AZ EN RU

Günnüt döyüşlərinin qəhrəman şəhidi

    Vətən sevgisi ən ülvi, ən uca sevgidir. Elə bir sevgi ki beşikdən, ana laylasından, ailədən, məktəbdən başlanır, ünvanı isə əbədiyyətdir. Vətənin dar günündə yağı gülləsi qabağına çıxmaq, ölməzlik qazanmaq, şəhid olmaq doğma yurda bəslənilən məhəbbətin ən yüksək zirvəsi, ən böyük şərəf və qürurdur. 
    Tariximizə belə qürur, qəhrəmanlıq səhifələrindən birini yazan Günnüt əməliyyatının şəhidi, əsgər Tatarov Adil Əli oğludur. O, 1999-cu il yanvarın 28-də Ağstafa rayonunun Qıraq Kəsəmən kəndində doğulmuşdu. Qıraq Kəsəmən kənd tam orta məktəbində orta təhsil almış, 2017-ci ilin aprelində hərbi xidmətə yollanmışdı. O, 2018-ci il mayın 20-dən 27-nə qədər muxtar respublika ərazisində gedən Günnüt hərbi əməliyyatında qəhrəmanlıq göstərərək döyüş tapşırıqlarını yerinə yetirərkən qəhrəmancasına şəhidlik zirvəsinə yüksəlib. Şəhidimiz doğulub, boya-başa çatdığı Ağstafa rayonunun Qıraq Kəsəmən kənd qəbiristanlığında dəfn edilib. 
    Şəhidin anası Şükufə Tatarova ilə telefon əlaqəsi saxladıq. Şükufə xanım bizimlə söhbətində o gündən beş il keçsə də, hələ də yarası təzə kimi səsi titrəyərək dedi: – Adil ailəmizin yeganə oğul övladı, dörd bacının bir qardaşı idi. Onda Vətən sevgisi, məhəbbəti çox böyük idi. Hələ orta məktəbin XI sinfində təhsil alarkən “Vətənin müdafiəsinə hazıram” poliatlon çoxnövçülüyü üzrə respublika çempionatının rayon mərhələsində qalib olmuş, diplomla təltif edilmişdi. Hərbi xidmətə də “ya qəhrəman, ya da şəhid” amalı ilə yollanmışdı. Orada da nümunəvi əsgər kimi seçilmiş, hərbi hissə üzrə keçirilən “Ən yaxşı snayper” yarışında yüksək nəticələr əldə etdiyinə görə hərbi hissənin komandiri tərəfindən fəxri fərmanla təltif olunmuşdu. 2017-ci ildə xidmət keçdiyi hərbi hissədən ailəmizə təşəkkür məktubu göndərmişdilər. Həmin məktubda yazılanları sizinlə də paylaşmaq istəyirəm: “Övladınız hərbi hissədə xidmət etdiyi müddətdə özünü tərbiyəli, nizam-intizamlı, müqəddəs torpaqlarımızın toxunulmazlığı uğrunda mübarizədə qorxmaz, igid və cəsur bir Azərbaycan əsgəri kimi göstərmişdir. O, hərbi xidmətdə çalışqanlığı və qayğıkeşliyi ilə əsgər yoldaşlarının və komandanlığının dərin hörmətini qazanıb. Hərbi intizamına və nümunəvi xidmətlərinə görə komandirləri tərəfindən dəfələrlə mükafatlandırılıb. Oğlunuz Adil suveren, müstəqil Azərbaycanımızın dövlət mənafeyini yüksək tutaraq, müqəddəs topaqlarımızın toxunulmazlığı uğrunda öz əsgəri borcunu ləyaqətlə yerinə yetirmişdir. Vətənimiz Azərbaycanın etibarlı müdafiəçisi olan Adil kimi igid oğul böyütdüyünüzə görə sizə təşəkkür edir, öz minnətdarlığımızı bildiririk”. Bir ana üçün övladı haqqında bundan böyük qürur, bundan böyük fəxr hissləri olmaz hər halda – deyir ana. Oğlum vətənpərvər bir övlad kimi həmişə öndə olmağa səy göstərir, ailəmizi qazandığı nailiyyətlərlə qürurlandırırdı. Hərbi xidməti bitirməyinə 4 ay qalmış şəhid xəbəri gəldi. Övladım dostları, hərbçi yoldaşları, müəllimləri arasında o qədər özünə hörmət qazanmışdı ki, dəfn mərasimində onu hamı uca tutdu. Adilin arzusu bu gün işğaldan azad edilmiş torpaqlarımız uğrunda döyüşmək idi. Onun bu müqəddəs arzusunu Adil kimi cəsur, igid Vətən oğulları yerinə yetirdi, onların canı-qanı bahasına torpaqlar işğaldan azad edildi. Bu gün digər şəhidlərimiz kimi, Adilin də ruhu şaddır. 2018-ci ildə Naxçıvana da gəlmişdik, bizi orda çox hörmətlə qarşıladılar, Ulu Öndərin abidəsini və xatirəsinin yaşadıldığı muzeyi ziyarət etdik. Dövlətimiz tərəfindən şəhidlərimizə həmişə diqqət göstərilib. Adil də Müdafiə Nazirliyi tərəfindən ölümündən sonra “Şücaətə görə” medalı, ölkə başçısının müvafiq Sərəncamına əsasən ölümündən sonra “Vətən uğrunda” medalı ilə təltif edilib, – deyə Şükufə ana qeyd etdi. 
    Məhz 44 günlük şanlı Vətən müharibəsində əldə edilən böyük Zəfərə gedən yolda qüdrətli Ordumuzun Günnüt əməliyyatında göstərdiyi şücaət, qəhrəmanlıq bu gün də böyük qürur hissi ilə xatırlanır. Xalqımız dövlətimizin ərazi bütövlüyü, torpaqlarımızın azadlığı uğrunda şəhid olan Vətən övladları ilə fəxr edir. Vətənpərvərliyin ən ali məqamına yüksələn, ölümsüzlük qazanan Şəhidlərimizin əziz xatirəsi illər keçsə də, böyük minnətdarlıq duyğusu ilə yad ediləcək. 

Güntac ŞAHMƏMMƏDLİ 

Nəşr edilib : 19.05.2023 20:58