AZ EN RU

Hədiyyə olunan kitabların təqdimatı keçirilib

    Görkəmli şair, ədəbiyyatşünas, Naxçıvan Muxtar Respublikasının Əməkdar müəllimi, ictimai xadim Xanəli Kərimlinin AMEA Naxçıvan Bölməsinə hədiyyə etdiyi kitabların təqdimatı keçirilib.
    Tədbiri açan bölmənin sədri, akademik İsmayıl Hacıyev Xanəli Kərimlinin həyat və yaradıcılığı haqqında geniş məlumat verib, onun şair, tədqiqatçı və müəllim kimi fəaliyyətini xarakterizə edib, mənəvi keyfiyyətlərindən söz açıb, şairin poeziyasının aparıcı mövzuları, yüksək təsvir xüsusiyyətləri, şeirlərinin tərbiyəvi əhəmiyyəti ilə bağlı fikirlərini bölüşüb. 
    Akademik AMEA Naxçıvan Bölməsinə təqdim olunan kitablardan söz açaraq bildirib ki, hədiyyə olunan kitablar şairin öz əsərləri ilə yanaşı, (“Payız duyğuları”, “Tanrı müjdəsi”, “Mir v moix ladonyax”), alim və tədqiqatçıların onun yaradıcılığı ilə bağlı müxtəlif vaxtlarda qələmə aldıqları əsərlər, 55, 60, 65, 70 illik yubileyləri münasibətilə nəşr olunmuş toplulardan ibarətdir.

    AMEA Naxçıvan Bölməsi İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun şöbə müdiri, filologiya üzrə fəlsəfə doktoru, dosent Ramiz Qasımov “Xanəli Kərimlinin həyatı və yaradıcılıq yolu” mövzusunda məruzə edib. Bildirilib ki, Naxçıvan ədəbi mühitinin istedadlı yetirməsi Xanəli Kərimli Azərbaycan Dövlət Pedaqoji İnstitutunda ali təhsil aldıqdan sonra elmi fəaliyyətini davam etdirərək “Cənubi Azərbaycan demokratik ədəbiyyatında hekayə janrının inkişafı (1941-1970)” mövzusunda dissertasiya müdafiə  etmiş, filologiya elmləri namizədi elmi dərəcəsi almışdır.
    Şair 1991-ci ildən Naxçıvan Dövlət Universitetində  başlayan elmi-ictimai, pedaqoji fəaliyyəti haqqında geniş məlumat verib. Qeyd olunub ki, şair-publisist Xanəli Kərimli həm də ikinci çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı olmuşdur. Pedaqoji sahədəki səmərəli fəaliyyətinə görə 2007-ci ildə “Naxçıvan Muxtar Respublikasının Əməkdar müəllimi” fəxri adına layiq görülmüş alim yüzdən çox elmi, publisist və metodik məqalələr müəllifidir. 
    İnstitutun Ədəbiyyatşünaslıq şöbəsinin aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru, dosent Aygün Orucova “Xanəli Kərimli yaradıcılığına ədəbi-tənqidi baxış” mövzusundakı çıxışında vətənpərvər şairin yaradıcılığı haqqında  “Şairə məktub”, “Xanəli Kərimli: sözün Əlincə qalası”, “Xanəli Kərimli: bir ömrün işığı”, “Şairin könül dünyası” adlı məqalələr topluları əsasında Azərbaycan ədəbi tənqidinin aparıcı nümayəndələrinin qələmə aldıqları məqalələrdən bəhs edib. 
     “Xanəli Kərimli yaradıcılığında Cənub mövzusu”nda çıxış edən  AMEA Naxçıvan Bölməsi Elmi Kitabxanasının direktoru Sahab Əliyeva tanınmış alim və şairin  həyat və yaradıcılığının bütün dövrlərində Azərbaycanın bütövlüyünə, böyük Azərbaycan idealına sədaqətlə xidmət etdiyini vurğulayıb.
    Sonda Naxçıvan Dövlət Universitetinin dosenti, filologiya üzrə fəlsəfə doktoru, dosent Xanəli Kərimli çıxış edərək mütaliənin əhəmiyyətindən, kitab bağışlamağın mühüm önəmindən söz açıb. Hədiyyə olunan kitabların gələcək nəsillər tərəfindən də oxunacağına əminliyin bəxş etdiyi sevinci tədbir iştirakçıları ilə bölüşüb.

AMEA Naxçıvan Bölməsinin mətbuat xidməti

Nəşr edilib : 15.02.2022 19:20