AZ EN RU

Günəşdən əvvəl oyananlar

Onlar qədim diyarın zəhmətkeş insanlarıdır.  Günəş dağların arxasından boylanmağa macal tapmamış ondan əvvəl oyanıb alın tərini torpağa qatıb  zəhmətlə öz günlük ruzisini qazananlar.  Atalar, analar, oğullar, qızlar, gəlinlər... Kimi səhər erkəndən istixanaya daxil olub tərəvəz toplayır, kimisi inəyi sağıb pendir tutur. Günə erkən başlayanların bir çoxu isə mal-heyvanın qış  tədarükünü toplamaq üçün tarlalarda yonca  biçib,  ot bağlamalarını toplayıb taya qururlar. Onlar illik ruzilərini torpaqdan qazanıb, torpağı qızıl bilib ovuclayırlar. Günəş doğandan batana kimi gününün çoxunu çöldə, tarlada keçirirlər. İndi ilin elə vədəsidir ki, gün çıxandan hava qaralanadək kənd adamını evdə-eşikdə tapmaq çətin olar, hamı çöldə-bayırda öz işi ilə məşğuldur: kimisi həyətyanı sahəsində, pay torpaqlarında işləyir, başqa birisi əkib-becərdiyi sahələrin məhsulunu toplayır, digəri məhsulu yığılmış yerlərdə təkrar əkin keçirir. Torpaqla ünsiyyətdə olanların sevinci, fərəhi isə onunla bağlıdır ki, min bir zəhmətlə hasilə gətirilən məhsulla gün-güzəranını yaxşılaşdırırlar.  

Ramiyə ƏKBƏROVA 

Nəşr edilib : 01.06.2024 17:52