AZ EN RU

Hansı dərman bitkiləri və qarışımlardan istifadə edək?

Qış fəslində havalar soyuq keçdiyindən virus və infeksiyalar sürətlə yayılaraq insan orqanizmində bir çox xəstəliklər yarada bilir. Odur ki, əvvəlcədən tədbirlər görmək, immuniteti artırmaq lazım gəlir. Burada bir çox dərman bitkiləri və onların meyvələrinin  dəmləməsinin, qarışımların əvvəlcədən istifadəsi faydalı ola bilər.

Məsələ ilə bağlı həkim fitoterapevt Elnur Eldaroğlu “Şərq qapısı” qəzetinə müsahibəsində dedi: – Qış fəslində immuniteti artırmaq üçün bəzən vitamin və mineral tərkibli bitki və meyvələrdən istifadə olunur. Bunlardan ən çox istifadə etdiyimiz, insanların da çox tanıdığı həmərsin və yemişan meyvələridir. Həmçinin bəzən bir çox virus infeksiyaları, sürətlə yayılan hava-damcı infeksiyalarının ağır keçməməsi və özündən sonra ciddi öskürək, burun axmaları, uzun müddət gecə narahatçılıq verməməsi üçün, əlavə ağırlaşmanın qarşısını alacaq bitkilərdən istifadə olunur. Məsələn, cökə bitkisi və onun yarpağı, çiçəyindən istifadə etmək olar. Həmçinin narın meyvəsinin qabığı xəstəliklərə qarşı dözümsüzlüyün qarşısını almaq üçün faydalıdır. Müxtəlif dərman bitkilərindən bir neçə bitkini birlikdə istifadə etmək olar. Məsələn,  exinaseya bitkisinin həm yerüstü, həmçinin kökündən istifadə olunur. Exinaseya bitkisi dəmələmə şəklində 4 yaşdan yuxarı uşaqlar və böyüklər üçün 5 qram şəklində götürülür 200 ml qaynar suda dəmlənilir və gündə iki dəfə yeməkdən sonra istifadə olunur. İki həftə istifadə etmək kifayət edir. Həmçinin toxumlardan ibarət küncüd və çörək otu toxumu qarışığından istifadə olunur. Ağ küncüd və qara zirə, yəni çörəkotunun toxumundan bir çay qaşığı götürülüb bir xörək qaşığı bala qarışdırılır və gündə bir dəfə yeməkdən sonra yemək tövsiyə olunur.

Həkim bildirdi ki, bəzi bitkilər – kəklikotu, nanə, yarpız, yemişan, çobanyastığı, qarğıdalı saçağı  kimi bitkilərdən tək-tək şəkildə də dəmləyib istifadə etmək olar: – Yarpız və nanəni az müddətdə istifadə etmək tövsiyə olunur. Qarğıdalı saçağının təzyiqi aşağı salma xüsusiyyəti ola bilər ki, insanlar onu istifadə etdikləri zaman diqqətli olmaları məsləhətdir. Bir çox bitkilər var ki onların birlikdə istifadəsi əks təsir edə və bəziləri bir-birinin təsirini artıra bilər. Məsələn, dəmirlə zəngin qidalardan və bitkilərdən istifadə olunan zaman, məsələn, gicitkən istifadə olunan zaman vitamin C ilə zəngin olan bitkilərdən, məsələn, həmərsinin meyvəsindən və yaxud da sitrus meyvələrindən istifadə etmək məsləhət görülür.

Müsahibim qeyd etdi ki, meyvə və bitkilərin həm dəmləmə, həm də ekstraktların, həmçinin bal ilə qarışıq şəkildə məcun formasına salıb istifadə etmək mümkündür. Çox yaxşı bir immunitet artıran immunoset məcun hazırlamaq olar. Bu zaman 10 qram arı südü götürülür, 100  qram buğda cücərtisinin tozu, 100 qram çiçək tozu yəni polen, 100 qram çörək otunun tozu və 100 qram bal qarşıdırılır və immunoset şəklində məcun halına gəlir və gündə bir yaşdan yuxarı uşaqlar və böyüklər istifadə edə bilərlər. Profilaktiki məqsədlə  bu bitki və məcunlardan istifadənin yan təsiri yoxdur. Əgər arı məhsullarına qarşı allergiyası olan insanlar varsa, bu zaman ancaq bitkilərin tək-tək şəklində istifadəsini tətbiq edə bilərlər. Yayılmış virus xəstəlikləri qızılca, su çiçəyi və bir sıra qrip və qripəbənzər, hava-damcı infeksiyalarının ağırlaşmasının qarşısını almaq və xəstəliyə tutulmamaqdan ötrü bu bitkilərdən fasilələrlə istifadə  etmək tövsiyə olunur.

Güntac ŞAHMƏMMƏDLİ

Nəşr edilib : 22.01.2024 15:14