AZ EN RU

Hamı sənə bənzəyir, sən kimə bənzəyirsən?

Məhəmməd Füzuli – 530

Poeziya tariximizin günəşi olan Füzuli ədəbiyyat tarixində həzin sevgilərə, titrək hisslərə hər daim çıraq olub, yol olub. Onun dövründə Avropada ədəbiyyat çiçəklənib, Orta Şərqdə isə zülmətə qərq olurdu. Buna görə də Füzuli Orta Şərq klassik ədəbiyyatının sonbeşiyi sayılırdı. Avropanın qaranlıq və sükuta dalmış ədəbiyyatından sonra baş qaldırmış şairlər, Miltondan tutmuş Danteyə qədər hər kəs birinin paltosu altından çıxıb. Lakin Füzuli palto altından çıxmadı. İtaliyada Mikelancelo, Rafael və Da Vinçi rəng­lərlə insanları ovsunladığı bir zamanda dünyanın eşq üzərində dayandığını israrla sübut edən Füzuli intibah nəhənglərini bir-birindən xəbərsiz bir-birinə səsləyə bildi. Müasir dövrdən keçmişə – sərt reallıqdan yumşaq romantizmə belə qəfil keçid, deyəsən, Füzulini narahat etmir. Eynən Prustun “İtirilmiş zamanın axtarışında” olması kimi.

Taleyinə şair və alim olmaq yazılmış Məhəmməd Süleyman oğlu Füzuli Dədə Qorqudun qopmuş olduğu Bayat boyundan boylanaraq 1494-cü ildə dünyaya göz açdı. Təzkirəçi Sadıq bəy Əfşar 1598-ci ildə tamamladığı “Məcmə ül-xəvas” əsərində bunu təsdiqləyir: “Mövlana Füzuli Bayat qəbiləsindəndir. Dünyəvi elmləri öyrənməklə məşğul olub, az zamanda mükəmməl təhsil almışdır. Həqiqətən, heç bir insana bu istedad səadəti əl verməyibdir ki, farsi və ərəbi kəlama, beləcə, qadir olsun”. 
Klassik qəzəl ədəbiyyatı tarixində Füzuli qədər zəngin söz ehtiyatına malik ikinci bir şair tapmaq mümkünsüzdür. Ustad sözə o qədər yüksək qiymət verib ki, Leyli kimi qəlb ovlayıb, Məcnun kimi ürək yaxıb. O, adət-ənənələr tərəfindən əzilən, heysiyyəti tapdalanan, arzu və istəklərindən kam almadan solan Şərq qadınının acınacaqlı taleyini lirik-epik faciəsində oxucu qəlbinə bir ocaq salıb, od qalayıb. Solmayan, saralmayan, hər gün   öldükcə dirilən bir eşq hekayəsi yaradıb. Bu günədək də heç bir şair Şərqin üç dilində (türk, fars və ərəb) Füzuli kimi mükəmməl əsərlər yarada bilmədi. Tək bununla da bitmir onun ustadlığı. Dövrün qələm sahiblərinin əsərləri ədəbi forma və janrların sınağına məruz qalarkən Füzuli qələmi kimi zərif tərənnümlü, incə toxunuşlu və cilalı nümunələr yarada bilmədi. “Qəlb şairi” kimi tanınan şair qədər heç kim oxucu ürəyinə toxuna bilmədi. Təkrarsız üslub sahibi olan Füzuli kimi heç kəs ədəbi yaradıcılıq qarşısında müxtəlif dövrlərin və zamanların sınağından uğurla çıxa bilmədi. Ədəbi dilimizi tarixən heç kəs Füzuli kimi fars və ərəb dillərinin hegemonluğundan xilas edə bilmədi. Çox az şairə qismət olar ki, mənəviyyatı, qəlbi və ruhu hər misrasından görünsün və əzəli məhəbbətdən, səmimilikdən yoğrularaq Füzulidəki qədər bütün əzəməti və aydınlığı ilə qəlb oxşasın. Zərif üslubu təkrarolunmayan sənətkarın ucaltdığı möhtəşəm söz binasında hər bir daşın heykəltaraş əlindən çıxıb mükəmməl cilalandığını görüb heyran olmamaq mümkünsüzdür. Əlçatmaz zirvələrin qüdsiyyətini özündə ehtiva edən Füzuli misra-misra, beyt-beyt tökülür dillərdən. Ustadın şeirlərinin batini zahirindən o qədər bənzərsiz və tərənnümsüzdür ki, onu oxuyan, hifz edən düşünür ki, sanki o, sözün şəklini çəkib. 
Aristotel yazır: “Yalanı necə məharətlə işlətmək üsulunu başqa şairlərə ən çox öyrədən Homerdir”. “Aldanma ki, şair sözü, əlbəttə, yalandır” söyləyən Füzuli də Azərbaycan poeziyasında şairlərə bədii yalanı ən çox öyrədən sənətkardır.
Füzulinin ən yaxın və səmimi dostu Əhdi Sivaslı onun haqqında belə demişdi: “Onun gözlərindəki düşüncə və xəyal diqqəti cəlb edirdi. Danışığı sakit, ancaq təsirli idi. Fikir və bənzətmələrinə heyran qalırdım… Aramızdakı dostluq möhkəm qalanı xatırladırdı”.
Füzulini oxuyanda isə görürük ki, o, tamamilə inandırıcı təsəvvür aşılamaq obrazı yaradıb. Füzulini kiminsə təsiri altına salmaq, həsrət ipinə bağlamaq mümkün deyil. Sənətdə ağılın və zövqün, dildə obrazların cilalanmasına təkan verən, Azərbaycan şeir dilinin müdrik və ibarəli poeziya dili pilləsinə yüksəlməsi üçün sözə qızıl bir sütun kimi arxalanan Füzuli, poetik-üslubi çalarları rəng tonları kimi hər tərəfə səpələyir:

