AZ EN RU

Hara qismətimdirsə, orada da Vətənə xidmət edəcəyəm

Amin Mayis oğlu Gülməmmədov
31.07.1995-02.11.2020
Culfa rayonunun Saltaq kəndi
“Vətən uğrunda” medalı  – 15.12.2020
“Cəsur döyüşçü” medalı – 24.06.2021
“Xocavəndin azad olunmasına görə” medalı – 24.06.2021

    Amini çox yaxşı övlad kimi tanıyırdılar qonşularımız, müəllimləri. Çox diqqətli idi. Lap balaca vaxtından üzümüzə baxıb fikrimizi bilərdi. Amin əkiztayı olub. Qardaşı Ramindən sonra dünyaya gəlsə də, qardaşı onu özünə böyük bilirdi. Təkcə bizə qarşı deyil, hər kəsə qarşı həssas idi Amin. 

     Parodiya etməyi sevirdi. Deyirdim ki, Amin sən ya aktyor, ya da jurnalist ol. Gülərək cavab verirdi ki, ana, yaxşı. VIII sinfi bitirəndə gəlib dedi ki, ana, mən sənədlərimi hərbi liseyə verdim. Dedim ki, bəs mənə söz vermişdin? Dedi: “Ana müəllimimə söz vermişdim ki, mən hərbçi olacağam”. 
    Məktəbdə oxuduğu dövrdə “Cəsurlar”, “Şahinlər” hərbi-idman oyunlarında qardaşı ilə iştirak etdilər. Sonra onları Bakı şəhərinə göndərdilər. Həmin yarışda da Naxçıvanı təmsil edərək III yerə çıxdılar. Elə o vaxtdan  hərbiyə marağı daha da artdı.
     Hərbi liseyi bitirib Hərbi Akademiyaya daxil oldu. Dedim ki, Amin, sənin təyinatını bura – Naxçıvana istəyək. Cavab verdi ki, ana, yox, hara qismətimdirsə, orada da Vətənə xidmət edəcəyəm. Təyinatı Füzuliyə oldu. Orada xidmətə başladı. 
    Müharibə vaxtı danışırdıq. Deyirdim ki, Amin, özündən muğayat ol. Deyirdi ki, ana, narahat olma, mən arxadayam. Sən başını dik tut. Müharibə bitsin, səni buraya gətirəcəyəm. Amma oğlum mənə arxadayam dediyi vaxt səngərdə imiş. Mənimlə zarafat edirmiş. Deyirdi ki, səni səngərdə saxlayacağam. Sən mənim bir dənə anamsan.
    Müharibə başladı. İki gün sonra bacısının oğlu dünyaya gəldi. Zəng vurub dedi ki, yuxuda görmüşəm. Adını Əli qoyun. Biz də uşağın adını Əli qoyduq.
    Sonuncu dəfə noyabrın biri danışdıq. Mənimlə çox sevinə-sevinə danışdı. Dedi ki, ana, Şuşa görünür. Sayılı günlərimiz qalır. Darıxma, hər şey yaxşı olacaq. Gəlib evlənəcəyəm. Amma qismət olmadı. Aminim şəhid oldu. Aminim Vətən, Torpaq oldu!
 

Nəşr edilib : 02.02.2024 11:27