AZ EN RU

Günümüzün devizi: sürət məsafəni yox, ömrü qısaldır və ya piyada xəttindən keç, həyatından keçmə

Avtoqəzalar, piyada ölümləri, sürücü məsuliyyətsizliyi və xəsarət faktları… Demək olar ki, hər gün müxtəlif informasiya saytlarında, qəzetlərdə, televiziya və radiolarda bu mövzuda olan xəbərləri, süjetləri görmək mümkündür. Fərqli-fərqli səbəblərin yaratdığı yol-nəqliyyat hadisələri sözdə nə qədər sadə görünsə də, onu yaradan faktorlar və sonrakı mərhələdə yaşanan ağır nətsicələr olduqca mürəkkəbdir. Yol qəzalarına səbəb olan başlıca amillər isə, təbii ki, piyada və sürücülərin mövcud qaydalara əməl etməməsi, sürücülərin, sözdə illərin təcrübəsinə arxalanması, piyadaların haradan, necə gəldi keçməsi, diqqətsizliklə, daha qəqiq desək, məsuliyyətsizliklə əlaqəlidir. Düzdür, bu hadisələrə yol açan səbəblər çoxdur. Ancaq müşahidələrimiz yuxarıda sadaladığımız faktları ən başda qeyd etməyimizə imkan verir…

Mövzumuzla bağlı ətraflı məlumatı həmsöhbətimiz Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyi Dövlət Yol Polisi İdarəsinin əməkdaşı, polis kapitanı Ayaz İsmayılovdan alırıq.

Ayaz müəllim, ümumilikdə, götürsək, yol-nəqliyyat hadisələrinə, qəzalara, piyada ölümlərinə səbəb olan başlıca faktorlar nələrdir?

İstər sürücülər olsun, istərsə də piyadalar, ümumilikdə, ictimai nəqliyyatdan istifadə edən hər kəs, ilk növbədə, diqqətli olmağa çalışmalıdır. Diqqətli olmaq dedikdə, yəni yol hərəkət qaydalarını bilmək, ona həssaslıqla yanaşmaq, daha dəqiq desək, mövcud qanunlara məsuliyyətlə əməl etməyi nəzərdə tuturuq. Lakin bu gün baş verən bir çox qəzaların kökünə baxsaq, piyadaların, eləcə də sürücülərin bu və ya digər səbəblərdən diqqətsizliyə yol verdiyini, bunun nəticəsində insan ölümləri, maddi zərər və digər hadisələrlə sonlanan ağır qəza hallarının baş verdiyini görürük. Sözsüz ki, qəzaları yaradan faktorlar çoxdur, lakin bir çox yol-nəqliyyat hadisələrinin kökündə piyadaların və sürücülərin diqqətsizliyi dayanır. Yəni sürücülərimiz piyadalara diqqətsiz yanaşır, piyadalar işıqforu nəzərə almadan yola çıxır, piyada xəttindən istifadə etmir və nəticə etibarilə hər iki tərəfin diqqətsizliyi qəzaların baş verməsinə gətirib çıxarır. Zərərçəkən də hər iki tərəf olur. Bu səbəbdən sürücülər piyadaların çox olduğu prospektlərdə, küçələrdə mütləq yola nəzarət etməli, eynilə piyadalar da avtomobillərin gediş-gəlişinin qaynar olduğu yerlərdə diqqətli olmağa çalışmalıdırlar.

Ayaz müəllim, hesab edirəm ki, bu mövzuda sürücülərin təcrübə məsələsi də mühüm rol oynayır. Çünki əksər sürücülərin qəzadan sonra “Mən 20 ilin, 30 ilin, nə bilim 40 ilin sürücüsüyəm, günahkar piyadadır”, – deyib özünə bəraət qazandırdığını da görürük.