    Məni candan usandırdı, 
               cəfadan yar usanmazmı?
    Fələklər yandı ahimdən, 
               muradım şəmi yanmazmı?
    Qamu bimarinə, canan, 
               dəvayi-dərd edər ehsan, 
    Neçin qılmaz mənə dərman, 
               məni bimar sanmazmı?

Platonik şairin pik yaradıcılığı lirik qəzəlləridir. O, qəzəllərini sırf fəlsəfə və irfani düşüncələr üzərində qurub. Füzulinin sevgilisi Tanrıdır, yoxsa bir qadın? Füzulidən İslam qoxusu gəlsə də, bu şəriət qoxusu deyil, mənəvi qoxudur. Füzulinin xatırladığı, əslində, rəngli yuxular idi. Əsrlərlə sürən bu axtarış misraların içinə necə də rahatlıqla sığına bilib. Füzuli özünün doğulduğu anı, hətta doğulduğu o an nə hisslər keçirdiyini xatırlayır. Və bunu biçarə Məcnunun dili ilə təqdim edir. Yeni doğulan uşaq danışa bilərmi?! Əlbəttə, yox! Füzuli isə Məcnunun dili ilə danışır. Daha doğrusu, əslində, nə hiss etdiyini xatırlayır. 
Əsir düşmüş könüllər, daşa dəymiş arzular, puç olmuş ümidlər, əlbəttə ki, azad könül həsrətinin nə olduğunu yaxşı bilər. Bunu Məhəmməd yaxşı bilirdi. Bunu Hamlet yaxşı bilirdi. Bunu Raskolnikov yaxşı bilirdi. Bunu Jülyen Sorel yaxşı bilirdi. Bunu biçarə Fəxrəddin yaxşı bilirdi. Bunu “Azad bir quşdum”, – deyə gizlicə ürəyində oxuyan Cəfər Cabbarlı yaxşı bilirdi. Bunu “Ah! Mən gündən-günə bu gözəlləşən, işıqlı dünyadan necə əl çəkim?” – deyən, ömrünün iyirmi doqquzuncu baharında Dilbərinin gözlərindən gilə-gilə tökülən Müşfiq yaxşı bilirdi. Bunu öz şəxsi həyatında yaşayan Cavid əfəndi yaxşı bilirdi. Nəhayət, bunu azadlıq həsrətində yaşayan “Könlüm quşu qanad çalmaz, sənsiz bir an, Azərbaycan”, – deyən Məhəmmədhüseyn Şəhriyar yaxşı bilirdi. Onların hamısının azad könül həsrətilə burunlarının ucu göynədi. Məhz belə olduğuna görə azad könül həsrəti Füzulinin hər sətrində duyulmaqdadır.
Füzuli həm məhkumdur, həm hökmdar. O, Süleymanın ordusu ilə birlikdə Bağdada səfər edən türk şairləri Xəyali və Yəhya bəylə görüşmüş, “Leyli və Məcnun” əsərini də “Rum zərifləri” adlandırdığı bu sənətkarların xahişi ilə yazmışdır. Zamanın sərt sınaqları şairi sıxıb can-boğaza yığsa da, o, müasiri olan yüzlərlə həmkarının tutduğu yolla Osmanlı paytaxtına – boğazdakı o əfsanəvi şəhərə səfər etmədi. Ancaq bunların arxasından hər məqamda eşidilən bir hayqırış, hər yerdən boylanan bir eşq var: Vətən. O, həmişə öz çağının qürbətində üşüdü. Onun payına Tanrıdan zamanın qəm qafiləsinə sarvan olmağın haləsi düşdü:

