AZ EN RU

Günnüt Zəfərindən 5 il ötür

    Azərbaycan Respublikası Müdafiə Nazirliyinin təşkilatçılığı ilə ölkəmizdə fəaliyyət göstərən media qurumlarının nümayəndələrinin Naxçıvan Muxtar Respublikasına səfəri təşkil olunub. İkigünlük səfərin əsas məqsədi isə Günnüt əməliyyatının 5 illiyi ilə bağlı idi. Səfərin ilk günündə media nümayəndələri işğaldan azad edilən Günnütdə olublar.

    Ötən əsrin 90-cı illərində Şərur rayonunun bir çox kəndləri kimi, Günnüt kəndi də aramsız düşmən hücumlarına məruz qalırdı. Həmin vaxt işğala məruz qalan kəndlərdəki yaşayış binaları, həmçinin məktəb və qəbiristanlıqlar erməni vandalları tərəfindən dağıdılaraq xarabalığa çevrilmişdi. Günnütün də bu aqibətlə üzləşməsi nəticəsində kənd əhalisinin əksəriyyəti Mahmudkəndə köçməyə məcbur qalmışdı.
    Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin tapşırığı əsasında 2018-ci il mayın 20-dən 27-dək Naxçıvan Muxtar Respublikasında Əlahiddə Ümumqoşun Ordunun keçirdiyi əməliyyat nəticəsində Şərur rayonunun Günnüt kəndi, Ağbulaq yüksəkliyi, Qızılqaya və Qaraqaya dağları azad olundu. Dərələyəz mahalının Arpa kəndi isə Azərbaycan Ordusunun nəzarəti altına keçdi. Ümumilikdə, 11 min hektar ərazi olmaqla sağ cinahda Ağsal dağı-Qaraqaya dağı istiqamətində 459, mərkəzdə Danzik-Qızılqaya dağı istiqamətində 1089, sol cinahda Ardıc dağı-Kömürlü dağı istiqamətində 1184 hektar ərazi bölmələrimizin nəzarətinə keçib. Sağ cinahda 1242, mərkəzdə 2291, sol cinahda 3107 və Qarağac-Həsənqulubağ dağı istiqamətində 1200 hektar ərazinin təhlükəsiz istifadəsi təmin edildi. Ələ keçirilən ərazilərin 8 min hektardan artığı kənd təsərrüfatı, xüsusilə dəmyə əkinçiliyi üçün yararlı sahələrdir. Dəniz səviyyəsindən 1683 metr hündürlükdə yerləşən Qızılqaya yüksəkliyinin ən böyük strateji əhəmiyyəti isə ordumuza İrəvan-Yexeqnadzor-Gorus-Laçın-Xankəndi avtomobil yoluna nəzarət etməyə imkan verməsidir.
    Günnüt əməliyyatının iştirakçılarından olan hərbi qulluqçu Tural Həşimli deyir ki, 2018-ci ilin may ayında həyata keçirilmiş Günnüt əməliyyatı zamanı Əlahiddə Ümumqoşun Ordunun əsas hədəfi o zaman Naxçıvan Muxtar Respublikasının ərazisində Ermənistan-Azərbaycan qoşunlarının təmas xəttinə yaxın kəndlərdə yaşayan və qarşı tərəfin atəşinə daim məruz qalan dinc Azərbaycan əhalisinin təhlükəsizliyini təmin etmək idi: “Bunun üçün komandanlıq tərəfindən bölmələrimiz qarşısında erməni hərbi birləşmələrinin atəş nöqtələrini zərərsizləşdirmək, hakim yüksəklikləri və strateji əhəmiyyətli mövqeləri azad edərək nəzarətə götürmək tapşırığı verildi. Dövlətimizin başçısı cənab İlham Əliyev dəfələrlə bəyan etmişdi ki, Azərbaycan bir qarış torpağını da düşmənə güzəştə getməyəcək və Azərbaycanın ərazi bütövlüyü heç vaxt danışıqlar mövzusu ola bilməz. Əlahiddə Ümumqoşun Ordunun keçirdiyi Günnüt əməliyyatı da bunun əyani sübutlarından biri oldu”.
