AZ EN RU

Haqqın var, Məmməd Araz, haqqın var yaşamağa!

    Azərbaycanın şeiriyyət ümmanından vətən müqəddəsliyi, xalq məhəbbəti, həqiqətpərəstliyi ilə əbədiyyən coşub şağlayası bir Araz axır qəlbimiziə, ruhumuza. Fitrəttən vətən sevgisi ilə yoğrulan bu haqq aşiqi çoxcəhətli və zəngin ədəbi irsi, sənətkarlıq qüdrəti ilə zamana meydan oxuyan, Vətən sevgisi, yurd təşnəliyi ilə bütün sədləri, sərhədləri aşaraq həmişəyaşarlıq qazanan böyük şairimiz Məmməd Arazdır. O,  hər sətri, hər misrası ilə vətən müqəddəsliyi, xalq sevgisi zərrəsi saçan sönməz Günəşdir, xalqa ilahi ərməğandır.

    Təsadüfi deyil ki, görkəmli şair Məmməd Araz müxtəlif vaxtlarda “Azərbaycan Respublikasının Əməkdar mədəniyyət işçisi”, “Azərbaycan Respublikasının Xalq şairi” fəxri adlarına, Dövlət mükafatına layiq görülmüş, “İstiqlal” ordeni ilə təltif olunmuşdur. Şairin yaradıcılığına verilən yüksək qiymətin, həyat və yaradıcılığının öyrənilməsinə göstərilən qayğının davamı kimi Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev milli ədəbiyyatın inkişafına mühüm töhfələr vermiş Xalq şairi Məmməd Arazın 80 illik yubileyinin keçirilməsi ilə bağlı 2013-cü il 27 sentyabr tarixli Sərəncam imzalamışdır. 

Məmməd Araz şeirləri yaddaşın özülüdür

Bu gün qəlbimizin hər duyğusunda, hər vurğusunda sözü tarix, andı Vətən, hər fikrin, hər ürəyin təzadlar adasına səyyah olan Məmməd Araz yaşayır. Hər təbiət, hər fəsil dəyişdikcə duman gəldikcə, tufan getdikcə, Günəş batdıqca, ay çıxdıqca ədəbiyyatımızdan Məmməd Araz boylanır. Məmməd Araz həmişə elinin nəfəsi olub, elindən qopan hər zərrə sevgini yığaraq əsərləşdi. O, ömrüboyu nə şöhrət, nə şan axtardı, həyatın səsini həyatda duydu, həyatdan yazdı. Həqiqəti dilə gətirib: dünyanın mənliyini, sənliyini və heç kimliyini vurğulayıb gerçəkliyi öz misraları ilə əbədi susdurdu. O təkcə ədəbiyyat səhifələrinə yazılan şeir deyil, başdan-ayağa ədəbiyyatdır, ədəbiyyatın oxudur, məhvəridir, çevrəsidir. Təkcə tarixin səhifələrinə hopan iz deyil, yaddaşın özüdür, özülüdür:

    Görüm bir necədir yerlərə hopub,
    Vətən torpağının şehinə dönmək.
    Kiçik bir qayanın döşündən qopub,
    Böyük bir dünyanın mehinə dönmək.

    Bütün vəznlərə sığan mənaların şairi Məmməd Araz təmənnasız insanların, sadə insanların şairi idi. Onun poeziyasında təkcə Vətən, təbiət, millət anlayışı yox, oxucu ürəyinin ən nazik qatına enib onları bədbinlikdən qoruyan müqəddəs bir nəsihət, hərarət artıran ümman vardı. O bir nağıl idi, bir dərəyə söykənən həyətin divarında. O bir ümman, nəhəng zülmət qalağıtək qaranlıqda seçilən zirvə idi.
    Ötüb keçən zaman bir göz qırpımında bizdən uzaqlaşdıqca Məmməd Araz dünyasının dərinliyi və qəlb oxşarlığı daha aydın görünür. Onun şeirləri aydınlıqdan, nurdan yoğrulmuşdu və nur qədər yaşayacaqdı. Bir gün Məmməd gedəcək, amma ürəklərə axan Araz daim yaşayacaq, nur saçacaqdı. Məmməd Araz xalqın ruhunu itməyə qoymayan sənətkardır. 

Vətən daşı olmayandan olmaz 
ölkə vətəndaşı

Ey daşlaşan, torpaqlaşan, qayalara öz daşınla, öz duzunla dibək olan, Azərbaycan torpağında Araz boyda şırım olan, sinələri qayasına yamaq edən, haqq yolunu ayağına dolaq edən, bayrağını Xəzər boyda bayraq edən Şəhriyar haraylı, Bəxtiyar haraylı Məmməd Araz! Xətainin ayağına at yolladın, Səttarxana heykəl yondun, Xudafərin həsrətinə bir dağ çəkdin. Şəhidlərin qəbri üstə yanan səsini yanan anladı, duyan duydu, bilən bidi sənin Vətən daşının hər zərrəsində “vətəndaş” olduğunu:

    Mən bilmirəm, hardan boy al, hara dırman,
    Mən bilmirəm, göyə ucal, yerə quylan,
    Babaların məzarını qoru, qardaş!
    Ataların vüqarını qoru, qardaş!
    Körpələrin yuxusunu qoru, qardaş!
    “Vətən ölməz” duyğusunu qoru, qardaş!
    “Hünər ölməz” nidasını qoru,
    Od yurdunun odasını qoru, qardaş!

