AZ EN RU

Hamiliklə bağlı növbəti tədbir keçirilmişdir

M.S.Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanasında Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2021-ci il 25 iyun tarixli “Ali və orta ixtisas təhsili müəssisələrində ixtisasların müvafiq təşkilatlara hamiliyə verilməsinə dair əlavə tədbirlər haqqında” Sərəncamının icrası ilə bağlı növbəti tədbir keçirilmişdir.

Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə “Kütləvi tədbirlərin təşkili qaydaları” mövzusunda keçirilən açıq dərsdə Naxçıvan Müəllimlər İnstitutunun “Kitabxanaçılıq və informasiya fəaliyyəti” ixtisası üzrə təhsil alan tələbələri iştirak etmişdir.

Açıq dərsi giriş sözü ilə M.S.Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanasının direktoru Tamella Əsgərova açaraq qeyd etmişdir ki,hamiliklə bağlı keçirilən tədbirlər tələbələrin təcrübə qazanmaları, onların bacarıqlı mütəxəssis kimi yetişmələri üçün xüsusi əhəmiyyət daşıyır və yüksəkixtisaslı kadr hazırlığına böyük töhfə verir.

Sonra M.S.Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanasının elmi işlər üzrə direktor müavini Yeganə Rüstəmova “Kütləvi tədbirlərin təşkili qaydaları” mövzusunda çıxış edərək bildirmişdir ki, Kütləvi iş şöbəsi kütləvi tədbirlərin keçirilməsinə, keçirilmiş tədbirlərin kitabxananın saytına işlənməsinə, elektron sorğuların qəbulu və cavablandırılmasına birbaşa cavabdehdir. Tədbirlər şifahi və əyani təbliğat vasitəsilə həyata keçirilir. Şifahi təbliğat vasitəsi canlı söhbət əsasında qurulur. Bunlara mühazirə, qiraət, söhbət, biblioqrafik icmallar, kitab müzakirələri, kitab təqdimatları, ədəbi-bədii gecələr, konfranslar və s. aiddir. Əyani təbliğat vasitələrinə isə müraciətlər, plakatlar, guşələr, sərgilər, fotostendlər və s. aiddir. Əyani təbliğat dedikdə, gözümüzlə gördüklərimiz nəzərdə tutulur. Keçirilən bütün tədbirlər üçün elan, gündəlik,proqram, protokol yazılır. Həmçinin, tədbirlər saytın tədbirlər bölməsində işıqlandırılır.

Tədbirin sonunda tələbələri maraqlandıran suallar cavablandırılmış, kütləvi tədbirlərin keçirilməsi üçün hazırlanan sənədlər əyani olaraq göstərilmişdir.

 

Naxçıvan Muxtar Respublikası Mədəniyyət

Nazirliyinin mətbuat xidməti

Nəşr edilib : 18.04.2022 09:41