AZ EN RU

Həftəsonları niyə təbiətə üz tuturuq?

Həftəiçi gərgin iş günlərindən sonra hər kəs şənbə bazarı dəyərləndimək istəyir. Gözəl fikirdir. Yorğunluğu çıxarmadan yeni iş həftəsinə başlamaq fəaliyyətimizi səmərəli etməz. Bu il hava şəraiti yağıntılı olduğundan çaylarda su boldur, təbiət yaşıl donunu qoruyub saxlamaqdadır. Hər tərəf al-əlvan çiçəklərə boyanıb. Ana təbiətin qoynunda dincəlmək üçün avtomobillərimizə minib gözəllik seyrinə çıxırıq. Çalışırıq ki, çay kənarı, təmiz yerlərdə oturaq, uşaqlarımızın ayağına tikan batmasın.

Və lakin həmin yeri tərk edəndə sanki bir daha geri qayıtmayacağıq düşüncəsi ilə hərəkət edirik...

Bu yaxınlarda Batabat yaylağında oldum. Hansı istiqamətə üz tutsam, mütləqdir ki, Naxçıvanın gözəlliklərini, təbiətini, tarixini telefonun yaddaşına, ordan isə sosial şəbəkələrə köçürürəm.

Batabatın məşhur Zorbulağı. Muxtar respublika ərazisində 200-dən artıq bulaq mövcuddur ki, bunlardan ən məşhuru və cana faydalısı Zorbulaqdır. Suda əlini 3 dəqiqə saxlaya bilmərsən. Bol oksigenli su doldurulduğu qabları belə dondarır. Yəni yayın cızhacızında əla sərinləşdirici mənbədir. Yerli əhalidən bura çox az adam tapılar ki, əliboş gələ. Mütləqdir ki, gələn özü ilə qablarını doldurub aparar bir qənimət kimi. Bəli, Zorbulaq təbiət abidəsidir, üstəgəl qənimət sayılır. Di gəl ki, bir foto almaq üçün ətrafı zibilliklərdən təmizləməlisən! Təəssüf! Bu zibili bura tökən də bizik, suyu qiymətləndirib evlərimizə daşıyan da biz. Hələ rəssamın fırçasından çıxan tablo kimi yamyaşıl dağların qoynundakı göldə üzən butulkaları, atılan sellofen torbaları demirəm. Axı niyə təbiətə bu qədər qənim kəsilirik? Qənim kəsiliriksə, niyə hər getdiyimizdə təmiz, səliqəli yer axtarışına çıxırıq. Aşımıza tökdüklərimizin qaşığımıza çıxacağı bu qədərmi gözlənilməzdir? Və yaxud tullantını təmizlik qutusuna daşımaq bu qədərmi çətindir? Niyə öz sağlığımızın qeydinə qalmırıq? Axı evi təmiz saxlamaq qədər təbiəti də qorumaq, təmiz saxlamaq şərtdir.

Və yaxud koronavirus infeksiyasının tüğyan etdiyi zamanlarda evə qapandığımız günləri nə tez unutduq? Təbiətə can atırdıq. Həmin vaxtsa təbiət insan “zülmündən” nəfəs alıb özü-özünü tənzimləyirdi... Unutmayaq ki, xüsusi karantin rejiminin müddəti oktyabrın 1-dək uzadılıb.

Tarix və təbiət abidəsi Ağ karvansaradan - Fərhad evindən yolumu salıram. Burada da vəziyyət eyni. Üstəgəl hər gələn adını divara cızmış. Bu abidənin tarixi, zamanı üçün nə qədər əhəmiyyət daşıdığından xəbəriniz varmı? Xəbəri olanlar olmayanlara da danışsın ki, bəlkə tarixə, insan zəhmətinə, keçmişə hörmət qoyub abidəyə daha artıq zərər vurmayalar...

Gələk çaykənarı yerlərə. Şahbuz, Culfa, Ordubad istiqamətlərində mövcud çaykənarı meşəliklər, yaşıllıqlar diqqətimizi daha çox çəkir. Belə yerlər hər baxımdan sərfəlidir. Çayda çimir, dağlardan şəfalı bitkilər toplayır, həm də şəhərin istisindən bir günlük də olsa, qurtulmuş oluruq, bir sözlə, yaxşı dincəlirik. Di gəl ki, bizə nəvaziş göstərən  ana təbiətə əlimizin tərs üzü ilə sillə çəkirik. Ərzaq gətirdiyimiz torbalar, salfetlər, içdiyimiz suların qabları, siqaret qutuları, hətta sındırıb ətrafa dağıtdığımız şüşələr. Halbuki gələndə ətrafda şüşə qırıntısı, zibil tullantısı olub-olmadığına diqqətlə baxıb yer seçmişdik...

Bu mövzuda çox danışmaq olar, əziz oxucu, amma burada söhbətimi yekunlaşdırıram. Çünki belə mənzərələrlə hər biriniz rastlaşmısınız. Balaca kibrit çöpünü belə yerə atmayaq, bizdən səxavətini əsirgəməyən ana təbiətə qayğı ilə yanaşaq. Unutmayaq ki, təbiət hər halı ilə bizdən güclüdür. Biz sadəcə bu təbiətin bir parçasıyıq.

Həftəsonu hər birinizə xoş istirahətlər arzusuyla

Ruhiyyə Rəsulova

Nəşr edilib : 28.06.2024 18:18