AZ EN RU

Hədəf Naxçıvanı “yaşıl enerji” dəhlizinə çevirməkdir

    Dövlət başçısı cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın enerji təhlükəsizliyi sahəsində görülmüş işlər mühüm əhəmiyyəti ilə seçilir. Vətən müharibəsində qazandığımız qələbədən sonra ölkəmizdə “yaşıl enerji” layihələrində yeni mərhələnin başlanması isə bu sahədə qarşıya qoyulmuş hədəfləri daha da aktuallaşdırıb. Ötən dövrdə paytaxt Bakı şəhəri ilə yanaşı, ölkəmizin digər bölgələrində də bərpa olunan enerji layihələri üçün potensial ehtiyat bir daha nəzərdən keçirilib, bu istiqamətdə müvafiq addımlar atılıb. Bu yaxınlarda “yaşıl enerji” konsepsiyasının muxtar respublikada geniş tətbiqi üzrə yaradılan işçi qrupunun Naxçıvana səfəri də bu baxımdan maraqlı idi.

    Qeyd edək ki, hələ fevralın 3-də Bakıda Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində keçirilən nazirlərin 9-cu və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 1-ci iclasında Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev bildirmişdi ki, Azərbaycan hökuməti Naxçıvan Muxtar Respublikasında ən azı 500 meqavatlıq Günəş Elektrik Stansiyasının tikintisinin mümkünlüyünü nəzərdən keçirir. Hətta mövcud potensialın bundan da artıq olduğunu diqqətə çatdırmışdı. Elə bu istiqamətdə həyata keçirlən tədbirlərin davamı kimi Azərbaycan Respublikasının energetika nazirinin müavini Elnur Soltanovun rəhbərlik etdiyi işçi qrupunun Naxçıvana səfərində bir sıra istiqamətlərdə müzakirələr aparıldı, həyata keçiriləcək pilot layihələrlə bağlı müəyyən olunmuş ərazilərə baxış keçirildi. 
    Azərbaycan Respublikası energetika nazirinin müavini Elnur Soltanov bizimlə söhbətində bildirdi ki, hazırda cənab Prezidentin tapşırığı ilə Naxçıvanda “yaşıl enerji” zonasının tələblərinə uyğun olaraq energetika sisteminin yenidən qurulması gündəmdədir. Naxçıvanın Türkiyə bazarına çıxışının olması burada istehsal ediləcək enerjini digər bazarlara da yönəltməyə imkan verəcək. 
    Azərbaycan Respublikası Energetika Nazirliyi yanında Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyinin direktoru Cavid Abdullayev isə görüləcək işlər barədə danışaraq bildirdi ki, Naxçıvanda çox böyük Günəş potensialı vardır. Həmçinin hazırda müəyyən ərazilər var ki, küləyin potensialı orada külək elektrik stansiyalarının qurulması üçün yetərlidir. Bu baxımdan da çox ciddi şəkildə işlərə başlanılıb. Müsahibimiz bunu da vurğuladı ki, təxminən, 8 min hektardan çox ərazi vardır ki, onlar bərpa olunan enerji mənbələri stansiyalarının tikilməsi üçün tam şəkildə yararlı vəziyyətdədir. 
    Öyrəndik ki, Naxçıvanda “yaşıl enerji” konsepsiyasını reallaşdıracaq işçi qrupun işi iki istiqamətdə reallaşacaq. Birincisi uzunmüddətli strateji planda Naxçıvanın “yaşıl enerji” zonasına çevrilməsi, ikincisi isə uzunmüddətli plan başlananadək görüləcək hazırlıq işləridir. 
    Xatırladaq ki, hazırda muxtar respublikada Babək rayonunda 22 meqavat, Kəngərli və Şərur rayonlarının hər birində 5 meqavat gücündə Günəş, Culfa rayonunda isə külək elektrik stansiyası fəaliyyət göstərir. İşçi qrupla aparılan müzakirələrdə də qeyd olundu ki, ötən dövrdə muxtar respublikada bərpa olunan enerji mənbələrində enerji istehsalının həcmi bəzi illərdə ənənəvi enerji istehsalının 60 faizinə bərabər olub. Bu da onu göstərir ki, Naxçıvanın çox böyük enerji potensialı var. Bunu da nəzərə alaq ki, artıq muxtar respublika uzun illərdir, onunla qonşu olan ölkələrin energetika sisteminə inteqrasiya olunub, həmçinin bu ölkələrin ildən-ilə enerjiyə tələbatı artır. Bu baxımdan yaxın gələcəkdə muxtar respublikada enerji istehsalının həcminin artması ixrac üçün daha böyük imkan yaradır. Digər tərəfdən, Naxçıvanı Azərbaycanın əsas hissəsi ilə birləşdirəcək Zəngəzur dəhlizinin açılması təbii-iqlim şəraiti yaşıl enerji istehsalı üçün münasib olan qərb bölgələrimizdə istehsal ediləcək elektrik enerjisinin muxtar respublika vasitəsilə ixracına yaşıl işıq yandırır. Buradan isə o nəticəyə gəlmək mümkündür ki, Naxçıvan gələcəkdə həm də “yaşıl enerji” dəhlizinə çevriləcək.

Səbuhi HƏSƏNOV

Nəşr edilib : 17.04.2023 21:18