AZ EN RU

“Hazır mühasib – Naxçıvan” layihəsinin bağlanış tədbiri keçirilib

    Naxçıvan Muxtar Respublikasının Maliyyə Nazirliyi yanında Maliyyə Tədris Mərkəzi ilə İqtisadi Araşdırmalar və Tədris Mərkəzinin birgə təşkilatçılığı əsasında ərsəyə gələn “Hazır mühasib – Naxçıvan” layihəsinin bağlanış tədbiri keçirilib. 
    Naxçıvan Muxtar Respublikası Maliyyə Nazirliyi, İqtisadi Araşdırmalar və Tədris Mərkəzinin əməkdaşları, büdcə və kommersiya təşkilatlarının mühasibləri və layihə iştirakçıları ilə birlikdə keçirilən tədbirdə Maliyyə Tədris Mərkəzinin direktoru Mehriban İmanova çıxış edərək layihənin mahiyyəti və əhəmiyyəti haqqında danışıb. Bildirilib ki, iqtisadiyyatın müxtəlif sahələrində beynəlxalq inteqrasiyanın rolunun artması ölkəmizdə də tətbiq olunan uçot və hesabat işlərinin eyniləşdirilməsini, hamı üçün anlaşıqlı olmasını tələb edir. Bu gün mühasibat uçotunun beynəlxalq standartlara uyğun qurulması və maliyyə vəziyyətinin şəffaf şəkildə qiymətləndirilməsi üçün əmək bazarında kifayət qədər peşəkar mühasiblərə ehtiyacın olduğu bildirilib. Muxtar respublikamızda bu istiqamətdə kadr hazırlığına və gənclərin karyera quruculuğuna dəstək olmaq məqsədilə 6 ay ərzində ödənişsiz qaydada və onlayn şəkildə təşkil olunan kursun uyğun dərs vəsaitləri əsasında tədris edildiyi, mütəmadi olaraq imtahanların keçirildiyi diqqətə çatdırılıb.
    İqtisadi Araşdırmalar və Tədris Mərkəzinin prezidenti Radil Fətullayev mərkəz haqqında geniş məlumat verərək mərkəzin 2009-cu ildə təsis edildiyini və mühasibatlıq sahəsində mövcud olan beynəlxalq təcrübənin təlimlərini təşkil edən bir qurum kimi ixtisaslaşdığını vurğulayıb. Bildirilib ki, layihədə iştirak edən tələbə və gənclərə beynəlxalq standartlara uyğun maliyyə hesabatlarını hazırlayıb təqdim etmək, mühasibat sahəsi ilə bağlı nəzəri və praktik biliklərin artırılması bacarıqlarını qazandırıb. Radil Fətullayev müəllifi olduğu tədris vəsaitlərini hədiyyə kimi Maliyyə Tədris Mərkəzinə təqdim edib.
    Sonra Maliyyə Tədris Mərkəzinin və İqtisadi Araşdırmalar və Tədris Mərkəzinin tanıtım videosu izlənilib.
    Layihə iştirakçıları Şamxal İbrahimov, Nail Mustafazadə, Fatimə Rzayeva və digərləri kursun onlara verdiyi faydalar barədə danışıb, təşkilatçılara dərin minnətdarlıqlarını bildiriblər. 
    İqtisadi Araşdırmalar və Tədris Mərkəzinin rəhbəri Radil Fətullayev Naxçıvan Muxtar Respublikasında mühasibat uçotu sahəsində kadr hazırlığına verdiyi dəstəyə görə təşəkkürnamə plaketi ilə təltif olunub.
    Aralıq və final imtahanlarında topladıqları bala görə iştirakçılara hər iki mərkəz tərəfindən imzalanan fərqlənməyə, müvəffəqiyyətə və iştiraka görə sertifikatlar təqdim olunub.

Xəbərlər şöbəsi

Nəşr edilib : 17.11.2022 21:41