AZ EN RU

“Haraya getsəm də, qayıdıb gələcəyəm...”

Basid İdris oğlu Rüstəmov
(02.06.1996 – 09.11.2020)

    Basid mənim birinci övladımdır. Kiçik yaşlarından çox dürüst, səbirli, dözümlü bir uşaq olub. Yəqin ki, bilirsiniz, o zamanlar kəndlərdə yaşayış olduqca çətin idi. Qadınlar çox əziyyət çəkirdilər. Bu barədə çox danışmaq istəmirəm. Ancaq onu deyim ki, Basid də mənimlə birgə bu əziyyətə qatlaşırdı. Bəzən çöldə görəcəyim işi başa çatdırdıqdan sonra evə qayıdanda sevinirdim ki, ev işlərinin hər birini görüb. Ailəsini düşünən övlad idi Basid. Ona elçi getmək istədim. Heç yadımdan çıxmır. Cavabı bu oldu: “Qardaşım əsgərlikdən gəlmədən olmaz!” Özündən əvvəl ancaq bizi – ailəsini düşünürdü.

    Son gedişi heç yadımdan çıxmır. Hər dəfə onun üçün yemək hazırlayıb qoyardım ki, işə aparsın. Bu dəfə yeməyini götürmədi. Qapıya doğru getdi. Ağlından nəsə keçirdi. Bir anlıq dayandı. Geri qayıtdı. Mənə doğru gəldi. Məni bərk-bərk qucaqladı. Bağrına basdı. Heç vaxt onu belə görməmişdim. İlk dəfə idi ki, o məni elə bərk qucaqlayırdı. Üstümə ağırlıq çökmüşdü. Amma Basid dedi ki, ana, haraya getsəm də, qayıdıb gələcəyəm. Basid qayıtdı. Qəhrəman kimi qayıtdı. 
    Döyüş müddətində bir dəfə danışdıq. Deməli, döyüşdə yaralanıb. Səsindən nəsə olduğunu hiss edirdim. Amma mənə heç nə demədi. O, şəhid olan günü yatmışdım. Yuxudan oyandıqda gözlərimin önündə anidən bir bayraq, bir də tabut canlandı. İçim titrədi. O an Basidə və onunla birlikdə ön cəbhədə vuruşan igid oğullarımıza dua elədim.
    Həmin gün Basidin şəhid xəbəri gəldi. Elə bir qanım damarlarımda dondu. Canımdan can getdi. Amma o canın yerində Azərbaycan ayaq üstə dayandı. Qarabağ qayıtdı. Qayıdıb Vətən oldu. Biz Basidlə qürur duyuruq. Uşaqlıqdan zəhmətkeş olan Basid necə ki anasının əziyyətinə qatlaşdısa, eləcə də Vətənin yükünü çiyinlərinə götürdü. 

 

Nəşr edilib : 07.01.2024 21:59