AZ EN RU

Hacı Əliyevdən növbəti uğur

Türkiyənin Konya şəhərində keçirilən V İslam Həmrəyliyi Oyunlarında (İHO) dünən mübarizəyə güləşçilərimiz uğurlu nəticələrə imza atıblar. Milli komandamızın liderlərindən olan üçqat Avropa və üçqat dünya çempionumuz, olimpiya mükafatçımız Hacı Əliyev gözləntiləri doğruldub. 

Naxçıvan güləş məktəbinin yetirməsi sərbəst güləş üzrə 65 kq çəki dərəcəsi üzrə görüşlər keçirib. 1/4 finalda iranlı Morteza Çekayla keçirdiyi gərgin görüşdə hakimlərin mübahisəli qərarları fonunda hesabda 1:4 geriyə düşməsinə baxmayaraq titullu güləşçimiz son saniyələrdə geridönüş etməyi bacarıb. Rəqibi üzərində 8:4 hesablı əzmkar qələbə qazanan Əliyev yarımfinalda özbəkistanlı Ümid Cəlalovdan güclü olub – 4:0. Finalda albaniyalı Zəlimxan Abakarova "tuşe" ilə qalib gələn Hacı Əliyev qızıl medala sahib çıxıb. Bununla da Hacı karyerasında ikiqat İHO çempionluğunu qeyd edib. 

Qeyd edək ki, güləşçilərimiz ilk yarış günündə 3 qızıl, 2 gümüş və 1 bürünc medal qazanıb. 

Naxçıvan Muxtar Respublikası Gənclər

və İdman Nazirliyinin mətbuat xidməti

Nəşr edilib : 11.08.2022 16:14