Sizinlə razıyam. Ümumiyyətlə, bir çox sahələrdə olduğu kimi, sürücülükdə də təcrübə faktoru böyük rol oynayır. Bu yalnız kiçik nəqliyyat vasitələrindən istifadə edən sürücülərə aid edilmir. Nəqliyyat vasitəsini idarə edən istənilən şəxsin sürücü olduğunu nəzərə alsaq, o zaman ən kiçik nəqliyyat vasitəsindən tutmuş ən böyük nəqliyyat vasitəsinə qədər hər bir sürücünün təcrübə məsələsi nəzərə alınmalıdır. Hətta bir faktı diqqətə çatdırım ki, dünya praktikasında belə pilotların təcrübə məsələsinin qiymətləndirilməsində, onların neçə saat uçuş həyata keçirdiyi mütləq diqqətə alınır. Yəni bu pilot 3 min və yaxud 4 min saat uçuş həyata keçirib… bu, mütləq nəzərə alınır. Eləcə də avtomobil və digər nəqliyyat vasitlələrinin istifadəsində də sürücülərin təcrübəsinin qiymətləndirilməsi gözardı edilməməlidir. Mən bir çox müsahibələrimdə qeyd etmişəm ki, sürücülük vəsiqəsini yeni əldə edən şəxslər, xüsusən də xanım sürücülər, mütləq şəkildə avtomobillərinin ön və ya arxa şüşəsinə “təcrübəsiz sürücü xəbərdarlıq nişanı” istifadə etməlidir. Bu xəbərdarlıq nişanının mahiyyəti, adından da göründüyü kimi, ondan ibarətdir ki, yəni təcrübəsiz sürücülər yolda hərəkət edərkən onların, necə deyərlər, səriştəsizliyi digər sürücülər tərəfindən nəzərə alınsın. İmkan daxilində digər sürücülər yeni təcrübə qazanan həmkarlarına qəzasız hərəkət etmək üçün şərait yaratsınlar, köməklik göstərsinlər Və sualınıza son olaraq onu deyə bilərəm ki, təcrübəli sürücü, hər şeydən əvvəl, öz səbri, məsuliyyəti, diqqəti, peşəkarlığı, təmkini ilə seçilməlidir. O nəzərə almalıdır ki, hərəkətdə olduğu zaman qarşısına ani olaraq maneələr çıxa bilər. Bu zaman sürücü yaranan hər vəziyyətdə nəqliyyat vasitəsini məharətlə idarə etməlidir. Bir sözlə, o, tək özünü deyil, sərnişinləri və piyadaları da düşünməlidir…

Düşünürəm ki, sürücülərin piyadaları və sərnişinləri nəzərə aldığı kimi, eyni ilə piyadalar da sükan arxasında əyləşənləri nəzərə almalıdır. Ümumiyyətlə, piyadaları yol hərəkəti qaydalarına əməl etməlidir deyəndə nəyi nəzərdə tuturuq?

 Bu suala bir qədər geniş prizmadan yanaşmaq lazımdır. Əvvəla onu qeyd edək ki, piyada nəqliyyat vasitələrindən kənarda, yol hərəkətində iştirak edən və yolda heç bir iş görməyən şəxsdir. Onların yolda təhlükəsiz  hərəkəti üçün isə piyada keçidi və səkilər nəzərdə tutulub. Piyada keçidləri, bildiyimiz kimi, yolun hərəkət hissəsində ağ zolaqlarla işarətlənən, o cümlədən yerüstü və ya yeraltı bir tikili, qurğu vasitəsilə piyadaların yolu keçməsi üçün nəzərdə tutulan sahədir. Səkilər isə yolun hərəkət hissəsinə bitişik olan və ya yoldan ayrı şəkildə piyadaların hərəkəti üçün nəzərdə tutulan hissədir. Bununla belə qeyd etmək lazımdır ki, Azərbaycan Respublikasının “Yol hərəkəti haqqında” Qanununa əsasən piyadaların bir sıra yol hərəkət qaydalarına əməl etməsi mütləq surətdə nəzərdə tutulub. İlk növbədə, piyadalar səkilər və onlar üçün ayrılmış piyada zolaqları ilə hərəkət etməlidir. Nadir hallarda, bunlar olmadığı zaman isə ayırıcı zolağı olan yollarda hərəkət hissəsinin kənarı ilə getməli, ictimai nəqliyyatı, o cümlədən də taksini yalnız dayanacaqlarda, dayanacaqlar olmadıqda isə səkidə gözləməlidirlər.

Ayaz müəllim, qəza xəbərlərini oxuyarkən avtoxuliqanlıq hallarına da yol verildiyinin şahidi oluruq. Qanunun bu mövzuya yanaşması necədir?

