AZ EN RU

Hadrutun azad olunması böyük Zəfərə gedən yolda Ordumuza strateji üstünlük qazandırdı

Üç il əvvəl sentyabrın 27-dən başlanğıcını götürən qırx dörd gün əlamətdar hadisələrlə yadda qaldı. Hər günü bir qəhrəmanlıq salnaməsinə çevrilən Vətən müharibəsi təqvimə qara rənglə yazılan işğal günlərini qırmızı rəngli azad olunma tarixləri ilə əvəzlədi. Rəşadətli Ordumuz canı, qanı bahasına addım-addım ərazilərimizi düşmən işğalından azad edir, hər gün döyüş meydanlarından şad xəbərlər gəlirdi. Dövlətimizin başçısı Azərbaycan Ordusunun qəhrəmanlığını belə təsvir edirdi: “Hər gün qəhrəman döyüşçülərimiz irəli getdi və 44 gün ərzində bircə dəfə də olmadı ki, igid hərbçilərimiz düşmən tapdağından azad etdikləri ərazilərdən bir qarış belə geri çəkilsinlər”.

Qəhrəman zabit və əsgərlərimiz Müzəffər Ali Baş Komandan İlham Əliyevin sərkərdəliyi ilə cəmi 44 gündə nəinki otuz illik işğala son qoyaraq Azərbaycanı qalib ölkəyə çevirdi, hətta 200 ildən sonra Azərbaycanın möhtəşəm Qələbə tarixini də yazdı. İndi Azərbaycan Silahlı Qüvvələri İkinci Qarabağ müharibəsində qəhrəmanlıq və peşəkarlıq nümayiş etdirmiş Ordumuzdan bir neçə dəfə güclüdür.

Vətən müharibəsində Azərbaycan Silahlı Qüvvələri müasir dövrün yeni döyüş ənənələrini formalaşdırdı. Belə ki, minimum canlı qüvvə itkisi, maksimum səviyyədə hərbi texnoloji yeniliklərdən yararlanmaq Ordumuzun əməliyyatlar tarixində yeni səhifə açdığını deməyə imkan verir. Hətta mütəxəssislər də bildirirlər ki, Silahlı Qüvvələrimizin 44 gün ərazində apardığı döyüş əməliyyatı dünyanın ən qabaqcıl hərbi məktəblərində araşdırılır və öyrədilir. Ordumuzun ağıllı və düşünülmüş azadetmə əməliyyatı digər vacib məqamlarla da yadda qaldı. Belə ki, hərbçilərimiz düşmənin gözləmədiyi yerlərdən, dərinliklərdən sızaraq daha strateji mövqeləri azad etdilər.

Hadrutun düşməndən təmizlənməsi döyüş meydanında uğurlarımızı daha da artırdı

2020-ci il oktyabrın 9-da Azərbaycan Ordusu misilsiz qəhrəmanlıq göstərərək növbəti dəfə şanlı uğur əldə etdi. Erməni işğalı altında qalan bir neçə yaşayış məntəqəsi, o cümlədən Xocavənd rayonunun Hadrut qəsəbəsi düşmən tapdağından xilas edildi. Həmin gün 44 günlük Zəfər dastanının ən şanlı səhifəsindən biri - Hadrutun azadlığa qovuşması xəbəri Ali Baş Komandan İlham Əliyev tərəfindən xalqa çatdırıldı. Onun işğaldan azad olunması tarixi nailiyyət olmaqla yanaşı, həm də bölmələrimizin döyüş meydanındakı uğurlarını daha da artırdı, böyük Zəfərə gedən yolda strateji üstünlük qazandırdı. Hadrut Qarabağ inzibati ərazisinə daxil olduğu üçün ermənilər bu qəsəbənin itirilməsi ilə heç cür barışa bilmirdilər. Düşmən anlayırdı ki, Ordumuz Şuşaya da nəzarəti ələ keçirəcək. Belə də oldu. Hadrut zəfərindən sonra əsgər və zabitlərimizin həmin şəhərə yolu açıldı. Ermənilərin güclü müqavimətinə baxmayaraq, Şuşa da işğaldan azad edildi.

