AZ EN RU

Haqq, ədalət axtarışı, yoxsa erməni təəssübkeşliyi?

Avropa Parlamentinin gündəmə gətirdiyi qətnamə ikinci məqsədə xidmət edir

Artıq erməni lobbisinin oyuncağına çevrilmiş Avropoa Parlamentinin Azərbaycana qarşı obyektivlikdən və reallıqdan uzaq daha bir qətnaməsi gündəmdədir. Xəbər verildiyi kimi, həmin qərəzli qətnamə layihəsinin ilkin mətnində Azərbaycanın guya Hayastana hərbi təcavüz etməsi, tarixin arxivinə göndərilmiş Minsk qrupu, "status" ilə yanaşı, Laçın-Xankəndi yolunun  "blokada"da olması da öz əksini tapıb. Bəli, erməni quldurlarını hər zaman hər vəchlə dəstəkləyən Avropa Parlamenti ölkəmizi onları "blokada"da saxlamaqda suçlayır. Guya İkinci Qarabağ müharibəsindən sonra ağır duruma düşmüş Xankəndi indi “blokada” səbəbindən humanitar problemlərlə üzləşib. Şübhəsiz, bu məsələnin də gündəmə gətirilməsi hayların, həmçinin onların havadarlarının dezinformasiyalarından qaynaqlanır.

Halbuki Xankəndinin humanitar yardımla üzləşməsinin bu aksiya ilə hər hansı bir əlaqəsi yoxdur. Erməni separatçıları, həmçinin onların havadarları yaxşı bilirlər ki, Rusiya sülhməramlılarının nəzarətində olan yolun bir hissəsində dinc etiraz aksiyası azərbaycanlı aktivistlər və qeyri-hökumət təşkilatları tərəfindən Qarabağ iqtisadi rayonunda ekoloji terrora son qoyulması tələbi ilə keçirilir. Aksiya iştirakçıları yüksək əzm, mətanət, qətiyyət nümayiş etdirirlər. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin yerli televiziya kanallarına müsahibəsində  dediyi kimi, bu, şərəfli bir missiyadır.

Ermə­ni təəssübkeşliyini Azərbaycana qarşı təzyiq və təsir elementinə çevirən Avropa parlamentariləri  də yaxşı bilirlər ki, aksiya iştirakçıları humanitar məqsədlərlə istifadə olunan avtomobillərin hərəkətinə heç bir maneə törətmirlər. Belə ki,  Rusiya sülhməramlıları, Beynəlxalq Qırmızı Xaç Komitəsi, humanitar yüklər rahat şəkildə yoldan keçir. Rəsmi məlumatlara görə, dinc ekoloji aksiyanın davam etdiyi günlər ərzində  4000-dən artıq avtomobil Laçın- Xankəndi yolundan maneəsiz keçib. Bu mənada Avropa Parlamentinin  etirazçıların guya Laçın-Xankəndi yolunu bağlamaları və təminat avtomobillərini buraxmamaları ilə bağlı xəbərlər ermənilərin növbəti dezinformasiyasından başqa bir şey deyildir. Yeri gəlmişkən qeyd edək ki, martın 14-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Almaniya Federativ Respublikasının Prezidenti Frank-Valter Ştaynmayer ilə geniş tərkibdə keçirilən görüşdə Laçın yolu məsələsinə toxunaraq bu yolun blokadada olması barədə Ermənistanın iddialarının tamamilə əsassız olduğunu bir daha bəyan edib. Prezident İlham Əliyev Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazilərində Ermənistan silahlı qüvvələrinin mövcudluğunun və Laçın yolundan hərbi məqsədlər, hərbi daşımalar üçün istifadənin Azərbaycan tərəfini narahat etdiyini bildirib.

Sual olunur: Ay ermənipərəst Avropa Parlamenti, belə olan təqdirdə bunun nəyi blokadadır axı? Məgər blokada belə olur? Olmaya blokada məfhumunun mənasını bilmirsiniz? Axı erməni quldurlarını narahat edən humanitar fəlakət məsələsi deyil. Onları  qıcıqlandıran erməni separatçılarının həmin yolla  Ermənistandan silah-sursat, o cümlədən mina daşıya bilməmələridir. Daha bir sual: ay erməni lobbisinin təsiri altında olan Avropa Parlamenti,  bəs Azərbaycanın qərb rayonları ilə Naxçıvanı birləşdirəcək yolun hələ də açılmamasına niyə göz yumursunuz? Belə yanaşma ikili standartlardan irəli gəlmirmi? Nə vaxta qədər problemə belə mövqe sərgiləyəcəksiniz?

Şübhəsiz, Avropa Parlamentinin erməni lobbisinin sifarişi əsasında bu məsələni şişirtməsi dünyada yüksələn xətlə inkişaf edən Azərbaycanın mövqelərinə zərbə vurmaq, sülh müqaviləsinin imzalanmasını yubatmaq, Qarabağda yaşayan ermənilərin Azərbaycana reinteqrasiyasına mane olmaq məqsədi daşıyır. Məgər Avropa Parlamenti anlamır ki, indi Qarabağda yaşayan erməni sakinlərinin fərdi hüquq və təhlükəsizliyi məsələsi yalnız və yalnız Azərbaycanın daxili işidir? Onlara isə  firavan həyat təklif olunur.  Bütün bunlardan sonra belə qənaətə gəlmək olar ki, Ermənistanı üzərinə götürdü­yü öhdəlikləri yerinə yetirməkdən ya­yındıran, ona yeni təxribatlar törətmək üçün əsaslar yaradan, üstəlik, onu silahlandıran, müharibəyə təhrik edən  İran, Fransa, Hindistan kimi ölkələr, həm də Avropa Parlamenti kimi təşkilatlardır. Siyasətçilərin fikrincə, Avropa Parlamentinin vaxtaşırı ölkəmizə qarşı qəbul etdiyi belə saxta iddialı kağız-kuğuz parçaları Vətən müharibəsindən sonra daha da güclənən, həm bölgədə, həm də beynəlxalq arenada nüfuz sahibi olan Azərbaycanı heç zaman öz yolundan və haqlı mövqeyindən döndərə bilməyəcək.

Qvami Məhəbbətoğlu, “İki sahil”

Nəşr edilib : 16.03.2023 14:11