AZ EN RU

Haqq-ədalət bizim tərəfimizdədir

Bu torpaqların sahibləri bizik

      Ötən həftəsonu Azərbaycan özünün ilk və olduqca əhəmiyyətli, yaddaqalan tarixlərindən birini qeyd etdi. Ölkə başçısının 2023-cü il 31 iyul tarixli “Azərbaycan Respublikasının işğaldan azad edilmiş əraziləri üzrə şəhər günlərinin təsis edilməsi haqqında” Sərəncamı ilə işğaldan azad olunmuş şəhərlərin hər biri üçün ayrılıqda təsis olunan “Şəhər günləri”nin birincisi – 26 avqust – Laçın Şəhəri Günü qeyd edildi. Bu əlamətdar tarix münasibətilə ölkə başçısı cənab İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın Kəlbəcər və Laçın rayonlarına səfərləri, burada bir sıra sosial obyektlərin, mədəniyyət və istehsal müəssisələrinin açılışlarında iştirak etmələri, Laçında məskunlaşmış sakinlərlə görüşmələri olduqca mühüm hadisədir. Xüsusilə hazırkı vəziyyətdə – Ermənistanın Laçın sərhəd-buraxılış məntəqəsində “TIR şousu” göstərib inadla Laçın-Xankəndi yolundan istifadə etməyə çalışması və dünyanın gözündə yenidən “əzabkeş xalq”, Xankəndidə yaşayan ermənilərin guya “humanitar fəlakət” yaşaması və yardıma ehtiyac duymaları kimi absurd iddiaların fonunda bu səfər çərçivəsində ölkə başçısı tərəfindən verilən mesajlar olduqca tarixi əhəmiyyət daşıyır. 