  Əvvəla onu qeyd edim ki, muxtar respublikamızda avtoxuliqanlıq halları çox aşağı səviyyədədir. Lakin çox az hallarda bəzi şəxslərin yollarda, yaxud da polis əməkdaşlarının gözündən uzaq ərazilərdə bu hallara yol verildiyinin şahidi oluruq. Belə ki, yaşayış ünvanlarına yaxın yerlərdə maşınların yüksək sürətdə idarə olunması, magistral yollarda iki, üç, hətta daha artıq sürücünün, xüsusən də gənc sürücülərin yarış təşkil etməsi, asfalt örtüyünü zədələməsi, təhlükəli manevrlər etməsi və bir neçə amillər buna misal ola bilər. Təbii ki, qanunda bu özbaşınalıq hallarının qarşısının alınması istiqamətində də müəyyən tədbirlər görülür, cərimələr tədbiq olunur. Belə ki, İnzibati Xətalar Məcəlləsinin 511.1-ci maddəsində bununla bağlı ağır cəza tədbirləri var. Yəni avtoxuliqanlığa yol verən sürücünün sürücülük hüququnu bir il müddətinə məhdudlaşdırmaqla 500 manatdan 750 manatadək cərimə olunması qanunla müəyyən edilmişdir. Eyni zamanda sürücülərimiz bilməlidirlər ki, avtoxuliqanlıq son dərəcə təhlükəli əməl və yol-nəqliyyat hadisəsinə birbaşa dəlalət edən amildir. 

Elektroskuterlər və velosipedlərin tənzimsiz hərəkəti də ciddi problemlərə gətirib çıxarır…

Suala cavab verməzdən əvvəl onu qeyd edim ki, muxtar respublikamızda elektroskuterlər və velosipedlər üçün geniş hərəkət yolunun olmaması onlardan istifadənin qadağan edilməsi mənasına gəlmir. Burada diqqət etməli olduğumuz məqam başqadır. Yəni adını çəkdiyimiz qurğulardan necə istifadə etməli olduğumuz nəzərə alınmalıdır. Bunun üçün öncə onu diqqətə çatdıraq ki, qanunvericiliyə əsasən küçə və yollarda 14 yaşına çatmayan yeniyetmələrin velosiped, 16 yaşına çatmayan yeniyetmələrin isə elektroskuter və moped sürməsi qəti qadağandır. Buna paralel olaraq qanunda bu tip nəqliyyat vasitələrini idarə edən şəxslərə qarşı müəyyən tövsiyələr və qadağan edilmiş hallarda da var. Belə ki, qanunvericiliyin yanaşmasına əsasən velosiped və elektroskuter yolu yoxdursa, sürücülər yolun sağ kənar zolağında və ya zolağın sağında hərəkət etməlidirlər. Bu tip nəqliyyat vasitələrinə səkiylə hərəkət etmək, sərnişin daşımaq və yük daşımaq qadağandır. Həmçinin tövsiyə olunur ki, istifadə zamanı sürücülərin qoruyucu dəbilqəsi olmalı və gecə vaxtı idarə edən zaman isə işıq sistemi və işıqqaytarıcı vasitələrdən istifadə edilməli, onları idarə edən şəxslərin geyimləri üzərində işıq əksetdirici elementlər olmalıdır. Bu elementlər olan zaman qarşıdan və arxadan gələn sürücü həmin elementləri görüb sürətini azaldır və yol qəzalarının qarşısı alınır. Onu da qeyd etmək lazımdır ki, valideynlər mütləq uşaqlarını nəzarətsiz qoymamalı və küçələrdə yol hərəkətindən necə istifadə etməsi ilə bağlı mütəmadi maarifləndirici söhbətlər aparmalıdır. Təəssüf hissi ilə qeyd edirik ki, bütün bu xəbərdarlıqlara baxmayaraq, bu gün elektroskuter və velosiped sürənlərin 95 faizi yetkinlik yaşına çatmayanlardır. Buna görə də sürücülərin üzərinə ağır məsuliyyət düşür. Onlar səbir nümayiş etdirməli, diqqətli olmağı bacarmalıdır. İndi artıq yay fəslindəyik. 3-4 ay velosiped, elektroskuter sürənlərin sayında sıxlıq müşahidə olunacaq. Bunun üçün hər kəsə səbirli və təmkinli olmağı tövsiyə edirəm…

