AZ EN RU

Günəş Şərqdə doğur

Naxçıvanın qızıl əyarlı idmançısı

    İdmanın bir çox sevilən növü var ki, olimpiya oyunlarının proqramından kənarda qalıb. Lakin son olaraq Tokioda keçirilən Yay Olimpiya Oyunlarına daxil edilən karate, şübhəsiz ki, döyüş idmanı həvəskarlarının ən sevimli növüdür. Burada qazanılan uğurlar, yarışlarda ölkəmizi layiqincə təmsil edən döyüşçülər isə yeniyetmə və gənc idmançılar üçün əlavə stimuldur, onların kumirləridir. Təbii ki, bu yol asan qət olunmur: qazanılan hər bir uğurun arxasında ağır məşqlər və təlim-məşq toplanışları, iştirak etdikləri yarışlar, sevinc və kədər, məsuliyyət durur. Yazımızın bugünkü qəhrəmanı bu məsuliyyəti yaşının az olmasına baxmayaraq, dərk edən, məşqçilərin hər zaman ümidlərini doğruldan Naxçıvan Muxtar Respublikası Karate-do Federasiyasının yetirməsi Vüsal Seyidovdur.


Bu günə qədər keçilmiş yola nəzər

Vüsal Seyidov 30 oktyabr 2004-cü ildə Babək rayonunun Vayxır kəndində dünyaya gəlib, 8 yaşında karate dərnəyinə yazılıb. Onun idmançı karyerasına başlamasında atası Mirşahin Seyidovun rolu çox olub. Belə ki, bu yolu məhz atasının idmana olan marağından həvəslənərək seçib. Atası ilə söhbətimiz də elə bu istiqamətdə oldu. Onun fikrincə, əsl uğur uşaqla məşğul olacaq məşqçinin seçimidir: “Bu yolda Vüsalın və valideyn olaraq mənim bəxtim gətirib. Çünki onun qazandığı müvəffəqiyyətlərdə məşqçisi Nəriman Quliyevin böyük rolu var. İlk məşq günündən başlayaraq Vüsalla daim maraqlandı, onunla individual şəkildə məşğul oldu. Etiraf edim ki, onun belə uğur qazanacağını düşünmürdüm. Məqsədim, sadəcə, Vüsalın sağlam fərd kimi böyüməsi idi. Zaman keçdikcə o, məşqlərə daha çox vaxt ayırmağa başladı və bu da gözəçarpan nailiyyətlər əldə etməsinə səbəb oldu. Vüsal diqqətini təkcə idmana yox, eyni zamanda dərslərinə də kökləyib. İdmanla yanaşı, təhsilin önəmini də yaxşı anlayır”.
    Digər növlər kimi, karate də amansız idmandır. Kənardan asan görünə bilər, lakin qazanılan hər qələbə böyük əziyyətlərin hesabına mümkün olur. Həftənin hər günü məşq, ciddi rejim, dostlardan bir qədər ayrı düşmək bu uğurların memarıdır. Vüsalın özü də bunu təsdiqləyir: “İdmana gələrkən bunun belə olacağını, düzünü deyim ki, bilmirdim. Ancaq tez bir zamanda başa düşdüm ki, gələcək karyeranın uğurlu olmasını istəyirsənsə, bütün deyilənlərə əməl etməlisən. Hər şey çox çətindir – bədən ağrılarının necə olduğunu bilirəm, bunu idmançılar daha yaxşı anlayar. Ancaq dözürük, çünki hər əziyyətin sonunda uğur var. Ən əsası, fəxri kürsüdə sənin şərəfinə ölkənin himni səslənəndə keçirilən hisslərin əvəzini heç nə verə bilməz”.

