AZ EN RU

Günəş olaram mən də…

Əgər bu dünyada həqiqəti görmək istəyirsinizsə, uşaqların gözlərinə baxın. Dünya boyda məsumluq, təmizlik, saflıq, işıq görəcəksiniz o gözlərdə. Tanrı sanki insanlığı xilas etmək üçün uşaqları göndərib yer üzünə. Göndərib ki, körpə çöhrəsindən süzülən paklıq yox etsin dünyanın qaranlıqlarını. Qayğısız, xoşbəxt gülüşləri ilə dünyanın dodağında təbəssüm olmağa gələn uşaqlar istər öz doğmaları, istərsə də digər insanlar, xüsusən böyüklər üçün sevinc mənbəyidir. Uşaq müqəddəsdir, pakdır, təmizdir. Uşaq sevincdir, xoşbəxtlikdir. Atalarımız, analarımız uşaqlara tarixən gələcək kimi baxıblar. Bir evin, bir ocağın gələcəyi, bir nəslin gələcəyi və nəhayət, millətin gələcəyi kimi... Dili dualı Azərbaycan anaları bütün ömürləri boyu bu uşaqların başına pərvanə kimi dolanıb, onların varlığı eşqinə min bir nağıl, bayatı, layla, oxşama, bilməcə, gülməcə, tapmaca yaradıblar. Vətən, millət təəssüblü atalarımız övladlarını elə tərbiyə etməyə çalışıblar ki, birinci növbədə ana Vətən üçün gərəkli olsunlar, dar gündə doğma torpağın keşiyini çəkib onu yağı düşmənlərdən qorusunlar. Bu öyüd-nəsihətlərin işığında uşaqlar Babəklərə, Koroğlulara, Mübarizlərə, Poladlara çevriliblər.

Öhdəsinə düşən qayğını gələcək nəslimizin davamçıları olan uşaqlardan əsirgəməyən “Günəş” Uşaq Akademiyası da öz balaca qəhrəmanlarını bu ruhda tərbiyə edir. 2017-ci ildən fəaliyyətə başlayan akademiya uşaqların qovuşduğu məkan kimi onların sevincinə sevinc qatmağı bacarıb. Burada onların fəallığına, vətənpərvərlik, humanizm hisslərinə, təlim-tərbiyəsinə xüsusi önəm verilir, uşaqların mədəni davranış qaydalarına yiyələnmələrini məhz akademiyanın direktoru Ulduz Əliyeva həyata keçirir. Ulduz müəllim ilə söhbət zamanı bir daha şahid olduq ki, onun qəlbində uşaqlara qarşı dünya qədər böyük məhəbbət var. Bu məhəbbət illər öncə bağça direktoru kimi fəaliyyət göstərdiyi vaxtlardan özünü daha çox biruzə verib. Sonra fəliyyətinə Naxçıvan Dövlət Televiziyasında davam edən Ulduz Əliyeva “Uşaqlar və Gənclər” redaksiyasında uşaqların maariflənməsi, dünyagörüşünün inkişafı üçün əlindən gələni əsirgəməyib. Ulduz müəllimə deyir: – Elə o vaxtlardan – təqribən, 2015-ci ildən başlayaraq uşaqların mühitində olabiləcəyim bir məkan yaratmaq qərarına gəldim. Çünki uşaqlar artıq həyatımın bir parçasına çevrilmişdi. Uşaqlar tərəfindən sevilmək gözəldir. Çünki onlar təmənnasız və safdırlar. Özlərinə olan münasibətdəki səmimiliyi də, saxtalığı da o qədər asan hiss etdirirlər ki... Amma onları sevərək onların sevimlisi olmaq elə də çətin deyil. Uşaqlara hansı sevgini göstərirsənsə, qarşılığını da olduğu kimi alırsan. Onlar səndən necə münasibət görürlərsə, sənə qarşı da o cür münasibət göstərirlər. Onlarla ünsiyyətdə olduqda yorğunluğumu unuduram. Uşaqlar məni əyləndirir, öz ilıq təbəssümləri ilə qəlbimə sevinc, rahatlıq bəxş edir.