Ayaz müəllim, son zamanlar bir çox yol-nəqliyyat hadisələrinin gecə saatlarında baş verdiyini müşahidə etmişik. Sürücülərin sözlərinə görə buna başlıca səbəb piyada keçidlərinə yaxın yerlərdə, yaxud da yolların kəsişdiyi yerlərdə işıqlandırma sisteminin zəifliyidir. Siz nə düşünürsüz?

Gecə qəzalarının baş verməsində yalnız işıqlandırma sisteminin yox, ümumilikdə, götürsək, bir çox amillərin rolu var. Hətta fəsildən və hava şəraitindən asılı olaraq gecə qəzalarının baş vermə səbəbləri də dəyişir. Bu qəzaların yaranmasına ən çox yol açan səbəb kimi, havanın dumanlı, çənli olmasını misal göstərə bilərik. Bu hal da daha çox payız, qış aylarında özünü göstərir. Bununla belə sürücülərimiz yaxşı bilir ki, gecə saatlarında avtomobili və digər nəqliyyat vasitələrini idarə edərkən onun yaxın və uzaq işıqlarından istifadə etmək olar. Uzaq işıqlardan ancaq yaşayış məntəqələrindən kənar yollarda qarşıdan digər avtomobil gəldikdə istifadəyə icazə verilir. Bu həm sürücünün təhlükəsizliyi, həm də qarşıdan gələn digər nəqliyyat vasitəsinin təhlükəsizliyi üçün əhəmiyyətlidir. Lakin heç bir səbəb olmadan uzaq işıqların istifadəsi ciddi problemlərin yaranmasına da səbəb ola bilir. Məsələn, bu zaman qarşıdan gələn avtomobilin sürücüsü işığın təsirindən yolu aydın şəkildə görə bilmir, gözləri qamaşır və qəzanın baş verməsi qaçılmaz olur. İnzibati Xətalar Məcəlləsinin 329.3-cü maddəsinə görə bu hala yol verən sürücülər 30 manat məbləğində cərimə olunurlar. Bununla yanaşı, gecə qəzalarından piyadaları qorumaq üçün müxtəlif maarifləndirici tədbirlərdə qeyd edirik ki, bu saatlarda yola çıxan zaman mütləq şəkildə işığı əks etdirən geyimlərdən, açıqrəngli paltarlardan istifadə edin. Qara, tündrəngli işığı udan geyimlər sürücünün sizi görməsinə ciddi şəkildə mane olur. Bunun qarşısını almaq üçün piyadalar, ilk növbədə, piyada xəttindən keçməyə diqqət göstərməli və yuxarıda qeyd etdiyimiz məsələləri nəzərə almalıdırlar. Və sualınıza son olaraq deyirəm ki, şəhərimizin bir sıra prospektlərində, avtomobillərin müntəzəm hərəkət etdiyi yerlərdə işıqlandırma sisteminin zəif olduğunu, o cümlədən işıq dirəklərindən bir neçəsinin nasaz vəziyyətdə olduğunu müəyyən etmişik. Və bu barədə aidiyyəti qurumlara məlumat vermişik. İnanırıq ki, qısa zaman ərzində bu məsələ həll olunacaqdır…

Əziz oxucular, yol hərəkətində iştirak edən hər kəs, ilk növbədə, öz həyatını ardınca isə yaxınlarının və digər insanların həyatını düşünməlidir. Çünki yol hərəkəti qaydalarına əməl etmək hər birimizin insanlıq və vətəndaşlıq borcudur. Və son olaraq onu deyirik ki, mövzumuzda toxunduğumuz bütün məsələləri nəzərə almaq və onlara məsuliyyətlə yanaşmaq üçün o məşhur fikirləri xatırlamağın faydası var: “Sürət məsafəni yox, ömrü qısaldır və ya piyada xəttindən keç, həyatından keçmə!”.

Məcid RƏŞADƏTOĞLU

 

Nəşr edilib : 02.07.2024 17:43