AZ EN RU

Hay hotelinin xidmətçisi Rasmussen

    Qarabağdakı işğalçılıq planları alt-üst olmuş bədnam erməni ordusu Xankəndi yolundakı palçıq yolda ilişib qalandan sonra revanşist ölkə bu dəfə də çarəni Avropadakı sərxoş dəstəkçilərində axtarmağa başlayıb. Nə İrandakı molla rejiminin, nə Fransanın boş çırpıntılarına, nə də rus sülhməramlılarının hərəkətlərinə məhəl qoyan Azərbaycan ekofəallarının Laçın yolundakı qərarlı duruşundan tükənmiş erməni separatizmi və onun silahlı tör-töküntüləri artıq bütün kirli yolların bağlanması ilə son vasitəyə, rüşvət verməklə Avropa siyasətçilərini kamera qarşısına çıxarmağa əl atıblar. Dünyanın ən böyük hərbi paktı NATO-nun keçmiş baş katibi Andres Foq Rasmussen də artıq əli aşağı düşən kimi erməni lobbisinə əl açıb pullu xidmət göstərən belə siyasətçilərdəndir. 
    Bu gün Ukraynadakı insanlıq dramının Rusiya ilə simmetrik səbəbkarlarından biri olan NATO dünyanın gəldiyi humanitar fəlakət astanasında özünün də daşıdığı məsuliyyətin üzərində düşünməkdənsə, tam əksinə, Rasmussen kimi keçmiş liderlərinin dırnaqarası siyasi məsləhət xidmətləri ilə durulmaqda olan suları yenidən bulandırmaqla məşğuldur. Qarabağın erməni işğalından azad edilməsi ilə nəticələnmiş 44 günlük Vətən müharibəsindən sonra Cənubi Qafqaz üçün olduqca həyati əhəmiyyət daşıyacaq sülh proseslərinin bərqərar olunması üçün səylər artırıldığı zamanda bu “danimarkalı Rasimin” birdən-birə ortaya çıxıb erməni konyakına tərif deməsi hər kəsdə şübhələri bir daha artırır. 
    Rasmussenin erməni çəlləyindən qidalanaraq Azərbaycanın əleyhinə fikirlər səsləndirməsinin əsas motivi təkcə  qurucusu olduğu dırnaqarası qlobal siyasi məsləhət firması – “Rasmussen Global”dan gələn gəlirlərinin onun xərclərindən 10 dəfə az olması ilə bitmir. Erməni siyasi dairələrinin Rusiyasının təsir dairəsindən sürətlə uzaqlaşaraq Avropaya üz tutduğu bir dövrdə Rasmussenin Ermənistanda peyda olaraq, hətta Laçın yolu üzərində fotoşəkil çəkdirməsi onun, guya, sağlam sülhsevər məqsədə yönəlmiş missiyasından daha çox suveren bir ölkənin daxili işlərinə burun soxmasından başqa heç nə deyildir. 
    Bu fikirləri öz məqaləsində təhlil etmiş, obyektiv mövqeyi ilə “Şərq qapısı” qəzetinin oxucularına da yaxşı tanış olan amerikalı jurnalist Peter Teysin fikrincə, əslində, Rasmussenin İrəvana səfəri və burada baş nazir və  digər erməni rəsmiləri ilə keçirdiyi görüşlər Qarabağdakı son nəfəsini verən erməni separatizminə yeni can qazandırmaq və getdikcə gərginləşən Rusiya-Ermənistan münasibətlərində yaranan siyasi boşluğu doldurmaq məqsədi daşıyır. Çünki erməni lobbisinin maddi dəstəyi ilə onun burada keçirdiyi görüşlərin siyasi pafosu bu gün Avropanın bir nömrəli gündəm maddəsi olan Rusiya-Ukrayna müharibəsi fonunda bir atımlıq barıt kimi cılız görünür. Elə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin də dəfələrlə vurğuladığı kimi Qarabağ problemi artıq öz həllini tapıb və yerdə qalan reinteqrasiya məsələləri zaman içərisində gec-tez həll olunacaqdır. Buna görə də hələ Azərbaycan torpaqlarının işğal olunduğu dövrdə NATO-nun baş katibi kimi bir dəfə də olsun analoji çıxış etməyən Rasmussenin Laçın yolu üzərində təqaüdçü turistlər kimi verdiyi poz olsa-olsa yalnız onun hələ də qocalmadığını sübut etməsi kimi yadda qalacaqdır. Ancaq fikrimizcə, bu 70 yaşlı siyasətçinin belə bir fikri vardısa, İrəvanda boşuna zaman keçirmək yerinə 30 illik erməni blokadasından hələ də əziyyət çəkən Azərbaycanın Naxçıvan Muxtar Respublikasına səfər edərək “Prestij-Naxçıvan” pivəsinin dadına baxıb, üstəlik, Əlincəqalaya da dırmansaydı daha yaxşı olardı. Hələlik isə, deyəsən, cənab Rasmussenin belə VİP turistik səfərlər üçün pulu olmadığından bu dəfə hay hotellərinin xidmətçisi səviyyəsində servislərlə kifayətlənməli olacaq. Lakin  Xankəndidə deyil, İrəvanda! 

Əli CABBAROV
 

Nəşr edilib : 29.03.2023 19:04