AZ EN RU

Hamiliklə bağlı tədbirlər çərçivəsində Naxçıvan Dövlət Musiqili Dram Teatrının aparıcı aktyorları ilə tələbə və gənclərin görüşü təşkil olunub

Aprelin 8-də  Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə Nazirliyin hamiliyinə verilmiş Naxçıvan Dövlət Universitetinin “aktyor sənəti” Naxçıvan Musiqi Kollecinin “bədii yaradıcılıq işi” ixtisası üzrə təhsil alan tələbələr, həmçinin xalq teatrlarında çalışan gənc aktyorların iştirakı ilə “Naxçıvan teatr tarixi: 1883-2022” adlı tədbir təşkil olunmuşdur.

Tədbiri Mədəniyyət Nazirliyi Aparatının İncəsənət və təhsil müəssisələri ilə iş şöbəsinin aparıcı məsləhətçisi Elvin Əhmədov açmışdır. Bildirilmişdir ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Ali və orta ixtisas təhsili müəssisələrində ixtisasların müvafiq təşkilatlara hamiliyə verilməsinə dair əlavə tədbirlər haqqında” 2021-ci il 25 iyun tarixli Sərəncamının icrası ilə bağlı Nazirliyin 2021-2022-ci tədris ili üçün müvafiq Tədbirlər Planı təsdiq edilmiş, Nazirliyin hamiliyinə verilmiş ali və orta ixtisas təhsili müəssisələrinin tələbələri ilə müxtəlif formada tədbirlərin keçirilməsi nəzərdə tutulmuşdur. Bu günkü tədbir də məhz müvafiq Sərəncamın icrası ilə bağlı keçirilir. Bu tədbirdə Naxçıvan Dövlət Universitetinin “aktyor sənəti” və Naxçıvan Musiqi Kollecinin “bədii yaradıcılıq işi” ixtisasları üzrə təhsil alan tələbələrinin C.Məmmədquluzadə adına Naxçıvan Dövlət Musiqili Dram Teatrının aktyor heyəti ilə görüşü təşkil olunmuş, tələbələrlə yanaşı Ordubad və Babək rayon xalq teatrlarının gənc üzvləri də dəvət edilmişdir.

Daha sonra söz Nazirliyin Aparatının İncəsənət və təhsil müəssisələri ilə iş şöbəsinin baş məsləhətçisi, Azərbaycan Respublikasının Xalq artisti Kamran Quliyevə verilmiş, sonra teatrın aparıcı səhnə ustası Xalq artisti Rövşən Hüseynov, teatrın direktor müavini Naxçıvan Muxtar Respublikasının Əməkdar artisti Səməd Canbaxşıyev Naxçıvan teatrının tarixi, keçdiyi yol, teatrda çalışmış tanınmış incəsənət xadimləri haqqında məlumat vermişlər. Qeyd olunmuşdur ki, Eynalıbəy Sultanovun rəhbərliyi ilə mütərəqqi Naxçıvan ziyalılarının yaratdığı  “Müsəlman incəsənəti və dram cəmiyyəti” tərəfindən ilk dəfə 1883-cü ildə Mirzə Fətəli Axundzadənin “Müsyö Jordan və Dərviş Məstəli şah cadigün” əsəri Hacı Nəcəf Zeynalovun evində tamaşaya qoyulmuşdur. Bu ilk tamaşa ilə Azərbaycan teatrının bir qolu olan Naxçıvan teatrının əsası qoyulmuşdur. Ardınca M.F.Axundzadənin “Molla İbrahimxəlil kimyagər”, “Lənkəran xanının vəziri”, “Hacı Qara” komediyaları, N.Vəzirovun “Müsibəti-Fəxrəddin”, Ə.Haqverdiyevin “Dağılan tifaq”, N.Nərimanovun “Nadir şah” və sair əsərləri tamaşaya qoyulmuşdur. 1922-ci ildə teatra Dövlət Dram Teatrı statusu verilib. Teatr həm romantik, həm də realist istiqamətdə tamaşalar hazırlayır. Teatrın repertuarında dünya klassiklərinin əsərləri, həmçinin musiqili əsərlər əhəmiyyətli yer tutur. Bu teatrda istedadlı aktyor və rejissorların bir neçə nəsli yetişmişdir. 1965-ci ildə teatra görkəmli ədib Cəlil Məmmədquluzadənin adı verilmişdir.

Azərbaycan Respublikası Prezidentinin “Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Musiqili Dram Teatrının 125 illik yubileyi haqqında”  2008-ci il 31 yanvar tarixli Sərəncamına uyğun olaraq Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Musiqili Dram Teatrının 125 illik yubileyinin Naxçıvan Muxtar Respublikasında keçirilməsi haqqında” 2008-ci il 6 fevral tarixli Sərəncamı ilə təsdiq edilmiş Tədbirlər Planına əsasən teatrın 125 illik yubileyi geniş şəkildə qeyd olunmuşdur. Teatrın binası müasir layihə əsasında yenidən qurularaq 2012-ci il fevralın 3-də istifadəyə verilmişdir.

Tədbir diskussiya formasında davam etdirilmiş, sonda tələbə və gənclər  C.Məmmədquluzadə adına Naxçıvan Dövlət Musiqili Dram Teatrının2022-ci il üçü repertuar planında olan İ.Əfəndiyevin “Xurşudbanu Natəvan” əsəri əsasında səhnələşdirilən tamaşanın məşqlərinə baxmış, həmçinin teatrın səhnə texnikaları, paltar və dekorasiya sexləri, rəssam emalatxanası, qrim otaqları ilə tanış olmuşlar.

Nəşr edilib : 08.04.2022 17:17