AZ EN RU

Haqq nazilər, amma üzülməz

Gəlin açıq danışaq

    Bir aydır ki, hara gedirəmsə, insanlar öz dərdlərini dilə gətirir, bizim də problemimizi yazın, – deyirlər. Çox düşündüm, çox araşdırdım və üç il bundan öncə bəzi kiçik sahibkarların, dərzi, bərbər və digər iş sahiblərinin başına açılan oyunu qələmə almağa qərar verdim. Məlum pandemiya dövründə dövlətimizin insanlara göstərdiyi maddi yardım mənimsənildiyi üçün bəzi sahibkar­lar narazı olsalar da, o vaxt bunu dilə gətirə bilməyiblər. Çünkisini onlardan bir neçəsi ilə müzakirə etdik. 
    Vüqar İsmayılov 32 ildir,   Naxçıvan şəhərində kiçik bir mağazada dərzilik edərək ailəsini dolandırır. Gözünün nuru ilə çörəkpulu qazanan bu insan muxtar respublikada baş verən son hadisələrdən sonra dərdini bizə danışır: “2020-ci ildə koronavirus pandemiyası ilə əlaqədar karantin rejimi elan edildiyi üçün işə çıxa bilmirdik. Prezidentimiz həmişəki kimi insanların qeydinə qalmış, müvəqqəti işləyə bilməyən sahibkarlara maddi yardım verilməsi haqqında Sərəncam imzalamışdı. Həmin maddi yardımı almaq üçün banklara üz tutanda bizdən bu məbləğin Naxçıvanda yeni yaradılan Koronavirusla Mübarizəyə Dəstək Fonduna könüllü verməyimiz barədə ərizəni imzalamağımızı tələb etdilər. Mən də bundan imtina etdim. Lakin sabahı gün Naxçıvan Şəhər Vergi İdarəsinin adını bilmədiyim bir neçə işçisi işlədiyim dərzi sexinə gələrək həmin sənədə qol çəkməyəcəyim təqdirdə iş yerimi bağlayacaqlarını bildirdi. Məcbur qalıb 300 manata yaxın maddi yardımdan imtina edib, onu fonda bağışlamağım haqqında sənədə qol çəkdim. Biz bu dövlətin vətəndaşıyıq və lazım gəlsə, Vətən üçün canımızı da, varımızı da verməyə hazırıq. Amma başımıza açılan bu fitnə-fəsad, bizdən zorla alınan pullar dövlətin bizə ayırdığı yardım və onun bizdən zorla alınması qanunazidd idi, kaş ki, həqiqətən də, elə həmin vəsait koronavirula mübarizəyə sərf olunası idi. Həmin vaxt təhdid olunduğumuz üçün heç kimə şikayət edə bilmədik. Sözün açığı, kimdən kimə şikayət edərdik? Artıq bir aydır ki, cənab Prezidentin rəhbərliyi ilə muxtar respublikamızda həyata keçirilən islahatlar, insanların hüquqlarının bərpa olunması, problemlərinin aradan qaldırılması istiqamətində görülən işlər bir daha deməyə əsas verir ki, haqq-ədalət gec də olsa, öz yerini tapır. Biz də məhz bu fikrə əsaslanaraq Azərbaycan Respublikası Dövlət Təhlükəsizlik Xidmətinin Naxçıvan Baş İdarəsinə qarşılaşdığımız problemlə bağlı müraciət etmişik, ümid edirik ki, nəticəsini tezliklə görəcəyik”. 
    Digər müsahibim, qadın gözəllik ustası olan Fəxriyyə Novruzova da eyni problemlə qarşılaşıb həmin dövrdə. Deyir ki, biz də zəhmət çəkir, halal ruzimizi qazanıb evimizə çörək aparırıq. Həmişə müəyyən qadağalara rast gəlmişdik, 2020-ci ildə qarşılaşdığımız qanunsuzluq isə heç bir çərçivəyə sığışmır. Amma qorxu içində olduğumuz üçün heç birimiz səsimizi çıxara bilmədik. Artıq bir ay olar ki, ölkə başçısının iradəsi ilə muxtar respublikada xeyli islahat aparılıb, çox haqqı mənimsənilən insanların dərdinə çarə tapılıb. Bizim də ümidimiz onadır ki, haqqımızı mənimsəyənlərin cəzası verilsin. 
    Müsahiblərimin siyahısını uzada bilərdim, amma həm hörmətli oxucularımızı yormaq istəmədim, həm də bir çox sahibkarın canındakı qorxu hələ də çıxmadığı üçün adlarının çəkilməsini istəmədilər. İki şəxsin dilə gətirdiyi bu oyunlar həmin günlərdə çox sahibkarın başına gətirilib. Amma heç kim səsini çıxara bilməyib. Çünki kimsə özü ilə bərabər, ailəsinə də problem yaranmasını istəməyib. Sanki repressiya illərindəki kimi bir ailənin bir üzvü başına gələn problemi dövlət başçısına çatdırmaq istəyəndə həmin evin bütün üzvləri “vurulurdu”. Bəli, biz naxçıvanlılar əsrlərboyu bir çox çətinliklərə sinə gərmişik, düşmənə, aclığa baş əyməmişik, amma təəssüflər olsun ki, bir çox istismarlara dözməli olmuşuq. Nəhayət, uzun illərdən sonra ədalətin zəfər çalmasını öz gözlərimizlə görüb, dövlətə daha yüksək etimadla, nikbin ruhla yaşayıb-yaratmağa həvəslənmişik.

 Ramiyyə ƏKBƏROVA 

Nəşr edilib : 26.01.2023 19:21