    2022-ci il avqustun 26-da Laçın şəhəri, Zabux və Sus kəndlərinin Azərbaycan Ordusu tərəfindən nəzarətə götürülməsi, Laçının işğaldan azad edilməsi Azərbaycanın hərbi və diplomatik qələbəsi idi. Prezident  cənab İlham Əliyev bu il mayın 28-də Laçına növbəti səfəri zamanı aparılan quruculuq işlərindən bəhs edərkən demişdir: “Biz öz doğma torpaqlarımızı işğalçılardan azad edəndən sonra mən demişdim ki, Qarabağı və Şərqi Zəngəzuru cənnətə çevirəcəyik. Cənnətin əgər təsviri varsa, bu gün bax budur”.
    Ötən həftə, avqustun 26-da Azərbaycan Prezidentinin Laçın Şəhəri Günündə çıxışı zamanı səsləndirdiyi: “Bu gün isə biz bütün dünyaya sübut etmişik ki, heç kim bizim iradəmizə təsir edə bilməz. Bunu biz müharibə dövründə göstərmişik, 44 gün ərzində ancaq və ancaq irəli gedərək, düşməni məhv edərək, bayrağımızı qaldıraraq göstərmişik” fikirləri ilə qələbəyə gedən yolu, bu istiqamətdəki qətiyyətli iradəni və bundan sonrakı proseslərdə Azərbaycana qarşı hansısa bir təsiretmə mexanizmindən istifadə etmək iddiasında olanlara qarşı sərt mövqeyini bir daha xatırladıb. “Müharibədən sonra keçən 3 ilə yaxın müddətdə də bunu sübut etməyə məcburuq. Çünki bizə qarşı aparılan kampaniya, çirkin təbliğat bizim iradəmizə təsir edə bilməz, bizi yolumuzdan döndərə bilməz”. 
    Digər tərəfdən, son vaxtlarda baş verən qlobal proseslər kontekstində Moskvanın Zəngəzur dəhlizindən keçəcək marşruta ehtiyacı getdikcə artmaqdadır. “Moskva Cənubi Qafqazda Rusiya, Ermənistan və Azərbaycan liderləri arasında razılaşmalara uyğun olaraq nəqliyyat-kommunikasiya əlaqələrinin açılmasının tərəfdarıdır”. Bunu isə Rusiyanın baş naziri Mixail Mişustin Ermənistan baş naziri Nikol Paşinyanla görüşü zamanı deyib. “Mən əminəm ki, yeni infrastruktur marşrutlarının yaradılması sabit iqtisadi əməkdaşlığı, regionun inkişafını təmin edəcək və burada yaşayan insanlar arasında əlaqələri gücləndirəcək”, – deyə Mişustin əlavə edib. 
    Qeyd edək ki, mart ayında Mos­kvada baş nazirlərin müavinlərinin iştirakı ilə Üçtərəfli İşçi Qrupunun 12-ci iclasında Arazdəyən-Culfa-Ordubad-Mehri-Horadiz marşrutu üzrə dəmir yolu əlaqəsinin bərpası və təşkili üzrə konkret addımların həyata keçirilməsi ilə bağlı ümumi anlaşma əldə olunub. Məlumdur ki, Rusiyanın Yuxarı Lars yolundan başqa Ermənistana alternativ yolu yoxdur. Bu yolda isə dəmir yolu xətti də olmadığına görə əlverişsiz hava şəraitində, xüsusilə payız-qış aylarında Yuxarı Lars yolu bağlanır. Bu problemlər Rusiyanı Zəngəzur yolunun açılmasına dəstək göstərməyə vadar edir. 
    Bundan başqa, Bakı-Tiflis-Qars dəmir yolunu nəzərə almasaq, rusların Azərbaycan üzərindən Türkiyəyə, oradan da Avropaya və digər istiqamətlərdə yük göndərməsi asanlaşacaq. Ona görə də artıq siyasi oyunbazlıq zamanı deyil, Azərbaycanın tələbləri ilə bağlı konkret addımlar atmaq lazımdır. Bu isə ölkə başçısının diplomatiya zəminində və siyasi gedişlərlə qazanmış olduğu daha bir möhtəşəm qələbənin astanasında olduğumuzu göstərir.
    Prezident cənab İlham Əliyev Laçın şəhərindəki çıxışında daha bir məsələyə diqqət çəkərək qeyd etdi: “Bildiyiniz kimi, burada Ermənistan dövləti hərbi cinayət törədərək qanunsuz məskunlaşma aparırdı. Xüsusilə xarici ölkələrdən, Yaxın Şərqdən erməniləri buraya dəvət edib onları bizim, azərbaycanlıların evlərində yerləşdirmişdi. Bu, bir daha demək istəyirəm ki, hərbi cinayətdir. Əfsuslar olsun ki, beynəlxalq təşkilatlar, Ermənistanın havadarları buna göz yumurdular. Bu onlar üçün məqbul idi. Çünki Ermənistan dövləti kimi, Ermənistanın xaricdəki havadarları da hesab edirdilər ki, bu torpaqlar əbədi işğal altında qalmalıdır. Bizim iradəmiz, bizim gücümüz, bizim yumruğumuz onların da başına dəydi. Çünki bizim torpağımızda ikinci Ermənistan, ikinci erməni dövlətinin yaradılması təkcə Ermənistan rəhbərliyinin məhsulu deyildi”.
