadan antibiotiklərdən istifadə etməməlidirlər.  Antibiotik tərkibli dərmanlar bakteriya təmayüllü xəstəliklər zamanı həkim nəzarəti ilə tətbiq edilməlidir.  Virus bakteriya deyil, antibiotik bakteriyaya təsir edir. Belə xəstəlik zamanı antibiotik kömək etmədiyi kimi, tromb əmələgəlmə riski yüksək olan xəstələrdə o, tromb təhlükəsini yarada bilər. Özbaşına müalicə həyati təhlükə yarada bilər.  Ona görə də xəstəliklərinizin müalicəsi ilə bağlı qərarları həkimlərin verməsinə imkan yaradın ki, müalicəniz düzgün və effektiv olsun. 

 Ramiyyə ƏKBƏROVA

Nəşr edilib : 14.11.2023 18:49