    Əlahiddə Ümumqoşun Ordunun hərbi qulluqçusu Unutmaz Əsədovun fikrincə, Günnüt əməliyyatı şanlı tariximizin parlaq səhifələrindən biridir: “2018-ci il mayın 20-dən 27-dək Naxçıvan Muxtar Respublikasında Əlahiddə Ümumqoşun Ordunun keçirdiyi əməliyyat nəticəsində Şərur rayonunun Günnüt kəndi, Ağbulaq yüksəkliyi, Qızılqaya dağı, Qaraqaya dağı azad olunub. Dərələyəz mahalının Arpa kəndi də Azərbaycan Ordusunun nəzarəti altına keçib. Əməliyyat nəticəsində 11 min hektarlıq ərazi azad edilib. Bu əməliyyat Azərbaycan Silahlı Qüvvələrinə İrəvan-Keşişkənd-Gorus-Laçın-Xankəndi avtomobil yoluna nəzarət etməyə imkan verib. Artıq 5 ildir ki, qürurla qeyd etdiyimiz Günnüt Zəfəri, Aprel döyüşləri, Tovuz döyüşləri və nəhayət, Vətən müharibəsində Şanlı Zəfərimiz Azərbaycanda xalq-dövlət-ordu birliyinin real nümayişi və hərbçilərimizə fəxr, başucalığı gətirən şanlı tariximizin parlaq səhifələrindən biridir. Günnüt əməliyyatı zamanı əldə edilən uğur Ermənistan ordusunun şəxsi heyətinin, hətta Ermənistan əhalisinin vahiməyə düşməsinə səbəb oldu. Yəni Azərbaycan hərbçilərinin peşəkarlığı öz sözünü dedi”.
    Ərazinin etibarlı müdafiəsi, bölmələrin manevr qabiliyyətinin yüksəldilməsi və təminat-təxliyə məqsədi ilə Günnütdə yollar bərpa edilib. Strateji əhəmiyyətli Arpaçay Su Dəryaçasının taktiki cəhətdən etibarlı mühafizəsinin təşkili üçün ətrafdakı hakim yüksəkliklərdə müdafiə mövqeləri qurulub. Müdafiə rayonunun qorunmasının təşkili məqsədilə burada mühəndis-istehkam tədbirləri görülüb, postlar arasında dayanıqlı rabitə əlaqəsi yaradılıb.
    Günnüt əməliyyatı zamanı uğur qazanmağımızın digər səbəbi Əlahiddə Ümumqoşun Ordunun bütün bölmələrinin tək vücuda çevrilməsi, döyüş uzlaşmasının düzgün təşkilidir. Döyüş təchizatının təmin olunması, ehtiyatların vaxtında çatdırılması, qoşun xidmətinin düzgün qurulması, fasiləsiz rabitə, kəşfiyyat və radioelektron mübarizənin effektiv fəaliyyəti, tibbi xidmətin yüksək səviyyəsi, yerli icra orqanları və ictimaiyyətlə əlaqələrin düzgün təşkili əməliyyatın uğurla başa çatmasında  mühüm rol oynadı.
    Hərbi ekspert Zaur Yusifovun fikrincə, Günnüt əməliyyatını səciyyələndirən daha bir amil ordumuzun mənəvi gücünün nümayişi idi: “Keçirilən uğurlu əməliyyat göstərdi ki, ordumuzun nailiyyətlərinin təməlində məhz şəxsi heyətin mənəvi-psixoloji cəhətdən güclü olması durur. Döyüşlərə cəlb edilən bölmələrimizin şəxsi heyəti döyüş tapşırığını uğurla yerinə yetirmək üçün canını, qanını, gücünü və qüvvəsini əsirgəmədi. Hər kəs əməliyyatda iştirak etməyə, qələbədə az da olsa, əməyinin olmasına çalışırdı. Bununla yanaşı, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin Günnüt əməliyyatına verdiyi yüksək qiymət Əlahiddə Ümumqoşun Ordunun şəxsi heyəti üçün qürur mənbəyidir. Dövlətimizin başçısının verdiyi qiymət və əməliyyatla bağlı səsləndirdiyi fikirlər hərbçilərimizi daha böyük uğurlara, Vətənə, xalqa, hərbi anda sonsuz sədaqətlə xidmət etməyə ruhlandırır”.
    Hərbi ekspert Bəhruz Rüstəmov bu qələbəni ordumuzun döyüş hazır­lığının yüksək olması ilə əlaqələndirir: “Günnüt əməliyyatı da ordumuzda və onun tərkib hissəsi olan Əlahiddə Ümumqoşun Orduda mövcud yüksək döyüş hazırlığının, peşəkarlığın real göstəricisidir. Ermənistan silahlı birləşmələrinin işğalı altında olan torpaqlarımızın azad edilməsi məqsədilə həyata keçirilən Günnüt əməliyyatı hərbi komandanlıq tərəfindən peşəkarlıqla hazırlanmış plan idi və uğurla nəticələndi. Plana uyğun olaraq əməliyyatın keçirilməsi məqsədilə aparılan hazırlıq prosesi tam məxfi şəraitdə icra olunmuşdu. Planın düzgün tərtib edilməsi, qarşıya qoyulan tapşırıqların icrası ilə bağlı ən kiçik nüansın, detalın nəzərə alınması və şəxsi heyətin peşəkarlığı sayəsində əməliyyat cəmi 1 nəfər şəhid verməklə Azərbaycan Ordusunun Qələbəsi ilə nəticələndi.