2021-ci ilin iyununda işğaldan azad edilmiş Hadrut qəsəbəsində “Dəmir yumruq” abidəsi ucaldıldı. “Dəmir yumruq” abidəsinin üzərində Vətən müharibəsində düşmənin qorxulu yuxusuna çevrilən qəhrəman Azərbaycan əsgəri və dronlar da təsvir edildi. Vətən müharibəsində Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən “Dəmir yumruq” əməliyyatı nəticəsində 44 gün ərzində işğalçı Ermənistan ağır məğlubiyyətə uğradıldı və kapitulyasiya aktını imzalamağa məcbur oldu. Ali Baş Komandan, həmçinin Azərbaycan xalqının və ordusunun Vətən müharibəsində məhz “Dəmir yumruq” kimi birləşdiyini, bu yumruğun işğalçıların başına endiriləcəyini bəyan etmişdi. Prezident İlham Əliyev müharibədən sonrakı dövrdə revanşist bəyanatlar səsləndirən düşmənə “Dəmir yumruğ”u xatırladaraq, onun daim yerində olduğunu bildirib. Belə bir abidənin məhz Hadrutda qoyulması isə xüsusi əhəmiyyət daşıyır.

İkinci Qarabağ müharibəsindən sonrakı dövrdə Silahlı Qüvvələrimizin daha da gücləndirilməsi istiqamətində davamlı addımlar atılır, yeni komando bölmələri yaradılır. 2021-ci il dekabrın 24-də Prezident, Ali Baş Komandan İlham Əliyev məhz Xocavənd rayonunun Hadrut qəsəbəsində hərbi hissənin açılışında Komando Briqadasının yaradılmasının əhəmiyyətindən danışaraq deyib: “Komando Briqadasının yaradılması bizim üçün yenilikdir. Bir yox, iki yox, bir çox Komando briqadaları artıq Azərbaycanda yaradılır və bu briqadalar istənilən hərbi vəzifəni icra etməyə qadir olacaqlar. Yüksək təlim keçmiş, yüksək iradə nümayiş etdirmiş və Vətən uğrunda özlərini fəda etməyə hazır olan övladlarımız bu briqadalarda xidmət edəcəklər. Bu, bizim ordumuzun gücünü böyük dərəcədə artıracaq”.

Ötən il aprelin 30-da Müdafiə Nazirliyinin Xüsusi Təyinatlı Qüvvələrinin N saylı hərbi hissəsində olarkən isə hazırda xarici ölkələrin mühüm hərbi məktəblərində Şuşa və Hadrut əməliyyatlarının öyrənildiyini vurğulayan dövlətimizin başçısı deyib: “Zəfər yolu ilə Şuşaya yaxınlaşarkən o sıldırım qayaları görəndə hər dəfə mənim gözlərimin önünə siz gəlirsiniz. Bu alınmaz qala necə alındı - yüngül silahlarla, şəhər döyüşlərində, əlbəyaxa döyüşlərdə. Qarşıda, yuxarıda, dağın başında təpədən dırnağa qədər silahla, topla, tankla silahlanmış ermənilər sizin qarşınızda aciz idilər. Həm gücünüz, həm iradəniz, peşəkarlığınız və Vətən sevgisi. Siz öz Vətəniniz uğrunda doğma torpaqda vuruşurdunuz. İşğalçı düşmən isə Azərbaycan torpağında sizin qarşınızda duruş gətirə bilməzdi. Şuşanın azad olunması müharibənin ən parlaq səhifəsidir. Bu gün dünyanın aparıcı hərbi məktəblərində Şuşa əməliyyatı, Hadrut əməliyyatı, digər əməliyyatlar öyrənilir”.

