AZ EN RU

Hamiliklə bağlı növbəti kitab müzakirəsi keçirilmişdir

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2021-ci il 25 iyun tarixli “Ali və orta ixtisas təhsili müəssisələrində ixtisasların müvafiq təşkilatlara hamiliyə verilməsinə dair əlavə tədbirlər haqqında” Sərəncamının icrası ilə bağlı növbəti tədbir keçirilib.

Naxçıvan Müəllimlər İnstitutunda “Kitabxanaçılıq və informasiya fəaliyyəti” ixtisası üzrə təhsil alan tələbələrlə “Oxunması zəruri olan kitablar”ın siyahısına daxil olan Yusif Balasaqunlunun “Qutatqu-bilik” əsərinin müzakirəsi olmuşdur.

Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə keçirilən tədbiri giriş sözü ilə M.S.Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanasının direktoru Tamella Əsgərova açmışdır. O, “Oxunması zəruri olan kitablar”ın əhəmiyyətindən bəhs edərək, qeyd etmişdir ki, türk xalqlarının ortaq ədəbi sərvətlərindən olan “Qutadqu-bilik” əsəri türk xalqlarının ədəbiyyat tarixində xüsusi yer tutur. Bu əsər vaxt etibarı ilə türk dilində, həm də türklərin İslamı qəbul etmələrindən sonra əruz vəznində yazılmış və bu gün bizə məlum olan ilk poemalardandır.

Sonra M.S.Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanasının biblioqrafı Aysel Əhmədova “Türk dünyasının ən böyük mütəfəkkirlərindən biri–Yusif Balasaqunlu” və M.S.Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanasının kitabişləmə və kataloqlaşdırma şöbəsinin müdiri Əzizə Süleymanzadə “İnsana insanlığın sirrini öyrədən əsər- “Qutatqu-bilik” adlı mövzularla çıxış edərək bildirmişlər ki, poemanın adını “Səadət biliyi”, “Bəxtiyarlıq sənəti”, “Xoşbəxtliyə aparan elm” kimi də tərcümə etmək olar. “Qutdaqdu - bilik” əsərində bütün islam və türk tarixi mədəniyyətinə aid məlumatlar toplanmışdır. Mütəxəssislərin fikrincə “Qutadqu biliy”in dili türk dillərinin cənub-qərb qrupuna, yəni Oğuz qrupuna yaxındır. 13200 misradan, 6520 beytdən ibarət, məsnəvi şəklində yazılmış poemanın içində rübai formasından da istifadə olunmuşdur. “Qutadqu biliy”in vəzni əruzun kəsik (qısa) mütəqarib bəhri kimi müəyyənləşdirilir. Əsərin giriş hissəsi nəsrlə yazılmışdır. Yusif Balasaqunlu demək olar ki, ilk dəfə Mərkəzi Asiyada türk dilində yazanlardan olmuş və sonradan onun üslubu məsnəvi adı ilə tanınmışdır.

Sonra əsər ətrafında müzakirələr aparılmışdır.

Tədbirdə Naxçıvan Naxçıvan Müıllimlər İnstitutunun tələbələri və M.S.Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanasının əməkdaşları iştirak etmişdir.

 

Naxçıvan Muxtar Respublikası Mədəniyyət

 Nazirliyinin mətbuat xidməti

Nəşr edilib : 11.05.2022 14:26