AZ EN RU

Hakim vəzifəsinə yeni təyin edilmiş ədliyyə işçisi ilə görüş keçirilib

Azərbaycan Respublikası Prezidentinin 13 may 2024-cü il tarixli Sərəncamı ilə Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin muxtar respublika Ağır Cinayətlər Məhkəməsi üzrə İcra bölməsinin rəisi Kərimov Arzuyar Sadıq oğlu adıçəkilən məhkəmədə hakim vəzifəsinə təyin edilib.

Bu münasibətlə, yeni təyin edilmiş hakim Arzuyar Kərimovla Ədliyyə Nazirliyində görüş keçirilib. Görüş zamanı ədliyyə naziri vəzifələrini müvəqqəti icra edən, nazir müavini Hüseyn Səfərov bildirib ki, əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulmuş məhkəmə-hüquq sahəsində islahatlar davam etdirilir və ədalət mühakiməsinin səmərəliliyinin artırılması istiqamətində müntəzəm tədbirlər görülür. O, hakimliyə namizədlərin şəffaf və təkmilləşdirilmiş mərhələləri üzrə seçim prosesini uğurla başa vuraraq yeni təyin olunan hakim Arzuyar Kərimovu təbrik edib, ona gələcək fəaliyyətlərində uğurlar arzulayıb. Hakim təyin olunan ədliyyə işçisinin öz savad və bacarıqları ilə məhkəmə-hüquq islahatlarına töhfə verəcəyinə əminliyini ifadə edib.
Hüseyn Səfərov Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinə təyinat alanadək 13 illik bir müddətdə işlədiyi hakimlik dövrü ilə bağlı təəsüratlarını bölüşüb, hakimliyin şərəfli, lakin məsuliyyətli bir peşə olduğunu diqqətə çatdırıb.
Görüşdə ədliyyə naziri vəzifələrini müvəqqəti icra edən, nazir müavininin hakim vəzifəsinə təyin edilən Arzuyar Kərimovun ədliyyə orqanlarında qüsursuz fəaliyyəti nəzərə alınaraq mukafatlandırılmasına dair imzaladığı müvafiq əmr elan olunub. 
Arzuyar Kərimov hakim vəzifəsinə namizədlərin şəffaf şəraitdə və obyektiv meyarlar əsasında seçimin həyata keçirildiyini, bu seçimdə iştirak edərək uğur qazandığını və ölkə Prezidentinin müvafiq Sərəncamı ilə hakim vəzifəsinə təyinat aldığını bildirib, göstərilən etimada görə dövlət başçısına minnətdarlığını ifadə edib. 
Sonra bu təyinata qədər işlədiyi ədliyyə orqanında ona göstərilən diqqətə və verilən mukafata görə Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyinin rəhbərliyinə öz təşəkkürünü bildirib. 

Naxçıvan Muxtar Respublikası
Ədliyyə Nazirliyinin mətbuat xidməti

Nəşr edilib : 13.05.2024 22:06