AZ EN RU

Gürcü politoloq: Azərbaycanın qazandığı Qələbə bizim üçün əsl nümunədir

Bu gün Azərbaycanın öz torpaqlarını işğaldan azad etməsi və qazandığı parlaq Qələbə bizim üçün əsl nümunədir.

Bu sözləri Gürcüstanın Strateji Planlaşdırma Mərkəzinin rəhbəri Levan Mamaladze Gürcüstanın Xobi şəhərində azərbaycanlı qəhrəman Rahib Məmmədova həsr olunmuş “19 yaşlı xilaskar” sənədli filminin təqdimatındakı çıxışı zamanı söyləyib.

O, Azərbaycanda işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən bərpa-quruculuq işlərinin olduqca təqdirəlayiq olduğunu söyləyib: “Azərbaycan Prezidentinin həm torpaqları işğaldan azad etməsi, həm də qısa zamanda həmin ərazilərin sosial-iqtisadi inkişafına nail olması da dünyaya nümunədir. Prezident İlham Əliyev dünyaya göstərdi ki, problemləri, münaqişələri həll etmək üçün düşməni təkcə tənqid etmək və ya onu zorla danışıqlar masasında oturtmaq bəs etmir. Ona öz gücünü də göstərməlisən”, - deyib.

Politoloq bildirib ki, bu gün Azərbaycanın və Gürcüstanın bölgələri arasında əlaqələrin inkişaf etdirilməsi üçün geniş imkanlar yaranıb. Ağdam rayonu işğaldan azad edildikdən sonra Gürcüstanın Xobi şəhəri arasında əlaqələri bərpa etmək üçün gözəl imkan yaranıb.

“İnanıram ki, Ağdam və Xobi şəhərləri arasında əlaqələr bərpa edildikdən sonra bu iki şəhər arasında əməkdaşlıq sürətlə inkişaf edəcək və digər bölgələr üçün yaxşı nümunə olacaq”,- deyə L.Mamaladze vurğulayıb.

Xətayi Əzizov

AZƏRTAC-ın xüsusi müxbiri

Tbilisi

Nəşr edilib : 20.10.2023 18:04