AZ EN RU

Haçadağa yürüş

    Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi, Hava və Ekstremal İdman Növləri Federasiyasının təşkilatçılığı ilə Türkiyənin Dağçılıq Federasiyasının 23, Naxçıvanda fəaliyyət göstərən federasiyaların 16, ümumilikdə, 37 nəfər dağçı idmançının iştirakı ilə Xocalı soyqırımının 30-cu ildönümü ilə əlaqədar Haçadağa ekstremal idman yürüşü təşkil edilib. İştirakçılar tərəfindən Haçadağın zirvəsində Azərbaycan və Türkiyənin Dövlət bayraqları dalğalandırılıb, himnləri səsləndirilib.
    Yürüşdən sonra Hava və Ekstremal İdman Növləri Federasiyası tərəfindən tədbir iştirakçılarına təşəkkürnamələr, Türkiyə Dağçılıq Federasiyasının rəhbəri Ersan Başara isə plaket və xüsusi hədiyyə təqdim edilib. Öz növbəsində, Türkiyə Dağçılıq Federasiyası tərəfindən Naxçıvan Muxtar Respublikası Hava və Ekstremal İdman Növləri Federasiyasının sədri Mayis Əliyevə plaket təqdim olunub.
    Görüşlərdən sonra Türkiyə Dağçılıq Federasiyasının nümayəndələrinin “Əshabi-Kəhf Ziyarətgahı” Dini-Mədəni Abidə Kompleksinə və “Naxçıvanqala” Tarix-Memarlıq Muzey Kompleksinə ekskursiyaları təşkil edilib.  
    Tədbirdən sonra qonaqların fikirlərini öyrəndik:

    Ersan BAŞAR (Türkiyə Dağçılıq Federasiyasının prezidenti): – Naxçıvana gəliş səbəbimiz Xocalı faciəsinin 30-cu ildönümündə yerli dağçılarla Haçadağa yürüş etmək, bunu bütün dünyaya tanıtmaq və soyqırımında şəhid olan insanların xatirəsini  yad etməkdən ibarətdir. Bundan öncə də muxtar respublikada hər il bu yürüş təşkil olunub, Türkiyənin müxtəlif dağçı klublarının üzvləri Naxçıvandakı bu tədbirdə iştirak edib. Mən ilk dəfədir, Naxçıvana gəlirəm və bundan sonra da hər zaman buraya gəlmək, Xocalı soyqırımını dünyaya tanıtmaq üçün əlimdən gələni edəcəyəm. Naxçıvan bizi çox gözəl və isti qarşıladı, hər birimizlə ayrılıqda maraqlandılar. Səfər çərçivəsində Hava və Ekstremal İdman Növləri Federasiyasının sədri Mayis Əliyevlə görüşdük, bu idman növünün inkişafı üçün fikir mübadiləsi apardıq. Sonda belə qərara gəldik ki, bundan sonra Türkiyə Dağçılıq Federasiyasının təcrübəli məşqçiləri Naxçıvana gələcək, burada idmançılar və məşqçilər üçün seminarlar təşkil olunacaq və dərslər keçiləcək. Dağçılıq təkcə yürüşlə kifayətlənmir və bunun müxtəlif qolları var ki, onların da Naxçıvanda inkişafı gənc, perspektivli idmançıların beynəlxalq turnirlərdə iştirakı üçün federasiyamızın məşqçiləri burada treninqlər keçiləcək, bu növün bütün sirləri öyrədiləcək. Yerli federasiya ilə razılığımıza əsasən yetişən gənc idmançılar tez-tez Türkiyə Dağçılıq Federasiyası tərəfindən Türkiyəyə dəvət olunacaq, oradakı yarışlarda, yürüşlərdə iştirak edəcəklər. Deyə bilərəm ki, bundan sonra əməkdaşlığımız çərçivəsində hər iki tərəfə gediş-gəliş sayı artacaq.

    Murad Kılıçlı (İqdır Dağçılıq Arama Kurtarma Spor Klubunun sədri): –  Naxçıvana budəfəki səfərdə Türkiyə Dağçılıq Federasiyası sədrinin də iştirak etməsi bu yürüşün nə qədər önəm kəsb etdiyinin göstəricisidir. 23 nəfərlik heyətlə buraya gəldik və Haçadağa yürüşümüz təşkil olundu. Zirvədə bütün heyətlə bərabər, Azərbaycan və Türkiyənin Dövlət himnlərini oxuduq, şəhidlərimizi bir dəqiqəlik sükutla yad etdik. Xocalı soyqırımını şiddətlə və nifrətlə qınayırıq, unutmuruq, unutmayacağıq. Hər il buraya səfərlər təşkil olunur və bunu ənənə halına gətirib gələn il 100-dən çox dağçı ilə gəlmək fikrimiz var. Amma başqa bir fikrimi də çatdırmaq istəyirəm. Belə ki, qismət olarsa, bu soyqırımı bütün dünyaya nümayiş etdirmək üçün Hollandiyada bir aksiya keçirmək planımız var. Bundan başqa, Avropanın digər ölkələrində də belə yürüşlər, aksiyalar keçirmək, insanlara baş verən Xocalı soyqırımını, qətliamını tanıtmaq, aşılamaq istəyirik. Mən də Türkiyədə soyqırımına məruz qalmış bir ailənin övladıyam. Mənim də babalarım, qohumlarım, ümumilikdə, 72 nəfər ermənilər tərəfindən soyqırımda yandırılaraq öldürülüb. Ona görə bu soyqırımları dünyaya tanıtmaq üçün əlimizdən gələni edəcəyik. Naxçıvanda bizə çox mehriban münasibət göstərilir, burada özümüzü evimizdəki kimi hiss edirik. Bir daha təşkilatçılara təşəkkürümüzü bildiririk.

Ceyhun MƏMMƏDOV

Nəşr edilib : 28.02.2022 20:41