Məşqçi tərifi və arzusu

Bütün idmançılar kimi, hər bir məşqçinin də arzusu olur – yetirməsi onu qürurlandırsın, fəxrlə onun adını dilə gətirsin. Nəriman Quliyevi bu məşqçilər siyahısına asanlıqla daxil edə bilərik. Onun Vüsal haqqında dediklərini dinlədikcə, belə bir fikir formalaşır: bu, məşqçinin əziyyətini boşa verməkdənsə, idmandan uzaqlaşmaq daha məqsədəuyğundur: “Uzun illərdir, məşqçi kimi fəaliyyət göstərirəm və yüzlərlə yetirməm olub. Onların bəziləri məşqə, sadəcə, vaxt keçirmək və ya dostları arasında “karate ilə məşğul oluram” demək üçün gəliblər. Vüsal məşqə gələn günü ondan fikirlərini soruşdum. “Sonadək gələcəm”, – dedi. Maraqlı ünsiyyət qabiliyyəti var və bunu atasına da bildirdim. Zaman keçdikcə ondakı istedadı, əzmkarlığı sezdim və onu gündəlik olaraq məşqlərə çağırdım. İlk günlərdə çətinlik çəkirdi, onunla bir neçə dəfə fərdi söhbətlər apardım, fikrini dinlədim. Düzgün yolda olduğunu dedim. Müvəffəqiyyətlər qazanacağına inanırdım. Onu da deyim ki, Vüsal idmanla yanaşı, dərslərinə də çox önəm verirdi. Əl-ayağı ilə yanaşı, “başını da işlətməsi” bir sıra qələbəyə imza atmağa imkan verib. Bizim federasiyanın bir şüarı, devizi var: uğurlu nəticə birimizin yox, hamımızındır. Buna görə federasiyamızda istedadlı uşaqlarla mütəmadi olaraq təklikdə dərslər keçilir, onların zəif cəhətləri üzərində dayanır, bunları aradan qaldırmağa çalışırıq. Məqsədimiz Naxçıvanda idmana göstərilən qayğıdan bəhrələnmək, göstərilən etimadı doğrultmaqdır. Vüsalın Avropa çempionatında qalib adını qazanması bir məşqçi kimi məni qürurlandırdı, bunu sözlə ifadə etmək qeyri-mümkündür”.
    Gənc idmançımızın tatamidəki döyüşünü izləmək böyük zövqdür. Ayaq zərbələrini təmiz, yüksək dəqiqliklə yerinə yetirir. Xüsusilə cəld hərəkətlə qarşısındakını yerə yıxaraq son zərbəni vurur, taktiki cəhətdən fikrini cəmləyə bilir. O həm müdafiə, həm də hücumda effektiv olmağı sevir. Fiziki hazırlığının yaxşı olması ona son saniyələrə qədər sabit döyüşmək şansı yaradır. Vüsal üçün qələbəyə hansı zərbə imkan verirsə, onu seçir, qalib ruhlu döyüşçü üçün isə bu, məntiqli addımdır.
    Məşqçi Nəriman Quliyevin fikrincə, hər bir məşqçinin borcu uşaqları Vətəninə, millətinə layiqli vətənpərvər biri kimi yetişdirməkdir. Məşqçilər yetirməsini ən yüksək yerdə görmək istəyər. Ən böyük arzum Vüsalın olimpiya oyunlarında iştirakı və orada Azərbaycan bayrağını dalğalandırmasıdır. 

