AZ EN RU

Hamiliyə verilmiş ixtisasların tələbələri üçün seminar keçirilib

    Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Ali və orta ixtisas təhsili müəssisələrində ixtisasların müvafiq təşkilatlara hamiliyə verilməsinə dair əlavə tədbirlər və innovasiyaların dəstəklənməsi haqqında” 2019-cu il 3 aprel tarixli Sərəncamının icrası istiqamətində növbəti seminar keçirilib.

    Naxçıvan Muxtar Respublikası Rabitə və Yeni Texnologiyalar Nazirliyinin təşkilatçılığı ilə “Azerfon” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən Naxçıvan Dövlət Universitetində nazirliyin hamiliyində olan tələbələr üçün “Mobil rabitənin əsasları” adlı seminarda Naxçıvan Dövlət Universitetinin rektoru Elbrus İsayev çıxış edərək bildirib ki, muxtar respublikada dövlətimiz tərəfindən təhsilin inkişafı sahəsində mühüm tədbirlər həyata keçirilir, tələbələrin müasir biliklərə yiyələnmələri üçün hərtərəfli şərait mövcuddur.

     Naxçıvan Muxtar Respublikasının rabitə və yeni texnologiyalar naziri Vüsal Sevdimaliyev muxtar respublikada rabitə və yeni texnologiyalar sahəsinə göstərilən dövlət qayğısından danışıb. Vurğulanıb ki, nazirlik tərəfindən tələbələrin təcrübə keçmələri üçün zəruri şərait yaradılıb. Tələbələrin müasir tədris vasitələrindən istifadə edərək öz bilik və bacarıqlarını inkişaf etdirmələri üçün maarifləndirici görüş və seminarlar keçirilir. 
    “Azerfon” Məhdud Məsuliyyətli Cəmiyyətinin İctimaiy­yətlə əlaqələr üzrə mütəxəssisi Anar Mənsimov mobil rabitənin əsasları barədə məlumat verib, “Azerconnect” Məhdud Məsuliyyətli Cəmiyyətinin Xidmət keyfiyyəti demarkasiyası şöbəsinin rəhbəri Afər Məmmədov isə tələbələri mobil standartların arxitekturası və şəbəkə avadanlıqlarının iş prinsipi haqqında məlumatlandırıb. VoLTE texnologiyasından danışılan zaman  bildirilib ki, VoLTE LTE şəbəkələri üzərindən səsötürmə texnologiyasıdır.  
    Daha sonra vurğulanıb ki, mobil rabitənin populyarlığı artdıqca tərtibatçılar bütün dünyada standartların ötürmə qabiliyyətini və ümumi standartlaşdırmanı ciddi şəkildə artırmağa başladılar. 5G texnologiyası müasir dövrdə ortaya çıxan son texnologiyadır. Hansı ki bu texnologiya gələcəkdə bütün sahələri əhatə edəcək. Digər bütün texnologiyalarda da inkişaf sürətlərini artıracaqlar. 
    Təlimin sonunda tələbələri maraqlandıran suallar cavablandırılıb. Təlimdə fərqlənən tələbələr mükafatlandırılıb, digər tələbələrə isə sertifikatlar təqdim olunub. 

  Naxçıvan Muxtar Respublikası Rabitə və Yeni Texnologiyalar Nazirliyinin 
mətbuat xidməti

Nəşr edilib : 13.04.2022 20:30