    Bu aspektdən yanaşdıqda erməni faktorundan uzun əsrlərboyu öz mənfəəti üçün kifayət qədər istifadə edən, onları əlində oyuncağa çevirərək oyuncaq dövlət, oyuncaq xalq amilindən geninə-boluna yararlanan şimal qonşumuz üçün də vəziyyət o qədər ürəkaçan deyil. Xüsusilə Azərbaycanın öz torpaqlarını işğaldan azad etməsi, qeyri-qanuni məskunlaşmanın qarşısını alması və beynəlxalq hüququ silah gücünə təmin etməyə məcbur qalması fonunda “Dəmir yumruq” gücünə, diplomatiyanın iradəsinə Cənubi Qafqaz reallığı da kifayət qədər dəyişilib Azərbaycanın xeyrinə.
    Eyni zamanda bir ildən çoxdur ki, davam edən Ukrayna ilə müharibədən sonra Rusiya Cənubi Qafqazda mövqelərini tamamilə itirmək təhlükəsi ilə üzləşib. Bu isə Rusiyanın yüz illərdir, yürütdüyü Cənubi Qafqaz siyasətinin fiaskosu demək ola bilər. Ruslar bütün dünyada təkləndikləri və hər şeyin onların ziyanına dəyişdiyi bir dönəmdə bunun fərqindədirlər. Ona görə də Azərbaycanın haqlı mövqeyini qəbul etmək məcburiyyətindədirlər. Nəqliyyat-kommunikasiya xətlərinin açılması indi daha çox Qərbin sanksiyaları altında boğulan Rusiya üçün hava və su kimi lazımdır. Bir sözlə, Zəngəzur dəhlizi tezliklə açılması mütləqdir və bu Azərbaycan diplomatiyasının növbəti qələbəsi olacaqdır.
    Prezident cənab İlham Əliyevin: “Bildiyiniz kimi, bu il aprelin 23-də Laçın rayonunda, Azərbaycan-Ermənistan sərhədində sərhəd-buraxılış məntəqəsi qoyulmuşdur. Bir daha iradə, cəsarət, öz gücünə əminlik nümayiş etdirərək biz bunu etdik. Nə qədər bizə təzyiqlər oldu, nə qədər hədə-qorxular oldu. Bu gün də davam edir, bu gün də müxtəlif beynəlxalq təşkilatlar çərçivəsində Ermənistan və onun arxasında dayananlar bizə qarşı müxtəlif fitnələr ortaya atırlar. Heç bir şey bizi yolumuzdan döndərə bilməz. 23 aprel bizim ərazi bütövlüyümüzün tam bərpası deməkdir. Sərhəd-buraxılış məntəqəsinin qurulması ərazi bütövlüyümüzün tam bərpası deməkdir və bunu biz beynəlxalq hüquq çərçivəsində etdik, biz öz ərazimizi qoruyuruq, öz sərhədlərimizi qoruyuruq və qoruyacağıq” sözləri sərhəd-buraxılış məntəqəsi haqqında, Azərbaycanın siyasi-diplomatik gücü haqqında beynəlxalq müstəvidə formalaşdırılmağa çalışan mənfi imicə qarşı növbəti yumruq zərbəsi kimi dəyərləndirilməlidir. 
    Digər tərəfdən, ermənilərin Laçın sərhəd-buraxılış məntəqəsi qarşısındakı “TIR şousu”na bu dəfə fransızlar da qoşulub. Fransa Erməni Təşkilatları İttifaqının “xahişi ilə” Paris meri Fransanın regional icmalarını Qarabağa “humanitar karvan” təşkil etməyə çağırmaq təşəbbüsü ilə çıxış edib. “Layihə” Fransanın çoxsaylı şəhərləri tərəfindən maliyyələşdirilir. Avqustun 30-da günorta saatlarında Laçın, yoluna çatmalı olan karvan indi deyilənə görə, sentyabrın 30-da Laçın sərhəd-buraxılış məntəqəsində olacaq. İttifaqın rəhbəri Papazyan Fransa və Avropa hakimiyyət orqanlarından “zəruri məhsullar” olan 10 yük maşınının Azərbaycan sərhəd-keçid məntəqəsindən keçib, təyinat yerinə çatması üçün xüsusi diplomatik vasitələrdən istifadə etməyi “xahiş edib”. 
    Laçın Şəhəri Günündə Prezident cənab İlham Əliyevin çıxışında səsləndirdiyi: “Haqq-ədalət bizim tərəfimizdədir, beynəlxalq hüquq bizim tərəfimizdədir, biz heç kimdən qorxmuruq və bunu göstərmişik, həm döyüş meydanında, həm siyasi müstəvidə. Ermənistanın havadarları bunu nə qədər tez anlasalar, o qədər də Ermənistan üçün yaxşı olacaq və bölgə üçün yaxşı olacaq” fikirlər isə bu kontekstdə kifayət qədər aydın mesajlar verir. 
    Baş verən hadisələr zəminində proseslərin gedişatına nəzər saldıqda ölkə başçısının siyasi və diplomatiya müstəvisində uğurlu gedişləri və qazandığı qələbələr erməniləri daha çox qorxudur. Erməni hökumətinin iclasında “sülh gündəminə sadiq qalaraq sülh müqaviləsi ilə bağlı Ermənistanın yeni təklifləri”ni Azərbaycana təqdim etdiyini deyən Paşinyan bu yeni təkliflərin nədən ibarət olduğunu və yeni təkliflərin Azərbaycanın rədd etdiyi köhnə təkliflərdən nə ilə fərqləndiyini, Ermənistanın niyə Azərbaycan üçün daha məqbul ola biləcək yeni təkliflərlə çıxış etməyə məcbur olduğunu açıqlamasa da, erməni ictimaiyyəti bu mövzudan kifayət qədər narahatdır. Erməni ekspert Avetis Babacanyan yazıb: “Azərbaycan bəyan edir ki, 1920-ci ildə Zəngəzur Azərbaycandan qoparılaraq Ermənistana birləşdirilib, nəticədə, Azərbaycan ərazisi iki yerə bölünüb, Naxçıvan Azərbaycanın qalan hissəsindən ayrılıb; onlar bildirirlər ki, pozulmuş tarixi ədaləti bərpa edəcəklər: Əliyev 1920-də pozulan ədaləti bərpa edir”.