    Qeyd edək ki, Günnüt əməliyyatında ordumuz yalnız bir şəhid verib – Adil Tatarov. Şəhidin adının əbədiləşdirilməsi üçün isə düşmənlə üz-üzə postlardan biri məhz onun şərəfinə belə adlandırılıb: “Tatar postu”.
    Günnüt əməliyyatından danışarkən bu əməliyyatın mənəvi-psixoloji tərəflərini də qeyd etmək lazımdır. Günnüt əməliyyatının uğurla başa vurulması xalqımızın, ordumuzun özünə inamını daha da artırdı. Aprel döyüşlərindən sonra yüksələn döyüş əzmi, torpaqların işğaldan azad edilməsi inamı Günnüt əməliyyatı ilə öz kulminasiyasına çatdı. Aprel döyüşü başlanğıc idisə, Günnüt əməliyyatı yekun müharibənin carçısı oldu. Şanlı Ordumuz 44 günlük müharibə zamanı Tarixi Qələbə qazandı. Naxçıvandakı Əlahiddə Ümumqoşun Ordunun muxtar respublikanın şimal-qərb hissəsində keçirdiyi əməliyyatların hərbi tərəfi olduqca əhəmiyyətlidir. Bu həm də hərbi uğurun olduqca əhəmiyyətli siyasi komponentini ortaya qoyaraq regionda yeni reallıqlar yaratmağa başladı. Eyni zamanda qazanılan uğur ordumuzun yüksək təşkilatlanmasının, hazırlığının, texniki və döyüş imkanlarının bir daha təsdiqi deməkdir. Ordunun bu əməliyyatları həyata keçirərkən son dərəcə yüksək təşkilatçılıq və peşəkarlıq qabiliyyəti ilə fərqlənməsi mühüm nüanslardan biridir. Çünki bu qədər geniş və dağlıq ərazidə həyata keçirilən əməliyyat, ona cəlb olunan ordu birləşmələri, texnika və sair bu kimi məqamların peşəkarlıqla yekunlaşdırılması heç də asan deyil. Həyata keçirilən bu əməliyyatın yalnız sonunda ictimaiyyətə məlumat verilməsi isə hər zaman müsbət hal kimi xatirələrdə qalacaq.
    Əlahiddə Ümumqoşun Ordunun xüsusi təyinatlı bölmələrində, demək olar ki, hər gün müxtəlif mövzularda taktiki-xüsusi təlimlər keçirilir. Səfər çərçivəsində xüsusi təyinatlıların şəhər döyüşləri, bina əməliyyatları, şərti olaraq helikopterin qarşılanması, düşmən ərazisinə endirilməsi və qrupun çıxarılması, sərt qayalıqdan enişlər, qayadan qayaya keçidlər, əlbəyaxa döyüşlər və bıcaqatma məşğələləri nümayiş etdirilib.
    Səfərin ikinci günündə Günnüt əməliyyatının 5 illiyi ilə bağlı Əlahiddə Ümumqoşun Ordunun Təlim-Tədris Mərkəzində “Qarabağa gedən yol” adlı ədəbi-bədii tədbir keçirilib. Naxçıvan Qarnizonu tam orta məktəbinin pedaqoji və şagird kollektivi, Heydər Əliyev adına Hərbi Liseyin kursantları, hərbi qulluqçular və ictimaiyyət nümayəndələrinin iştirak etdiyi tədbirdə Günnüt əməliyyatında iştirak edən hərbi qulluqçular qazandıqları zəfər barədə söhbət açıb, xatirələrini danışıblar. Bildirilib ki, 2016-cı il Aprel döyüşləri Azərbaycan Ordusunun hərbi qüdrətini göstərdisə, 2018-ci il Günnüt əməliyyatı zamanı qazanılan strateji yüksəklik və ərazilər Azərbaycan Ordusunun nə qədər böyük manevr qabiliyyətinə malik olduğunu təsdiq etdi. Beləliklə, döyüş meydanında təcrübə qazanan ordumuz Vətən müharibəsində düşməni məğlub edərək torpaqlarımızı işğaldan tam azad etdi.
    Tədbirdə Günnüt əməliyyatında şəhid olan Adil Tatarov haqqında, eyni zamanda ordumuzun qüdrətindən bəhs edən videoçarxlar nümayiş olunub, əsgər və şagirdlər vətənpərvərlik ruhunda mahnılar səsləndirib, şeirlər qiraət ediblər.
