AZ EN RU

Günəş qadınlar

8 Mart – Beynəlxalq Qadınlar Günü... Bu günün sahibi bütün dünya qadınları olsa da, bu günün təməli okeanın bu tayında, məhz elə Amerikanın Nyu-York əyalətində 1857-ci il 8 mart tarixində  atılmışdır. 40 min qadın işçinin  haqlarını tələb etməsi və bu 40 min qadının 129-nun yanaraq həyatını itirməsi ağrılı bir tarix olsa da, illər sonra bu ağrıdan-acıdan doğan azadlıq məşəli bugünkü qadınlara bir azadlıq ərməğanıdır. Deməli, bu qadınların haqq səsinin yüksəlişi, qadının gücünün bütünlüyü, möhkəmliyi elə o gün təqvimə bir tarix yazılacağının xəbərçisi imiş. Bəli bu gün vaxtilə haqqı tapdanan, heç bir hüququ olmayan, seçmək-seçilmək kimi bir haqqa sahib görülməyən qadınların iç səsinin təntənəsidir.

8 Mart illər sonra var olduğu cəmiyyətdə yer göstərilməyən bir qadın toplumunun parlayan qadınlıq simvoludur. 8 Mart bu torpağın, okeanın bu tayındakı əməkçi  qadınların dirənişindən pərvazlanıb bütün dünya qadınlarına xitab etməyə başlayıb. 8 Mart 40 min fəhlə qadının cəsurluğunun qızıl hərflərlə yazdığı unudulmaz bir tarixidir. Elə bir tarix ki qadın azadlığının, əməkçi qadınların əməyinə nəzakət duruşu göstərən bir tarix. Fikir olaraq, ruh olaraq, güc olaraq qadınlara aid bir abidə tikildiyi gündür. Əməkçi qadınlara dəyər verilməsi naminə, o qadınları anmaq adına, o gün ölən  qadınların  ruhu qarşısındakı sayğı adına, illər sonra bu gün qadınlara özəl qeyd edilməyə başlandı.

Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi Hüseyn Cavid misralarında qadına verilən dəyər, qadının cəmiyyətdəki rolunun nə qədər ali, nə qədər əvəzsiz olduğu, bəşəriyyətə verdiyi  töhfələrin sonsuzluğu  o qədər gözəl, o qədər  incəliklə ifadə edilir ki, qadın üçün deyilən bütün sözlərin sanki sehridir bu sözlər, qadın üçün deyilən bütün sözlərin tacıdır bu sözlər. Qadına yaraşan ən səmimi etirafdır, qadını yüksəldən, ucalardan-uca edən ən  dəyərli hədiyyədir: Sürüklənən bəşəriyyət qadınla yüksələcək!

Bu gün Azərbaycan cəmiyyətində kişilərlə bərabər bütün işlərdə var olan, bütün sahələrdə öz gücünü göstərən, varlığıyla cəmiyyətin inkişafına əmək verən zəhmətkeş qadınlarımıza eşq olsun! Cəmiyyətin təməli olan ailə birliyinin  varlığı, ailənin qorunub saxlanması məhz bu qadınların zərifliyindən, sevgisindən yoğrulub. Günü-gündən gözəlləşən dünyamızın yükünü bu qadınlar zərif çiyinlərində daşıyıb, daşıyır, daşıyacaq. Bütün cəbhələrdə var olan igid qadınlarımıza eşq olsun!

Bu gün üçün bir qadın, ana olaraq tək istəyim dinindən, irqindən, mənsubiyyətindən asılı olmayaraq, heç bir yerdə heç bir qadın ağlamasın, heç bir ana göz yaşı axıtmasın, hər zaman qadınlar gülsün, sevilsin, sayılsın, gözləri gözəlliklə parlasın. Tək bir gündə anılmasın, sayılmasın. İlin bütün günlərində  çiçək kimi ətrafına ətir saçsın. Bəşəriyyətin gələcəyi olan körpələrini qayğısız, sevgi, barış içində böyütsün. Sağlam bir gələcək üçün sağlam övladlar böyütsün. Gününüz mübarək olsun, ZƏRİF QADINLAR!

Samirə Əkinçi

ABŞ, Florida, Tampa

Nəşr edilib : 08.03.2024 20:00