Uğurları

Vüsal Seyidovun məşqlərə başlamasından çox keçmir ki, o öz həmyaşıdları arasında seçilməyə başlayır. Yoldaşlıq görüşləri, şəhər və muxtar respublika birinciliklərində rəqiblərini üstələyən idmançımız artıq beynəlxalq yarışlar barədə düşünməyə başlayır. Məşqçilər onun gələcək perspektivlərini nəzərə alaraq 2016-cı ildə İran İslam Respublikasında keçirilən beynəlxalq turnirdə iştirakını lazım bilirlər. 12 yaşlı karateçimiz məşqçilərin ümidlərini doğruldaraq qalib adını qazanır. Elə həmin il Vüsal Naxçıvan Muxtar Respublikasında keçirilən daha bir beynəlxalq turnirin qalibi olur. 2018-ci ili də idmançımız üçün uğurlu il hesab etmək mümkündür. İlk olaraq Bakı şəhərində keçirilən beynəlxalq turnirdə fəxri kürsünün ən yüksək zirvəsinə qalxan idmançımız, ardınca İran İslam Respublikasında təşkil olunan 2-ci beynəlxalq karate turnirində eyni nəticəni təkrarlayır. 2019-cu il idmançımızın karyerasına qızıl hərflərlə həkk olunub desək, yəqin ki, yanılmarıq. Bakı şəhərində keçirilən “10-cu Baku Open” beynəlxalq turnirin qalibi olan Vüsal Seyidov Gürcüstan Respublikasının Batumi şəhərində keçirilən “Open Batumi” beynəlxalq turnirində kumite və kata üzrə yarışlarda da qalib adını qazanıb. Türkiyə Cümhuriyyətinin Rizə şəhərində keçirilən Qara dəniz və Xəzər dənizi ölkələri arası karate çempionatında gümüş medal qazanan naxçıvanlı idmançı həmin il Makedoniyanın Skopye şəhərində keçirilən 11-ci Şotokan Karate Avropa Çempionatında WKF Kumite və şobu ippon kumite növləri üzrə qitə çempionu adına layiq görülüb. Eyni zamanda həmin çempionatda Vüsal şobu sanbon kumite növü üzrə də gümüş medal qazanıb. İlin sonunda Dünya Şotokan Karate Federasiyasının baş məşqçisi Hitoshi Kasuyaya imtahan verərək I DAN qara kəmər sahibi olub. 2022-ci ildə Bakı şəhərində keçirilən yeniyetmələr və gənclər arasında ölkə birinciliyində bürünc medalı boynuna asan Vüsal Seyidov cari ildə növbəti dəfə ümidləri doğruldub. Belə ki, milli komandamızın üzvü olan idmançımız Bolqarıstanın Albena Kranevo şəhərində keçirilən 12-ci Avropa şotokan çempionatında iştirak edib. Karatenin “kata”, “şobu ippon”, “şobu sanbon”, “WKF kumite” üslublarında qaliblərin müəyyənləşdiyi qitə birinciliyində 16-17 yaşlılar arasında çıxış edən Vüsal Seyidov 3 fərqli üslubda qalib gələrək bir ilkə imza atıb. O anları xatırlayan idmançımız bunları dilə gətirir: “Bu mənim üçün ən vacib çempionat idi. Fəxri kürsünün ən yüksək pilləsinə qalxmaq, bayrağımızı yüksəltmək və himnimizi səsləndirmək hər bir idmançı üçün böyük qürurdur. Bu qüruru yaşatdığım üçün xoşbəxtəm”.  

İdman və təhsil

Babək rayonunun Vayxır kənd tam orta məktəbində təhsilini başa vurmuş Vüsal Seyidov hazırda Azərbaycan Tibb Universitetinin Hərbi tibb fakültəsinin I kurs tələbəsidir. Azərbaycan milli komandasının da üzvü olan idmançımızın adı  Naxçıvan Muxtar Respublikası Gənc İstedadlarının “Qızıl kitabı”na daxil edilib və  Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin xüsusi aylıq təqaüdünə layiq görülüb: “Əgər karatedə uğur qazana bilməsəydim, çox güman ki, həkim olacaqdım. Bu mənim uşaqlıq arzum idi. İndi də, demək olar ki, bu arzuma çatmışam. İdmanla yanaşı, dərslərimə də ara verməmişəm və universitetə qəbul olmuşam, həm də sevdiyim ixtisasa”.

Hobbisi olmayan idmançı

İdmançıların asudə vaxtı çox az olur. Gərgin məşqlər, yarışlar, turnirlər idmançıların bütün həyatını zəbt edir, – desək, yanılmarıq. Vüsal Seyidov da bu cəhətdən fərqlənmir. Onun iş və idmandan kənar əlavə məşğuliyyəti, hobbisi yoxdur. İdmansız bir gününü belə təsəvvür etməyən Vüsalın ən yaxın dostu elə atasıdır. Ata ilə oğul arasında valideyn-övlad münasibətilə yanaşı, həm də dostluq əlaqələri var. Bu isə uğurun əsas təməl prinsipidir.

Portret...
    

Bir idmançının uğur qazanması üçün əsas lazım olan xüsusiyyət onun xarakteridir. Məhz bu xüsusiyyət Vüsalın uğurlarının açarıdır. O, məğlub olduqda belə ruhdan düşmədi, tatami üzərində xarakter nümayiş etdirdi. Öz gücünə, savadına inanan gənc karateçimizin daha böyük uğurlara imza atmaq üçün potensialı var. Çünki onun digər müsbət xüsusiyyəti də var – əzmkarlığı. Avropanın qızıl medalına sahiblənən Vüsal Seyidovun indi əsas məqsədi böyüklər arasında dünya, Avropa və olimpiya çempionu olmaqdır. Özü də yaxşı bilir ki, bu yolda ona xarakteri və əzmkarlığı köməklik edəcək. 

Ceyhun MƏMMƏDOV

Nəşr edilib : 26.05.2022 00:36