Edəməm tərk, Füzuli, səri-kuyin yarın,
Vətənimdir, vətənimdir, vətənimdir, vətənim!!!

Saraydan iraqda – İraqda yaşasa da, Füzuli Sultan Süleyman dövrünün şairi kimi hər misrası söz xəzinəsinin bir incisi olan “Leyli və Məcnun”u yaratdı. Füzulidən öncə “Leyli və Məcnun” yazılı ədəbiyyatda dönə-dönə yazılmışdı. Amma Füzulinin məsnəvisində onları üstün edən bir reallıq var idi. Leyliylə Məcnunun vüsala çatmazlığına yaraşan yandırıcılıq. Leyliylə Qeysin məktəb illəri barəsində sevgilərini qarşılaşdıranda ehtimal etməyə bilmərsən ki, Füzuli, əslində, öz başına gələnləri təsvir edir. O, ruhu ehtiyacsız varlıq kimi göstərərək güzgüyə oxşadır. Güzgü həmişə göstərmək üçün yox, bəzən gizlətmək üçündür. Ruhun mahiyyətində görünməzlik var, o, görünəndə itir, yox olanda isə “aşkara çıxır”. Dərdlərdən dağ düzəldib onun zirvəsini fəth edən Füzuli qəmi, iztirabı, kədəri alovlu sözləri ilə sönmək bilməyən tonqalda alışdırıb yandırdı. Ustadın muma döndərib şəkildən-şəklə saldığı sözlərinin hər biri nələr çəkdiyini yaza bilsəydi gileylərdən doğmuş “Şikayətnamə”lər kitabxanalara sığmazdı. İnsanlığın şairi, məhəbbətin şiddətindən haray salıb fəryad etdiyi şeirlərin başdan-başa qəm şırımlarında cadar-cadardır:

    Füzuli dərd əlindən dağa çıxdı,
    Dedilər: “Bəxtəvər yaylağa çıxdı”.

