AZ EN RU

Haqq səsinin ucaldığı unudulmazlıq minarəsi...

    Dayanmışam “Vətən üçün ölüm haqdır”, – deyərək tankın, topun qabağına məğrurcasına yeriyən yurd, torpaq sevdalı oğulları, ah-naləsi dağları dəlsə də, mənəviyyatsız namərdin nifrət buzuna çevrilən xain ürəyini isitməyən, hiyləni kömək bilən, ölüm borusunu sığınacaq sanan məsum duyğulu körpələri, ağlasığmaz işgəncə qarşısında son anadək iffətini qoruyan, gözünü qırpmadan ölümü şərəfinə qurban verən  ismətli ana-bacıları, naəlac, biçarə baxışları övladına dikilən qürurlu, vüqarlı ataları yad etmək üçün hər il üz tutduğumuz xatirə kompleksi önündə. 

    Bir qədər yuxarıda, şəhərimizin ən əzəmətli guşəsində qərarlaşan Dövlət Bayrağı Meydanında qürurla dalğalanan zəfər məramlı üçrəngli bayrağımızı seyr edə-edə qanlı 26 fevral günü ilə bağlı izlədiyim sənədli filmlərin dəhşət qoxan kadrları, hadisə barədə yaşlı insanların saatlarla bitmək bilməyən qəhərli söhbətləri, Böyük Zəfərə aparan mübarizə yolumuzun keşməkeşli anları bir - bir sıralanır yaddaşımda. Bəli, düz 31 il ötür 613 nəfərin öldürüldüyü, 487-nin şikəst olduğu, 1275 dinc sakinin əsir götürülərək ağlasığmaz zülmə, işgəncəyə məruz qaldığı, 150 nəfərin taleyin naməlum səhifəsinə yuvarlandığı, bütün dünyanın haqsızlığa, ədalətsizliyə göz yumduğu o müdhiş faciədən. Heç bir yazıçının, jurnalistin tam mənada ifadə edə, incəsənət xadiminin, kinorejissorun dolğun şəkildə canlandıra bilmədiyi dəhşət dolu bir hadisə, kəlmələrin kifayətsiz, cümlələrin yetərsiz qaldığı, kitablara sığmayan bir məqamsan, ey 31 yaşlı tarix dərsi, unudulmazlıq minarəsi...
    Canımızda cövlan edən qeyrət dolu qan Xocalım! Əbəs yerə demirlər ki, arxalı köpək qurd basar. Bəli, maddi-mənəvi zənginliyindən gözləri qamaşan, hər vəchlə var-dövlətinə sahiblənməyə çalışan fitnəkar düşmən də məhz öz arxasına güvənərək, səni kimsəsiz, köməksiz görüb özündə cürət tapdı üstünə yeriməyə. Yoxsa, əsla bacarmazdı səni bizdən qoparmağı. Bağrının al qana boyandığı o gündən hər ötən an nifrət dolu hayqırtımız, əsasən, düşmənə olsa da, səni dar məqamda arxasız buraxan, köməyinə, imdadına yetişməyən ürəyini vəzifə eşqi istila edən, millətin taleyi ilə oynayan içimizdəki naşı rəhbərlərin çirkin hərəkətlərini də unutmadıq, layiq olduqları yeri göstərdik onlara. “Xocalı faciəsi bir tərəfdən hər bir Xocalı sakininin öz torpağına, millətinə, Vətəninə sədaqətliliyinin nümunəsidir. İkinci tərəfdən də Ermənistanın millətçi, vəhşi qüvvələri tərəfindən Azərbaycana qarşı edilən soyqırımıdır – vəhşiliyin görünməmiş bir təzahürüdür” – deyən Ümummilli Liderimiz Heydər Əliyev faciənə ən dəqiq siyasi-hüquqi qiyməti verməklə ürəyimizdəki ümid şöləsini, inam işığını yandırdı, dahi şəxsiyyətin təməlini qoyduğu nicat yoluna sədaqət andıyla bir an belə usanmadan, yorulmadan apardıq bütün cəbhələrdə mübarizəmizi, “Xocalıya ədalət!” şüarı dastan oldu dilimizdə, qəlbimizdə. Ötən 31 ilin hər gününü var qüvvəmizlə çalışdıq köksünə vurulan sağalmaz yaranın qaysağının qopmaması naminə, haqqına baiskar olan cəlladların layiqli cəzasına çatmaları üçün. Xüsusi amansızlıqla qətlə yetirilən övladlarının, misilsiz vəhşiliklə diri-diri yandırılmış, başları kəsilmiş, üzlərinin dərisi soyulmuş, gözləri çıxarılmış körpə uşaqların, bədəni süngü ilə deşik-deşik edilmiş hamilə qadınların fəryad qoparan, dəhşət saçan fraqmentlərinə baxdıqca nə qəhər dolu nitqimizə hakim kəsilmək mümkün idi, nə də qəzəbdən düyünlənən yumruqlarımıza, hədəqədən çıxan gözlərimizə, qıcanan dişlərimizə. Yeganə istəyimiz isə Ali Baş Komandanımızın hücum əmrini verməsi və işğala məruz qalan bütün torpaqlarımızı azad etmək, Vətən uğrunda qanlar tökən həmvətənlərimizin qisasını layiqincə almaq idi...
