AZ EN RU

Hamliklə bağlı növbəti tədbir keçirilmişdir

M.S.Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanasında Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2021-ci il 25 iyun tarixli “Ali və orta ixtisas təhsili müəssisələrində ixtisasların müvafiq təşkilatlara hamiliyə verilməsinə dair əlavə tədbirlər haqqında” Sərəncamının icrası ilə bağlı növbəti tədbir keçirilmişdir.

Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə “Kitabxana-biblioqrafiya proseslərinin avtomatlaşdırılması” mövzusunda keçirilən açıq dərsdə Naxçıvan Dövlət Universitetinin “Kitabxanaçılıq və informasiya fəaliyyəti” ixtisası üzrə təhsil alan tələbələri iştirak etmişdir.

Açıq dərsi giriş sözü ilə M.S.Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanasının direktoru Tamella Əsgərova açaraq qeyd etmişdir ki, hamiliklə bağlı keçirilən tədbirlər tələbələrin təcrübə qazanmaları, onların bacarıqlı mütəxəssis kimi yetişmələri üçün xüsusi əhəmiyyət daşıyır və yüksəkixtisaslı kadr hazırlığına böyük töhfə verir.

Sonra M.S.Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanasının şöbə müdiri Heyran Ələsgərova “Kitabxana-biblioqrafiya proseslərinin avtomatlaşdırılması” mövzusunda çıxış edərək bildirmişdir ki, Kitabxana və biblioqrafiya proseslərinin avtomatlaşdırılması şöbəsinin əsas iş prinsipləri elm sahələri üzrə məlumat bazalarının formalaşdırılmasından, elektron kataloqun “Kataloqlaşdırma”, “Komplektləşdirmə”, “Oxucu”, “Kitab verilişi”, “Musiqi-not” və “Abonement” modullarının işini təşkil etməkdən, “onlayn” kataloqdan istifadə etməklə informasiya mənbələrinin seçilməsində istifadəçiyə köməklik göstərməkdən, məlumat bazasını zənginləşdirmək məqsədilə çap məhsullarını elektron bazaya və informasiya daşıyıcılarına köçürməkdən ibarətdir. İnformasiya-resurs şöbəsində işlənib tam mətni skayner aparatı vasitəsilə çəkilib hazırlanan kitablar da dəqiqliklə redaktə olunduqdan sonra internet saytında (lokal və qlobal şəbəkələrdə) yerləşdirilir. Lokal şəbəkəyə yalnız dərsliklər və Müəllif Hüquqları Haqqında Azərbaycan Respublikasının Qanunu nəzərə alınaraq müəllifin icazəsi olmayan kitablar yerləşdirilir. Oxucular bu kitablardan yalnız kitabxana daxilində istifadə edə bilərlər.

Tədbirin sonunda tələbələri maraqlandıran suallar cavablandırılmış və şöbənin iş prinsipi ilə əyani olaraq tanış olmuşlar.

Naxçıvan Muxtar Respublikası Mədəniyyət

Nazirliyinin mətbuat xidməti

Nəşr edilib : 24.05.2022 17:32