Divan ədəbiyyatına, həmçinin rus və Osmanlı ədəbiyyatının təcrübəsinə bələd olan Rəşid bəy Füzulini ədəbiyyatımızın atası hesab edirdi: Axı Füzuli poeziyası başdan-başa musiqidir. Şairin lirikası, əruzun müvafiq qəliblərinə qovuşaraq heyrətamiz təravət və məlahətlə səslənir. Füzuli yaratdığı qəzəllərə sənət möhürü vuraraq onu əlçatmaz zirvəyə qaldırmış, onun qəlbində bu məhəbbət qığılcımlarını başda Cabbar Qaryağdıoğlu olmaqla səsi-ünü dağı-daşı yandıran Qarabağ xanəndələri oyatmışlar. Füzuli yaradıcılığı nəğməkarlarımız üçün də tükənməz söz xəzinəsi olmuşdur. Klassik xanəndələrimiz Füzulinin şeirlərini muğam və təsniflərdə sevə-sevə, ilhamla ifa etmişlər. Vokal sənətimizin fəxri Bülbül Füzuli şeirinin pərəstişkarı, bilicisi və məharətli ifaçısı idi. Xan Şuşinski, Ağabala Abdullayev, Hacıbaba Hüseynov, Sara Qədimova, Rübabə Muradova, Əbülfət Əliyev, Arif Babayev, Zeynəb Xanlarova, Mələkxanım Əyyubova, Qəndab Quliyeva, Səkinə İsmayılova, Mənsum İbrahimov və başqaları ustad Füzulinin şeirlərindən muğamlarda məharətlə istifadə etmişlər. Əmani, Qövsi, Saib kimi söz ustadları onun məktəbindən bəhrələnib, Vaqif, Vidadi irsinin başlıca qida mənbəsi olub. Əhsəni, Nəşati, Agahi Zövqü kimi özbək, Məxtimqulu, Kəminə, Nur Məhəmməd kimi türkmən, Şeyx Qalib, Baqi, Nəfi, Nədim kimi türk şairləri Füzuli ədəbi məktəbinin davamçıları olmuş, bu irsə böyük məhəbbətlə yanaşmışlar. 
1959-cu ildə Füzulinin adı şəhərə və rayona verilmiş, Bakıda abidəsi ucaldılmışdır. Elmlər Akademiyasının Əlyazmalar İnstitutu şairin adını daşıyır. Haqqında 3 sənədli film çəkilmiş, “Füzuli kantatası” (C.Cahangirov), “Füzuli” simfonik poeması (A.Məlikov) və bir çox qəzəllərinə musiqilər, romanslar bəstələnmişdir. Ölməz dahinin abidəsi 1970-ci ildə Füzuli şəhərinin mərkəzində ucaldılıb. İşğal dövründə heykəl parçalanaraq hissələrə ayrılıb, tamamilə yararsız hala salınıb. Heykəlin yerləşdiyi parkın ərazisi erməni vandalları tərəfindən cəngəlliyə çevrilib. 27 illik işğaldan sonra 2020-ci ildə ərazi bütövlüyümüz təmin olunarkən Füzuli rayonu da müzəffər qələbədən öz nəsibini aldı. Artıq Füzuli rayonu kimi ustadın da ruhu azaddır. İndi o, sevgidən yoğrulmuş qəzəlləri ilə tapdalanmış dağı, daşı, torpağı sağaldır.
Şairin ölməz əsərləri əbədi olaraq insanlığın xidmətindədir. Ləyaqətsiz bir mühitdə ləyaqət və şərəfini qorumağı bacaran, tükü tükdən seçən, yer üzündə ülvi sevgini, sədaqəti, gözəllik duyğusunu, azadlıq və əməksevərliyi, səbir və təmkini yaxşılığın və dostluğun simvoluna çevrilən zərif ruhlu şair daim ürəklərə məhəbbət və xeyirxahlıq körpüsü salmaqdadır. Bu səbəbdəndir ki, ədəbiyyatımızın eşq yolu Füzulidən keçir, Füzulidə bitir. Onun eşqi dünyəvilikdən ilahi eşqə yüksələn, özünü bu yolda unudaraq Allaha qovuşduran eşq idi. Çünki Füzuli eşqdən doğulmuş, eşqlə bütünləşmiş və eşqə qovuşmaq istəyi ilə yanıb tutuşmuşdu. O bu yolda çəkdiyi əziyyətdən usanmır, peşman olmur, əksinə, əziyyəti sevgi göstəricisi hesab edir, ağrı hiss etdiyi yerlə bütünləşirdi. Füzuli eşq yolunda yandıqca bütünləşir, Allaha qovuşur, məhəbbət yolunda çəkdiyi əziyyətdən bezmirdi. 
1556-cı ildə Bağdadı ağuşuna alan dəhşətli taunun qurbanlarından biri də Füzuli oldu. Hər dahi kimi, gerçək ömrü bitən Füzulinin də daha heç bir xəstəlikdən qorxmayan, heç bir təqvim ölçüsünə sığmayan əsl ömrü başlandı. Ulu babası Dədə Qorqudun son ucu ölümlü dünyanı tərk edəndən sonra gələn ağrısız, acısız ömrü kimi. Ömür sürdüyü müqəddəs torpaqlarda, adaşı olduğu Səma Elçisinin nəvəsinin ayaqları altında uyumaqla ürəklərə köçdü. 
Nə qədər ki dünya və məhəbbət var, Füzuli də olacaq. Türk xalqları və türk dili durduqca yaşayacaq, dilimizin, mənəviyyatımızın əbədi və canlı heykəlinə çevriləcək. Füzuli duyğularının hərarəti zaman keçdikcə daha gur yanacaq. Bu ocağın odunda yanan, bu səadətin suyundan içən hər bir adam canlanacaq. Həyatın mənası haqqında sonsuz düşüncələrə, xəyallara dalaraq bu dünyaya, bu həyata gəldiyinə sevinəcək. 

Fariz ƏHMƏDOV

Nəşr edilib : 02.06.2024 14:58