AZ EN RU

Hamiliklə bağlı açıq dərs keçirilmişdir

13 aprel tarixdə Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə Naxçıvan Dövlət Rəsm Qalereyasında Nazirliyin hamiliyinə verilmiş Naxçıvan Dövlət Universitetinin muzeyşünaslıq, arxiv işi və abidələrin qorunması ixtisası üzrə təhsil alan tələbələrinə “Daxil olan eksponatların əsas və elmi-köməkçi fonda işlənməsi qaydaları”  mövzusunda açıq dərs keçirilmişdir.

Açıq dərsi Nazirliyin Aparatının şöbə müdiri Gülbuta Babayeva giriş sözü ilə açmış, “Xan Sarayı” Dövlət Tarix-Memarlıq, Möminə Xatın və Açıq Səma Altında Muzey Kompleksinin baş fond mühafizi-elmi işçisi Zülfiyyə Əliyeva “Daxil olan eksponatların əsas və elmi-köməkçi fonda işlənməsi qaydaları” mövzusunda çıxış etmişdir. Qeyd edilmişdir ki, müasir muzeylər təkcə elmi-marifləndirici müəssisə deyildir, həm də şəxsiyyətin inkişafı və təlim tərbiyəsində böyük rol oynayan mədəniyyət ocağıdır. Müstəqilliyimizi yaşadığımız dövrdə muzeylər şəxsiyyətin, fərdin, bütövlükdə cəmiyyətin, xalqın ümumi tərəqqisində, ümumi dünyagörüşünün formalaşmasında, maraq dairəsinin daha da artmasında, elmi, mədəni, təhsil, mənəvi estetik tərbiyəsinin yüksəldilməsində çoxsahəli və səmərəli fəaliyyət göstərir. Muxtar respublikanın muzeylərinin təhsil müəssisələri ilə əlaqəli işinə xüsusi diqqət yetirilir.  Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin ali və orta ixtisas təhsili müəssisələrində ixtisasların müvafiq təşkilatlara hamiliyə verilməsi ilə bağlı imzaladığı sərəncamlarlaNazirliyinin hamiliyinə verilmiş ali və orta ixtisas təhsili müəssisələrinin aid ixtisaslarında təhsil alan tələbələrəNazirlik tərəfindən müasir tədris vasitələrindən istifadə edərək öz bilik və bacarıqlarını inkişaf etdirmələri üçün bir sıra tədbirlər – açıq dərslər, seminarlar, dəyirmi masalarkeçirilir, mühazirələr və film nümayişləri təşkil edilir. Hazırda Naxçıvan Dövlət Universitetinin kitabxanaçılıq və informasiya fəaliyyəti, tarix, turizm və otelçilik, muzeyşünaslıq, arxiv işi və və abidələrin qorunması ixtisaslarında təhsil alan  tələbələr Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinin tabeliyində olan kitabxana və muzeylərdə  istehsalat təcrübəsi keçirlər.

Vurğulanmışdır ki, muzeylərin başlıca vəzifələrindən biri muzey əşyalarının uçotu və mühafizəsinin təşkilidir. Muzey sərvətlərinin uçotu və mühafizə qaydaları “Azərbaycan Respublikası muzey sərvətlərinin və muzey kolleksiyasının  uçotu və mühafizəsinə dair təlimat”a əsasən həyata keçirilir. Uçotun birinci mərhələsində muzeyə daxil olan əşyaların sənədləşdirilmiş mühafizəsi məqsədilə onların ilkin qeydiyyatı və atributiv xassəsinin yazılışı, yəni aktlaşdırma, daxilolma kitabında qısa qeydetmə aparılır. İkinci mərhələdə İnventarlaşdırma -muzey əşyalarının elmi qeydiyyatdan keçirilməsi,  yəni mənbə tipləri, materialların növü, incəsənət növü, kolleksiyalar və.s üzrə təsnifatı, əşyanın daha ətraflı və dəqiq təsvirinin verilməsi, atributiv xassəsinin dəqiqləşdirilməsi, elmi inventar kitabında qeydə alınması həyata keçirilir.

Sonda tələbələr qalereyanın  ekspozisiyası ilə tanış olmuşlar.

Naxçıvan Muxtar Respublikası Mədəniyyət

Nazirliyinin mətbuat xidməti

Nəşr edilib : 13.04.2022 15:19