O Vətəndən yazmadı, Vətən oldu

Ömrünün son çağlarında Murovdağın zirvəsinə qalxmaq Xəlil Rzaya qismət olmasa da, xəstəliyin, azar-bezarın acığına, elə lap əcəlin acığına Məmməd Araza nəsib oldu. “Qayalara yazılan səs” kitabını sinəsinə, ömür-gün yoldaşı Gülxanım xanımı qoluna keçirib sərt çovğunla, qar-boranla üz-üzə dayanan, Məmməd Araz sözünə, Məmməd Araz şeirinə ehtiyacı olan Vətən əsgərlərinin görüşünə getdi. O, Vətəndən yazmadı, Vətən oldu:

    Heç bir mükafatın yetmədi mənə, 
    Bircə “sağ olun” da bəsimdi, Vətən!
    Bəsimdi hər səhər təltif yerinə
    Qapımda küləyin əsibdi, Vətən!

    Bir vaxtlar şairin sinəsində həsrətə, qubara dönmüş Qarabağ yanğısı artıq onun ruhunu əsarətdən qurtarıb cəsarət rəmzinə çevirmişdir. El-oba qeyrətinin Vətənin dar günündə sınağa çəkildiyi bir zamanda “Yer üzünün Qarabağ düzü”, “Qarabağ simfoniyası” adlı yazılarında bu gözəl diyarın taleyinə öz münasibətini bildirmişdi. Şuşanın füsunkar təbiətinin vurğunu olan şair yazırdı:

    Gecənin qoynunda yanır dağ şəhər,
    Fəzadan asılı, çilçıraq şəhər.
    Dağlar öz ovcunda yandırıb onu,
    Ulduzlar qoynuna qaldırıb onu
    Bu dağlar vüqarı, bu dağlar gücü.
    Bu gecə kəşf etdim bir Şuşa bürcü,
    Bir Şuşa bürcü, tamaşa bürcü...

Qəlbi daim Naxçıvanla döyünən şair 

Xalq şairi ömrünün ən mənalı günlərinə ürəyinin bir parçası adlandırdığı, yayda Günəşi, qışda qarı çox olan, düşmənə aman verməyən sərt qayalar qoynunda Haçadağa, Nəhəcirə, ilmə-ilmə tarix yazmış Gəmiqayaya qucaq açmış Naxçıvandan baxaraq Məmməd Araz sənət zirvəsini “Dünya sənin, dünya mənim, dünya heç kimin” imzasıyla Nuh qayaların daş yaddaşına yazdırdı. Şairin yaradıcılığında daş obrazı daha rəngarəng olduğundan onun yaradıcılq dünyası bizə “Daş qayalar”ı xatırladır. Məmməd Araz yaradıcılığında Nursu kəndinin təbiətindən başlayan poetik təəssüratlar, kövrək notlar, həzin laylalar, sətiraltı misralarla Arazın tərənnümünün timsalında yüksək vətəndaşlıq ideyaları ilə tamamlanır. Şahbulaq yaylağı ətrafındakı yazı masasına bənzəyən sal daşlar Məmməd Arazın ilk şeir dəftərinin daşlaşmış səhifələrinə çevrilərək Məmməd Araz dünyasından baxır dünyaya:

    Mənim ürəyimin bir parçasıdır
    Doğma Şahbuzum da, Naxçıvanım da.

    Ana torpağı Naxçıvanın ürək qanından ruh alıb yazdığı misralar ilə heykəlləşən, dillərdə sözləşən yaradıcı şəxsdir Məmməd Araz. Naxçıvanın ilhamlı suyundan içən şairin şeirləri aşır, daşır, sərhəd tanımır, hüdud bilmir. Araz qədər təmkinli, Araz qədər coşqun, Araz qədər susqun şeirdir Məmməd Araz. Söz sənətimizdə ağır çəkisi olan ədib hər zaman el gücündən güc alaraq ədəbiyyatın ən uca dağlarını yıxaraq hər yerə səs saldı. Naxçıvanın ilhamlı təbiəti, sakit ruhu şairə yol açdı. Hərdən kəlmələrinin başını duman aldı, çən aldı, hərdən yağış aldı, qar aldı, fəqət sonda eşq adlı şeir yolu aldı. Eşq adlı şeir yolunda sevda yolçusu olan şair sevgiylə yaşadı, sevgiylə yaratdı. Ona görə indi məhz M.Arazı sevgi ilə dilə gətirir, dərin hisslər ilə anırıq. 

Haqqın var, Məmməd Araz, 
haqqın var yaşamağa!

Məmməd Araz ürəksiz başlardan, başsız ürəklərdən uzaq olub, ən gözəl əsərləri yaratdı, bizimlə yaşatdı. Məmməd Araz dağları, daşları, çəmənləri yığıb ədəbiyyatımızda Araz təbiəti yaratdı. Artıq biz o təbiətin axarından çıxa bilmirik, bu dünya, təbiət var olduqca şair təbiətin hər parçasında bizimlə yaşayıb, nəfəs alaraq, ruhumuzu dindirəcək:

    Çox tozanaq atlını təmkin atınla keçdin, 
    Sel boğan dərələri bir mərd qadınla keçdin.
    Bütün keçilməzliyi, Vətən, adınla keçdim...
    Haqqın var, Məmməd Araz,
    Haqqın var yaşamağa!

 Fariz ƏHMƏDOV 

Nəşr edilib : 13.10.2023 21:30