AZ EN RU

Hamiliklə bağlı tədbir keçirilib

16 mart tarixdə Məmməd Səid Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanasında Naxçıvan Dövlət Universitetinin “Kitabxanaçılıq və informasiya fəaliyyəti” ixtisası üzrə təhsil alan tələbələrinə açıq dərs keçirilmişdir.

Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə keçirilən açıq dərsi giriş sözü ilə M.S.Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanasının direktoru Tamella Əsgərova açmışdır. O, hamiliklə bağlı keçirilən tədbirlərin əhəmiyyətindən bəhs edərək qeyd etmişdir ki, muxtar respublikada fəaliyyət göstərən ali təhsil müəssisələri ilə müvafiq təşkilatlar arasında əməkdaşlıq peşəkar kadr potensialı hazırlamaq, tələbələrə elmi-nəzəri biliklərlə yanaşı, təcrübi biliklər də aşılamaq baxımından mühüm əhəmiyyət kəsb edir.

M.S.Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanasının kitabişləmə və kataloqlaşdırma şöbəsinin müdiri Əzizə Süleymanzadə “Soraq -biblioqrafiya aparatının təşkili” mövzusunda çıxış edərək bildirmişdir ki, kitabxanalarda oxuculara xidmət işinin müvəffəqiyətlə aparılması soraq-biblioqrafiya aparatının düzgün tərtib edilməsindən asılıdır. Kitabxana-biblioqrafiya biliklərinin təbliği, yəni oxuculara məlumat nəşrlərindən, kataloq və kartotekalardan sərbəst istifadənin öyrənilməsi məqsədi daşıyan bütün proseslər soraq-biblioqrafiya aparatı ilə bilavasitə əlaqədardır. Soraq biblioqrafiya aparatının tərkibinə kataloqlar, kartotekalar, məlumat-ədəbiyyat fondu, ödənilmiş arayışların arxivi daxildir. Kataloq kitabxana fondunu bir güzgü kimi əks etdirməklə oxucuların sorğularına dəqiq cavab vermək, onların mütaliəsinə düzgün rəhbərlik etmək işində ən qiymətli vasitədir. Kartotekalar isə kataloqları tamamlayan daha bir bilioqrafik aparatdır.

Sonra mövzu ətrafında müzakirələr aparılmış, tələbələri maraqlandıran suallar cavablandırılmışdır.

Tədbirdə Naxçıvan Dövlət Universitetinin “Kitabxanaşılıq və informasiya fəaliyyəti” ixtisası üzrə təhsil alan tələbələri və M.S.Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanasının əməkdaşları iştirak etmişdir.

Naxçıvan Muxtar Respublikası Mədəniyyət

Nazirliyinin mətbuat xidməti

Nəşr edilib : 16.03.2022 15:45