AZ EN RU

Haqq nazilər, amma üzülməz

Bir aydır ki, hara gedirəmsə insanlar öz dərdlərini dilə gətirir, bizim də problemimizi yazın deyirlər. Çox düşündüm, çox araşdırdım və sonda iki il bundan öncə bəzi kiçik sahibkarların, dərzi, bərbər və digər iş sahiblərinin başına açılan oyunu qələmə almağa qərar verdim. Məlum pandemiya dövründə dövlətimizin insanlara göstərdiyi maddi yardım mənimsənildiyi üçün sahibkarlar narazı olsalar da, o vaxt bunu dilə gətirə bilməyiblər. Çünkisini onlardan bir neçəsi ilə müzakirə etdik. 32 ildir, dərzi Vüqar İsmayılov kiçik bir mağazada dərzilik edərək ailəsini dolandırır. Gözünün nuru ilə çörəkpulu qazanan bu insan muxtar respublikada baş verən son hadisələrdən sonra dərdini bizə danışır: “2021-ci ildə koronavirus pandemiyası ilə əlaqədar karantin rejimi elan edildiyi üçün işə çıxa bilmirdik. Prezidentimiz həmişəki kimi insanların qeydinə qalmış, müvəqqəti işləyə bilməyən sahibkarlara, işsiz sakinlərə maddi yardım verilməsi haqqında Sərəncam imzalamışdı. Həmin maddi yardımı almaq üçün banklara üz tutanda bizdən bu məbləğin Naxçıvanda yeni yaradılan Koronavirusla Mübarizəyə Dəstək Fonduna könüllü verməyimiz barədə ərizəni imzalamağımızı tələb etdilər. Mən də bundan imtina edim. Lakin sabahı gün Naxçıvan Şəhər Vergi İdarəsinin adını bilmədiyim bir neçə işçisi işlədiyim dərzi sexinə gələrək həmin sənədə qol çəkməyəcəyim tədqirdə iş yerimi bağlayacaqılarını bildirdilər. Məcbur qalıb 300 manata yaxın maddi yardımdan öz xoşumla imtina edib, onu fonda bağışlamağım haqqında sənədə qol çəkdim. Biz bu dövlətin vətəndaşıyıq və lazım gəlsə Vətən üçün canımızı da, varımızı da verməyə hazırıq. Amma bu başımıza açılan fitnə-fəsad, bizdən zorla alınan pullar dövlətin bizə ayırdığı yardım və onun bizdən zorla alınması qanunazidd idi, amma həmin vaxt təhdid edildiyimiz üçün heç kimə şikayət edə bilmədik. Sözün açığı, kimdən-kimə şikayət edərdik? Artıq bir aydır ki, cənab Prezidentin rəhbərliyi ilə muxtar respublikamızda həyata keçirilən islahatlar, insanların hüquqlarının bərpa olunması, problemlərinin aradan qaldırılması istiqamətində görülən işlər bir daha deməyə əsas verir ki, haqq-ədalət gec də olsa öz yerini tapır. Biz də məhz bu fikrə əsaslanaraq Azərbaycan Respublikası Dövlət Təhlükəsizlik Xidmətinin Naxçıvan Baş İdarəsinə qarşılaşdığımız problemlə bağlı müraciət etmişik, ümid edirik ki, nəticəsini tezliklə görəcəyik”.

Digər müsahibim, qadın gözəllik salonunda qadın gözəllik ustası olan Fəxriyyə Novruzova də eyni problemlə qarşılaşıb həmin dövrdə. Deyir ki, biz də zəhmət çəkir, halal ruzimizi qazanıb evimizə çörək aparırıq. Həmişə müəyyən qadağalara rast gəlmişdik, amma 2020-ci ildə qarşılaşdığımız qanunsuzluq heç bir cümləyə sığışmır. Amma qorxu içində olduğumuz üçün heç birimiz səsimizi çıxara bilmədik. Artıq bir aydan çoxdur ki, ölkə başçısının iradəsi ilə muxtar respublikada xeyli islahat aparılıb, çox haqqı mənimsənilən insanların dərdinə çarə tapılıb. Bizim də ümidimiz onadır ki, haqqımızı mənimsəyənlərin cəzası verilsin.

Müsahiblərimin siyahısını daha çox uzada bilərdim, amma həm hörmətli oxucularımızı yormaq istəmədim, həm də bir çox sahibkarın canındakı qorxu hələ çıxmadığı üçün adlarının çəkilməyini istəmədilər. İki şəxsin dilə gətirdiyi bu problem həmin günlərdə çox sahibkarın başına gəlib. Amma heç kim səsini çıxara bilməyib. Çünki kimsə özü ilə bərabər ailəsinə də problem yaranmasını istəməyib. Belə ki, biz sanki repressiya illərindəki kimi yaşayırdıq. Bir ailənin bir üzvü başına gələn problemi dövlət başçısına çatdırmaq istəyəndə həmin evin bütün iş sahibi olan üzvləri vurulurdu. Bəli, biz naxçıvanlılar əsrlərboyu bir çox çətinliklərə sinə gərmişik düşmənə, aclığa baş əyməmişik, amma, təəssüflər olsun ki, bir çox istismarlara dözməli olmuşuq. Nəhayət, uzun illərdən sonra ədalətin zəfər çalmasını öz gözlərimizlə görüb, dövlətə daha yüksək etimadla, nikbin ruhla yaşayıb-yaratmağa həvəslənmişik.

Ramiyyə ƏKBƏROVA

Nəşr edilib : 26.01.2023 11:19