    Ümummilli Liderimizin çox qiymətli bir kəlamı bütün dönəmlərdə olduğu kimi yenə təcəlla etdi: “Tarix həmişə hər şeyi öz yerinə qoyur”. Bəli, tarix bir az yubatsa da, gec-tez kimin kim, nəyin nə olduğunu göstərdi, yerindən qopan bütün daşları yerinə oturtdu... Əziz Xocalım, uzaqdan-uzağa şahidi oldun ki, dəyişən zamanla dahi rəhbərin yoluna sədaqət sayəsində ölkəmizin həyatında da dəyişikliklər yarandı, qüdrətli dövlətə, yenilməz orduya sahib olduq, uzaqgörən siyasət nəticəsində tarix bizi zirvəyə apararkən özü qazdığı quyuya saldı nankor düşmənimizi. Vaxt ötdü, vədə yetişdi, Ali Baş Komandanın əmrinə müntəzir Azərbaycan əsgəri döyüş meydanında dedi öz sözünü, 2020-ci ilin sentyabrın 27-dən etibarən 44 günə son qoydu xalqımızın qəlbində illərdir, alışıb-yanan torpaq, yurd həsrətinə, alındı qurban gedən canların, tökülən qanların qisası. Ali Baş Komandanın “Dəmir yumruğ”u, birliyimiz, bərabərliyimiz, vətənpərvər oğullarımız sayəsində qovuşduq əzəli torpaqlarımıza əbədi olaraq. Zəfər, qələbə rayihəsinə büründü el-obamız, qış ömrünə bahar gəldi, pərvazlandı xarıbülbül, igid oğullar oylağına çevrildi, ismətli qızları qoynuna mehman eylədi sinəsi al-əlvan gül-çiçəklə bəzənən Cıdır düzü, pərişan ruhları hüzur tapdı Üzeyir, Bülbül, Vaqif, xan qızı Natəvan kimi mənəviyyat xəzinələrimizin, gavur girdabından qurtuldu, naqis əməllərdən xilas oldu tarixi abidələrimiz, mədəni irsimiz, milli dəyərlərimiz...
    Və bu gün artıq qalib ölkə, müzəffər xalq şöhrətini daşıyırıq, öyünürük digər millətlər arasında, əvvəlki kimi gözümüz yerə dikilmir, başımız dik şəkildə gedirik Vətən övladlarının məzarları önünə, böyük qürur hissi ilə yad edirik şəhidlərimizin əziz xatirəsini. Daha övladlarımızın yanında Qarabağ adı gələndə ürəyimiz dağlana-dağlana, sıxıla-sıxıla torpaqlarımızı itirməkdən deyil, qalib xalqın nümayəndəsi kimi böyük şəstlə qazandığımız misilsiz qələbədən bəhs edir, qəhrəman oğullarımızın döyüş yolundan, vətənpərvərlik nümunələrindən söhbət açır, Ali Baş Komandanımızın “Qarabağ Azərbaycandır!” qətiyyətinin mahiyyətini aşılamağa çalışırıq uşaqlara. Düşünəndə ki, xalqımızın, millətimizin həllivacib qürur, heysiyyət məsələsini həll etməyi deyil, bütöv, qüdrətli Azərbaycanı gələcəyimiz olan övladlarımıza ərməğan edəcəyik, – bax o zaman daha böyük fəxarət hissi ilə qabarır köksümüz, qürurla etizaza gəlir ruhumuz...
    Vəsiyyəti böyük siyasi iradə, sarsılmaz qətiyyətlə yerinə yetirilən Ümummilli Liderimizin arzuları çindir bu gün: “İnanıram ki, Azərbaycanın dövlət müstəqilliyinin daha da möhkəmlənməsi, sərhədlərinin toxunulmazlığının və ərazi bütövlüyünün təmin edilməsi Xocalı şəhidlərinə və xalqımızın bütün qəhrəman övladlarına ucaldılan möhtəşəm abidə olacaqdır”. Can Xocalım, uğrunda can verib, qan tökən qəhrəman övladlarının ruhu şaddır artıq, onlar üçün 44 günlük Vətən müharibəsi ilə ucaldılan o möhtəşəm abidə gün ötdükcə daha da əzəmətli görkəm alacaq, şübhəsiz. Ölkə Prezidentinin Xocalı soyqırımının 30 illiyi ilə bağlı 2022-ci il 28 yanvar tarixli Sərəncamı da bir daha göstərdi ki, xalqımız, dövlətimiz aradan nə qədər zaman ötsə də, o misilsiz faciəni hər zaman xatırlayacaq, xatırladacaq, heç bir zaman yaddaşımızdan silinməyəcək haqq səsimizin ucaldığı unudulmazlıq minarəmiz olaraq qalacaqsan, Əziz Xocalım...

 Nail ƏSGƏROV

Nəşr edilib : 23.02.2023 20:40