Uğurlu Hadrut əməliyyatının Ermənistanda fərarilərin sayının kəskin artmasını səbəb olduğunu bildirən Ali Baş Komandan daha sonra fikrini belə davam etdirib: “Bizim bütün əsas həlledici əməliyyatlarımızda xüsusi təyinatlılar ön sırada idilər. Digər hərbi birləşmələr ilə birlikdə şəhər və kəndlərimizi azad edən xüsusi təyinatlıların rolunu mən xüsusilə vurğulamaq istəyirəm. Uğurlu əməliyyatlardan sonra yolumuz Şuşaya açıldı. Yolumuz deyəndə, o yol yox idi. Uğurlu Hadrut əməliyyatından sonra, - hansı ki, Ermənistanda fərarilərin sayını kəskin artırmışdır, - onlar inanmırdılar ki, biz o istiqamətdə gedəcəyik. Onlar bizi başqa yerlərdən gözləyirdilər. Amma bizim aslanlarımız, igidlərimiz olmayan yerdə yol açdılar, öz əlləri ilə, öz ayaqları ilə, öz sinələri ilə. Dərələrdən, meşələrdən, cığırlardan keçərək istiqamət Şuşaya idi”.

18 yaşın 44 günlük sınağı

Qırx dörd günlük Vətən müharibəsində döyüş yolu Xocavəndin Hadrut qəsəbəsindən keçənlərdən biri də qazi Baxış Baxışovdur. Hazırda 21 yaşı olan qazimiz AZƏRTAC-ın müxbiri ilə söhbətində o günləri belə xatırlayır: “Müharibə başlayanda Beyləqandakı N saylı hərbi hissənin kəşfiyyat bölüyündə müddətli həqiqi hərbi xidmət keçirdim. Döyüşlərə ilk gündən Füzuli istiqamətindən qoşuldum. Növbəti istiqamətimiz Xocavənd rayonunun Hadrut qəsəbəsi oldu. Hadrutda əldə edilən Qələbə ilə Şuşaya gedən yolumuz açıldı. Nə xoş mənə ki, gənc yaşımda Şuşa istiqamətində də gedən döyüşlərdə iştirak etmək nəsibim oldu. Noyabrın 6-da Daşaltıda aparılan hərbi əməliyyatların birində yanıma artilleriya mərmisi düşməsi nəticəsində yaralandım. Ümumilikdə torpaqlarımızın azad olunması uğrunda 42 gün döyüşdüm. Heç vaxt ağlıma gəlməzdi ki, 18 yaşımda müharibənin canlı şahidi və iştirakçısı olacaq, Şuşada düşmənlə üzbəüz savaşacağam. Ən əsası isə geriyə qalib əsgər kimi qayıdacağam. Təəssüf ki, hər kəsə geriyə salamat dönmək nəsib olmadı. Gözlərimin qarşısında şəhid olan döyüş yoldaşlarımın əziz xatirəsi ömrümün sonuna kimi mənimlə qalacaq. Odur ki, biz müharibədə Zəfərimizi şəhidlərimizə borcluyuq”.

Düşməni çaşbaş salan Hadrut əməliyyatı

Hadrut döyüşləri barədə danışan hərbi ekspert Ədalət Verdiyevin sözlərinə görə, Vətən müharibəsi zamanı Cəbrayıl rayonunun azad olunmasından sonra Ermənistan ordusunun şəxsi heyəti arasında geniş sayda fərarilik halları oldu: “Düşmən Cəbrayıldan sonra Azərbaycan Ordusunun hücumlarını daha çox Füzuli istiqamətindən gözləyirdi. Çünki Hadrut azad olunanadək əsgər və zabitlərimiz Cəbrayıl və Füzuli istiqamətlərində çox irəliləmişdi. Hətta Füzuli rayonunun mərkəzindən yaxın məsafədə Azərbaycan Silahlı Qüvvələri qruplaşma da həyata keçirmişdi. Bunun nəticəsində bölmələrimizin əks-hücum əməliyyatını məhz Füzuli şəhərinin azad edilməsi istiqamətində aparmasına dair ehtimalları gücləndirmişdi. Lakin aparılan taktiki gediş qarşı tərəfi çaşdırdı. Belə ki, ordumuz öz imkanlarını, potensialını sanki Füzuli istiqamətində cəmlədiyi görüntülərini yaradaraq düşmənin gözləmədiyi halda onun Hadrut istiqamətindəki qüvvələrinə əsas zərbəni endirdi. Həmin qəsəbənin azad olunması isə düşmənin böyük qüvvəsinin geri çəkilməsi, çoxsaylı hərbçisinin, o cümlədən Hadrutdakı komanda müşahidə və idarəetmə məntəqələrinin, texnikalarının məhv edilməsi ilə nəticələndi. Nəticə etibarilə Hadrut qəsəbəsinin düşməndən təmizlənməsi Füzuli rayonunun mərkəzinin işğaldan azad olunması üçün münbit şərait yaratdı”.