    Prezident cənab İlham Əliyev Laçın Şəhəri Günü bayram tədbirindəki çıxışında “Bütün Azərbaycan vətəndaşları, dünya azərbaycanlıları qürur hissi yaşayırlar ki, biz tarixi Zəfər çalaraq bütün dünyaya Azərbaycan xalqının gücünü, iradəsini göstərdik və öz doğma torpağımıza qan tökərək qayıtmışıq. Bizim başqa ölkələrin torpağında gözümüz yoxdur, ancaq öz torpağımızı biz heç kimə verən də deyilik. Bu məsələ ilə bağlı hələ işğal dövründə dəfələrlə mən Azərbaycan dövlətinin mövqeyini ifadə edərək deyirdim ki, heç vaxt Azərbaycan xalqı işğalla barışmayacaq, nəyin bahasına olursa-olsun, öz doğma torpaqlarına qayıdacaqdır və belə də oldu” fikirlərini təkrar dilə gətirərək bu perspektivdən Azərbaycan xalqının haqlı mübarizəsini, dövlətin güc və qüdrətini bir daha bəyan etməklə yanaşı, eyni zamanda işğalçı dövlətə öz yerini çox aydın və dəqiq şəkildə göstərdi.
    “Xatırlayıram, 50 yaşım tamam olanda mən laçınlılarla Qarabağda, Qarabağın Ağcabədi rayonunda, Taxtakörpü qəsəbəsində görüşmüşdüm və onlara demişdim ki, – yeni köçkün şəhərciyi açılırdı, – dövlət sizi daha yaxşı şəraitlə təmin edir, ancaq torpaqlarımız azad olunandan sonra sizin üçün Laçında daha gözəl şərait yaradacağıq və belə də oldu. Əlli yaşımı Ağcabədidə laçınlılarla qeyd etmişəm, 60 yaşımı Şuşada qeyd etmişəm, Cıdır düzündə, bu gün də Laçın Şəhəri Günündə sizinlə birlikdə bu bayram tədbirlərində iştirak edirəm. Bu böyük xoşbəxtlikdir, mənim üçün, sizin üçün, hər birimiz üçün. Biz xoşbəxt günləri yaşayırıq və əminəm ki, xalqımız bundan sonra sülh, əmin-amanlıq şəraitində yaşayacaq, öz doğma torpağında qurub-yaradacaqdır. Laçın rayonunun timsalında biz dirçələn Azərbaycan reallıqlarını görürük, dirçələn torpaqları görürük”, – deyən dövlət başçısı hər zamankı kimi, müharibə tərəfdarı olmadığımızı, hər zaman sülh və əmin-amanlıq içində yaşamaq istəyən bir xalq olduğumuzu təkrar dilə gətirdi. 
    Eyni zamanda Birinci vitse-prezident Mehriban xanım Əliyevanın da öz doğum gününü – 26 avqust tarixini işğaldan azad olunmuş torpaqlarda, Laçın Şəhəri Günü münasibətilə keçirilən tədbirdə, yenidən öz doğma el-obalarına qayıtmış laçınlılarla birlikdə qeyd etməsi bu ənənənin xoş davamıdır. 
    Məcburi köçkünlərin öz doğma yurdlarına dönüşü üçün Azərbaycan Prezidentinin 2022-ci il 16 noyabr tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı”nın icrası uğurla həyata keçirilir. “Laçın şəhərini cəmi 8 ay ərzində qurub-yaratmaq xalqımızın həm istedadını, həm iradəsini göstərir və eyni zamanda onu göstərir ki, bu torpaqların sahibləri bizik”, – deyə dövlət başçısı qeyd edib. ­

    Beləliklə, Azərbaycan Cənubi Qafqazda şəriksiz geopolitik iradə sahibi olduğunu beynəlxalq siyasi dairələrə qəbul etdirdi və BMT-nin Təhlükəsizlik Şurasında Azərbaycan diplomatiyasının böyük qələbəsi rəsmi Bakının hədəflərinin beynəlxalq hüquq çərçivəsində legitimliyini növbəti dəfə təsdiqlədi. Cənubi Qafqazda Azərbaycan faktoru, dəyişən reallıqlar, Azərbaycanın beynəlxalq arenada artan gücü, bu güclə hesablaşmaq məcburiyyətində qalan dövlətlər ölkə başçısı cənab İlham Əliyevin siyasi iradəsi ilə Azərbaycanın iştirakı olmadan regionda heç bir layihənin gerçəkləşə bilməməsi və siyahısı daha da uzadıla biləcək proseslər gücün, qətiyyətin, gələcəyə hesablanmış amillərin özündən əmin şəkildə, inamla irəli atılan güclü addımların səsləridir. Həm də nizami ordu kimi hər addımda yeri – regionu lərzəyə salan addımların. 

            İnamla və güvənlə irəli. 

Məmməd BABAYEV

Nəşr edilib : 28.08.2023 16:03