AZ EN RU

Hamılıqla maddi və mənəvi olaraq qardaş Türkiyəmizin yanındayıq

    Bir neçə gündür, yuxumuz ərşə çəkilib. Qışın oğlan çağında isti evlərimizdə ruhumuz donur. Bir rahat yerdə oturan kimi sanki tikan batır bədənimizə. Qardaşımız, candaşımız, sirdaşımız Türkiyənin bir çox vilayətində baş verən zəlzələ bizi də yerimizdən oynadıb. Belə zamanlarda necə rahat olasan ki?! Türkiyə və Azərbaycan heç vaxt “Məndən ötdü qardaşıma dəydi” arxayınlığına söykənən ölkələr olmayıb. 

    “Bir ananın iki oğlu”, – deyən Bəxtiyar Vahabzadə tarixin dərinliklərindən söz açırdısa, “Bir millət, iki dövlət”, – deyən Ulu Öndərimiz Heydər Əliyev bu günümüzü və əbədiyyən davam edəcək gələcək həmrəyliyimizi nişan verirdi. Hər iki fikri, gerçək mənada, yaşadığımız bu günlərdə atalarımızın “Dost dar gündə tanınar” müdrikliyini də müşahidə edirik. Fevralın 6-da günün ilk saatlarında Türkiyədə baş verən dəhşətli zəlzələdən dərhal sonra qardaş ölkəyə dövlət səviyyəsində köməklik göstərən Azərbaycan belə çətin məqamda Türkiyəyə əl uzadan ilk ölkə olmağı təkcə bir statistika kimi yerinə yetirmirdi. Bu həm də “qardaşımın topuğuna dəyən daş, mənim ürəyimi yaralayar” düşüncəsinin nümunəsi idi. Ölkə Prezidenti cənab İlham Əliyevin Türkiyə Prezidenti cənab Rəcəb Tayyib Ərdoğana bununla bağlı kədərini ifadə etməsi, Türkiyənin Azərbaycandakı səfirliyində olub  çoxsaylı insan tələfatı ilə bağlı başsağlığı verməsi başda ölkə rəhbəri olmaqla bütün Azərbaycanın qardaş Türkiyənin yanında olmasının göstəricisidir. Ölkə­nin hər bir bölgəsində bu soyuq qış günlərində zəlzələdə zərər görənlərə yardımların toplanması, yaralılara dərmanların göndərilməsi, dağıntılar altında qalanların xilas edilməsi üçün Fövqəladə Hallar Nazirliyinin əməkdaşlarının Türkiyəyə ezam edilməsi bu birlik və bərabər olmalı günlərdə qardaş borcudur.
    Neçə gündür, doğma Naxçıvanımızda da hər kəs imkanı daxilində kömək etmək üçün evindəkiləri, əlindəkiləri qardaşlarına göndərməyə, yardımı ilə maddi və mənəvi dəstək olmağa tələsir. Bu mənzərələri izlədikcə kövrəlməmək üçün gərək ürəyin daş ola. Bir neçə qış geyimini qucaqlayıb Türkiyə Konsulluğuna tərəf gedən yaşlı qadının hüznlü çöhrəsini görəndə insanlığın böyüklüyü, ana hissinin əvəzolunmazlığı qarşısında baş əyməli olursan. 
    Təkcə bir anamı? – Yox! Ölkə olaraq, muxtar respublika olaraq hamı maddi, mənəvi türkiyəli qardaş-bacılarımıza kömək üçün özünü səfərbər edib. Sosial şəbəkələrdən də izləyirik. Məktəblərdə müəllim və şagirdlər, universitetlərdə tələbələr, kəndlərdəki insanlar, müxtəlif idarə və müəssisələrin əməkdaşları, könüllü vətəndaşlar hamı bu dəstəyin, köməyin, yardımın bir parçası olmaq üçün tələsir. 
    Naxçıvan Dövlət Universitetinin Hazırlıq şöbəsində dərs dediyim zəlzələ baş verən bölgələrdən olan onlarla tələbəm var. İlk andan onlarla əlaqə saxlayıram və bəziləri ilə hələ də danışa, yazışa bilməmişəm. Hamısı böyük qorxu, kədər, çaşqınlıq, çarəsizlik içindədi. Bizdən istədikləri, sadəcə, duadır. “Onsuz da azərbaycanlı qardaşlarımız ilk köməyə gələnlərdir”, – deyirlər. İndi İrem Kargaoğlu, Mehmet Mahsum Can, Metehan Topçuoğlu, Ayşenur Çolak və digər tələbələrimin həyəcan dolu səslərini dinlədikcə, pərişan haldakı yazışmalarını oxuduqca ürəyim sızıldayır. Sözlərlə verilən təsəlli onları nə qədər ovundura bilər ki? Yenə də inanıram ki, dualarımızla, maddi və mənəvi dəstəyimizlə ən qısa zamanda bu çətin dönəmin öhdəsindən gələcəyik. Möhkəm olun, əziz tələbələrim, onların ailələri, canımız Türkiyəmiz və bacı-qardaşlarımız. 
    Xalq şairi Bəxtiyar Vahabzadənin illər əvvəl yenə Türkiyədə baş vermiş güclü zəlzələdən sonra yazdığı bir şeiri bu günlərdə yenidən xatırlamalı olursan:

  Eşidincə ata yurdda depremi,
  Axdı yaşım, döndü başım, Türkiyə.
  Hər dərdi min, həm qəmimin ortağı,
  Can qardaşım, qan qardaşım, Türkiyə!

    İndi can qardaşımız, qan qardaşımız Türkiyəmizin yanında olduğumuzu hamılıqla göstərməyin zamanıdır. Necə ki 44 günlük müharibədə və ondan əvvəl və sonrakı dönəmdə Türkiyə can qardaşı, qan qardaşı Azərbaycanın yanında olmuşdu, indi də biz bu birliyi və bərabərliyi göstərməliyik və göstərəcəyik də. 

Elxan YURDOĞLU
filologiya üzrə fəlsəfə doktoru, dosent, şair-publisist

Nəşr edilib : 09.02.2023 21:16