AZ EN RU

Həkim briqadaları müayinələr aparıb

    Muxtar respublikada əhali arasında yarana biləcək xəstəliklər və onların yoluxma yolları və profilaktikası istiqamətində mütəmadi olaraq səhiyyə maarifi işləri aparılır. Belə tədbirlərdən biri də Naxçıvan Muxtar Respublikası Ağciyər Xəstəlikləri Dispanserinin həkim briqadası tərəfindən muxtar respublika ərazisində vərəm xəstəliyinin erkən aşkarlanması və müalicə profilaktikası istiqamətində aparılan tədbirlərdir. Belə ki, iyulun 20-də dispanserin həkim briqadası Kəngərli rayonunun Qarabağlar kəndində əhali arasında vərəm xəstəliyinin erkən aşkarlanması məqsədilə müayinələr aparıb. Yaradılan həkim briqadasının ftiziatr, həkim rentgenoloq və həkim bakterioloqu tərəfindən Qarabağlar kənd ambulatoriyasında aparılan müayinələrdə kənd sakinlərindən 33-ü həkim ftiziatr tərəfindən yoxlanılmış və flüoroqrafiya müayinəsindən keçmişdir. Müayinələr zamanı şübhəli olan 6 nəfərə mantu sınağı qoyulmuş, vərəmə şübhəli olan 3 nəfərdən bəlğəm nümunəsi götürülmüşdür. Patologiya aşkar olunan xəstələr Naxçıvan Muxtar Respublikası Ağciyər Xəstəlikləri Dispanserinə PHŞ-yə əlavə müayinə və müalicələrin aparılması üçün dəvət olunmuşdur. Dispanserin həkim briqadası əhali arasında vərəmin erkən aşkarlanması və diaqnostikası istiqamətində maarifləndirici söhbətlər də aparmışdır.
    Muxtar respublika əhalisinin sağlamlığının qorunması və təmin edilməsi məqsədilə bu cür tədbirlərin davam etdirilməsi daim diqqətdə saxlanılır.

Naxçıvan Muxtar Respublikası 
Səhiyyə Nazirliyinin mətbuat xidməti

Nəşr edilib : 22.07.2022 22:06