    Naxçıvan Muxtar Respublikasında ordu quruculuğu prosesi davamlı xarakter daşıyır. Hər il yeni əsgəri-məişət-yaşayış kompleksləri tikilir, hərbi hissələrin maddi-texniki təminatı möhkəmləndirilir, şəxsi heyətin döyüş və mənəvi hazırlığı diqqətdə saxlanılır. Təsadüfi deyil ki, ötən dövrdə muxtar respublikanın etibarlı müdafiə təminatı ilə bağlı həyata keçirilmiş tədbirlər çərçivəsində yüzlərlə hərbi obyekt tikilərək yaxud yenidən qurularaq istifadəyə verilib. Əlahiddə Ümumqoşun Orduda real döyüş şəraitinə uyğun inşa edilən təlim sahəsində atış çalışmalarının, müxtəlif ixtisaslar üzrə dərs və məşğələlərin keçirilməsi, döyüş tapşırıqlarının tədris olunması, eləcə də praktiki məşq etdirilməsi nəzərdə tutulub.
     Naxçıvan şəhərində fəaliyyət göstərən açıq səma altında Naxçıvan Döyüş Şöhrəti Muzeyində müxtəlif illərdə döyüş növbətçiliyinə qəbul edilmiş 26 adda silah, texnika və qurğular – haubitsa, top və minaatanlar, hava hücumundan müdafiə üzrə döyüş maşınları, zenit raket və qurğuları, “Mi-8T” döyüş-nəqliyyat helikopteri, yerqazan və maneələğvetmə maşınları, tanklar, piyadanın döyüş maşınları, zirehli transportyor və döyüş kəşfiyyat maşınları, dartıcılar, eləcə də müxtəlif hərbi təyinatlı avtomobillər nümayiş olunur.
    Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyev 2021-ci il may ayının 10-da Naxçıvan Muxtar Respublikasına səfəri zamanı Günnüt əməliyyatını xüsusi qeyd edərək vurğulamışdı: “Ümumiyyətlə, deyə bilərəm ki, Naxçıvanın müdafiə potensialının möhkəmlənməsinə həmişə böyük diqqət göstərilib. Təsadüfi deyil ki, mənim göstərişimlə Naxçıvanda Ümumqoşun Əlahiddə Ordu yaradılmışdır və ordu ən müasir silah və texnika ilə təchiz edilmişdir. Bu gün Naxçıvan ordusunda olan hərbi texnika deyə bilərəm ki, bəlkə də, bəzi qabaqcıl ölkələrdə olan texnikadan üstündür. Çünki Naxçıvana ən müasir, ən son texnologiyaya əsaslanmış texnika gətirilir. Deyə bilərəm ki, bütövlükdə, Azərbaycan Ordusuna xaricdən gətirilmiş texnikaların böyük əksəriyyətinin nümunələri Naxçıvan Muxtar Respublikasında mövcuddur. Əlbəttə ki, Naxçıvan Ümumqoşun Əlahiddə Ordunun döyüş qabiliyyəti də yerindədir və uğurlu Günnüt əməliyyatı – üç il bundan əvvəl keçirilmiş əməliyyat bunun bariz nümunəsidir. O əməliyyat Ermənistanda hakimiyyət dəyişikliyinə təsadüf etdi, ona görə, hakimiyyətə gəlmiş yeni iqtidar bunu bir növ ört-basdır etməyə çalışdı. Biz də heç üstünü vurmadıq. Çünki bizə hansısa təbliğat yox, real iş lazımdır. Biz çox önəmli strateji yüksəklikləri Ermənistan ordusundan təmizlədik, o yüksəklikləri əldə etdik. Bu yüksəkliklər imkan verdi ki, biz artıq strateji kommunikasiyalara tam nəzarət edirik və Ermənistandan Dağlıq Qarabağa gedən yola da nəzarət edirik. İkinci Qarabağ müharibəsində bu yola nəzarət imkanlarımız bizə bir çox informasiyanın əldə edilməsində kömək göstərdi. Qarşı tərəf bilir ki, bizim nəzarətimizdə olan bu kommunikasiyalar istənilən vaxt kəsilə bilər və əlbəttə, öz addımlarını buna uyğun atmalıdır”.
    Doğrudan da, Günnüt əməliyyatı bir daha sübut etdi ki, Azərbaycan Ordusu istənilən vaxt Böyük Qələbələr qazanmağa qadirdir. Necə ki, bunu 44 günlük Vətən müharibəsində sübut etdi. Ümummilli Liderimiz Heydər Əliyevin də dediyi kimi: “Ordu ölkəmizin, millətimizin, dövlətimizin müstəqilliyinin dayağıdır”.

Ceyhun MƏMMƏDOV

 

Nəşr edilib : 20.05.2023 11:07