Hadrutun azad edilməsində Azərbaycan ordusunun xüsusi təyinatlı qüvvələrinin (XTQ) müstəsna xidmətləri olduğunu söyləyən hərbi ekspert fikirlərini davam etdirərək deyib: “XTQ-nin azsaylı qüvvəsi düşmənin müdafiə xəttinə sızmaqla həmin qəsəbənin arxa tərəfindəki yüksəkliklərdə yerləşib, sonradan isə motoatıcı hissə və birliklərin artilleriya atəşini nizamlamışdı. Düşmən mövqeləri zəiflədikdən sonra XTQ mənsubları həm ön, həm də arxa tərəfdən ərazidəki düşmənləri tamamilə təmizləmişdi. Hadrutu Azərbaycan Ordusunun azad etməsi Füzuli və Cəbrayıl istiqamətlərindəki hərbi hissələrin idarə edilməsi və təchizatı baxımından da böyük əhəmiyyətə malik idi. Qəsəbənin azad olunması işğalçıların digər istiqamətlərdə müqavimətinin zəifləməsinə, Ermənistan ordusunda fərari sayının artmasına səbəb oldu. Nəticədə Azərbaycan Ordusunun daha az itki və daha yüksək hücum tempi ilə ərazilərimizi düşmən tapdağından təmizləməsi üçün əlverişli imkan yarandı. Hadrutun azad edilməsi ondan xəbər verirdi ki, Ordumuz yalnız Qarabağ ətrafındakı rayonları deyil, paralel olaraq onun dağlıq hissəsini də işğaldan azad etməkdə qərarlıdır”.

Biz heç vaxt imkan vermərik ki, ərazimizdə ikinci erməni dövləti yaradılsın, belə də oldu...

Hazırda Qarabağda və Şərqi Zəngəzurda genişmiqyaslı quruculuq işləri aparılır. Prezidenti İlham Əliyev 2021-ci il oktyabrın 9-da Xocavənd rayonunun Hadrut qəsəbəsinə və Tuğ kəndinə səfər edib. Dövlətimizin başçısı Hadrut qəsəbəsində yeni məscidin təməlini qoyub, Hadrut-Cəbrayıl-Şükürbəyli, Tuğ-Hadrut və Füzuli-Hadrut yollarında aparılan tikinti işləri ilə tanış olub, yeni “Hadrut” Qovşaq yarımstansiyasının təməlini qoyub.

Bu il iyunun 23-də Prezident, Ali Baş Komandan İlham Əliyev Müdafiə Nazirliyinin komando hərbi hissələrinin birində hərbi hissəyə Döyüş bayrağını təqdim edərkən bununla bağlı fikirlərini belə ifadə edib: “Keçmiş məcburi köçkünlər öz dədə-baba torpaqlarına qaytarılır. Onlarla görüşlər əsnasında mən demişdim ki, siz öz torpaqlarınıza qayıdacaqsınız, belə də oldu. Demişdim, biz heç vaxt imkan vermərik ki, ərazimizdə ikinci erməni dövləti yaradılsın, belə də oldu. Biz demişdik ki, düşməni torpaqlarımızdan qovacağıq, düşməni torpaqlarımızdan qovduq, Azərbaycan Bayrağını bizim tarixi torpaqlarımızda qaldırdıq. Yəni, bu, böyük tarixi nailiyyətdir. Bu şanlı tarix Azərbaycan xalqının qəlbində əbədi yaşayacaqdır”.

Nəşr edilib : 09.10.2023 09:50