AZ EN RU

Hamiliklə bağlı növbəti tədbir keçirilib

Martın 17-də Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə Naxçıvan Dövlət Universitetinin Nazirliyin hamiliyinə verilmiş ixtisaslarında təhsil alan tələbələri üçün “Naxçıvan Muxtar Respublikasının tarix-mədəniyyət abidələri” mövzusunda mühazirə və film nümayişi keçirilmişdir.

Tədbiri giriş sözü ilə Naxçıvan Dövlət Universitetinin Tarix-filologiya fakültəsinin dekanı, filologiya üzrə fəlsəfə doktoru, dosent Arif Ağalarov  açmış, Muzeyşünaslıq, arxiv işi və kitabxanaçılıq kafedrasının müdiri, tarix üzrə fəlsəfə doktoru, dosent Məmməd Əliyev çıxış etmişdir. Bildirilmişdir ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Ali və orta ixtisas təhsili müəssisələrində ixtisasların müvafiq təşkilatlara hamiliyə verilməsi haqqında” Sərəncamlarının icrası ilə bağlı Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyi və Naxçıvan Dövlət Universiteti tərəfindən hər tədris ili üçün birgə tədbirlər planı təsdiq edilərək görüşlər, açıq dərslər, dəyirmi masalar və digər tədbirlər keçirilir. Nazirlikdə və Nazirliyin tabeliyində fəaliyyət göstərən müəssislərdə tədris planına uyğun təcrübələr təşkili edilir.  

Sonra Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyi Aparatının şöbə müdiri Gülbuta Babayeva “Naxçıvan Muxtar Respublikasının tarix-mədəniyyət abidələri” mövzusunda çıxış edərək qeyd etmişdir ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Naxçıvan Muxtar Respublikası ərazisindəki tarix və mədəniyyət abidələrinin qorunması və pasportlaşdırılması işinin təşkili haqqında” 2005-ci il 6 dekabr tarixli Sərəncamına əsasən muxtar respublika ərazisindəki daşınmaz tarix-mədəniyyət abidələri qeydə alınaraq pasportlaşdırılıb. Bu abidələrdən 57-si dünya əhəmiyyətlidir. Tələbələrə Yusif Küseyr oğlu, Möminə xatın və Gülüstan türbələri, Qarabağlar Türbə Kompleksi, Naxçıvan Şəhərində İmamzadə Kompleksi, Xan Sarayı,  Ordubad Tarix-Memarlıq Qoruğu, Gəmiqaya qayaüstü təsvirləri, məscidlər, körpülər, hamamlar, buzxanalar və digər abidələr haqqında slaydlar vasitəsi ilə  məlumat verilmişdir.

Çıxışlardan mövzu ilə bağlı müzakirə aparılmış, “Naxçıvan: Türk-İslam mədəniyyəti abidələri” filmi nümayiş etdirilmişdir.

Naxçıvan Muxtar Respublikası Mədəniyyət

Nazirliyinin Mətbuat Xidməti

Nəşr edilib : 18.03.2022 14:32