Akademiyanın direktoru məlumat verir ki, ilk uğurlu addımlarını 2015-ci ildən atan akademiya 2017-ci ildən rəsmi fəaliyyətə başlayıb. Akademiyanın məqsədi, ilk növbədə, uşaqların intellektual və yaradıcı inkişafına, məntiqi təfəkkürünün formalaşmasına, istedadlarının üzə çıxarılmasına yönəlməkdən ibarətdir. Təlim-tərbiyə prosesində öyrədici oyunlar, suallar, diskussiya kimi interaktiv metodlardan istifadə edirik. Uşaqların ən sevdiyi isə gəzməkdir. Gəzə-gəzə öyrənirik. Təbiəti, muzeyləri, abidələri, tarixi yerləri qarış-qarış gəzir, onlar haqqında maraqlı məlumatlar əldə edirik. “Yurdunu tanı”, “Bilgilərin səni fərqli edir”, “Gəzə-gəzə öyrənirik”, “Xalça da bir ömürdür”, “Uşaqlar və milli irsimiz”, “Uşaqlar və milli dəyərlər”, “Uşaqlar və milli kinomuz” adlı layihələr uşaqların ən çox sevdiyi və həvəslə iştirak etdiyi layihələr sırasındadır. Bu layihələrdə uşaqlar gəzməklə yanaşı, həm də öyrənirlər. Film fonduna, teatra, muzeylərə, abidələrə gedirlər. Akademiyaya uşaq qəbulu haqqında məlumat verən direktor deyir ki, uşaq qəbulu ilkin diaqnostik qiymətləndirmə aparılaraq həyata keçirilir. Hər uşaq maraqlı olduğu qrupa yönləndirilir. Məsələn, rəssamlığa marağı olan rəssamlar qrupuna, musiqiyə marağı olan musiqiçilər qrupuna, qiraətə həvəsi olan ədəbiyyatsevərlər qrupuna, tarixə maraq göstərənlər tarixçilər, futbola maraq göstərənlər futbolçular və digər qruplara bölünürlər. Həmin qruplarda nitqin inkişafı, savad təlimi, məntiqi və riyazi təfəkkürün inkişafı, musiqi, təsviri yaradıcılıq və fiziki mədəniyyət məşğələləri də həyata keçirilir. Bu isə uşaqların istedad və bacarığının üzə çıxarılmasında mühüm rol oynayır. Uşaqlarda Vətən sevgisi, doğma torpağa məhəbbət hissi yaratmaq və onu gücləndirmək məqsədilə akademiya tərəfindən tarixi və milli bayramlar keçirilir. Bu bayramların keçirilməsinin xüsusiliyi isə tarixi abidələrimizdə qeyd olunmasıdır. Bundan başqa, akademiya tərəfindən təbiəti və ictimai həyatı müşahidə məqsədilə müxtəlif məkanlara gəzinti və ekskursiyalar təşkil olunur. Gəzintilər zamanı uşaqlara abidələrlə bağlı məlumat verilir. Həmçinin uşaqlar müxtəlif mövzularda ustad məşğələləri və sərgilərə qatılırlar. Beləliklə, uşaqlar marağı olduğu sahəyə rahatlıqla yönələ bilirlər

Ulduz xanım deyir ki, uşaqlar müntəzəm olaraq bir çox tədbirlərdə iştirak edir, bundan daha çox yararlanırlar. Rəsm, kitab və əl işlərindən ibarət sərgilərə qatılırlar. Akademiyanın istedadlı uşaqlarının əl işləri, rəsmləri də həmin sərgilərdə nümayiş olunur. Ötən il Türkiyədə keçirilən rəsm festivalında da akademiyanın balaca rəssamlarının əl işləri sərgilənib. Bu onlara böyük stimuldur.Həril olduğu kimi, 1 iyun – Uşaqları Beynəlxalq Müdafiə Günü münasibətilə təşkil olunan tədbirlərdə də iştirak edir. Elə yaxın günlərdə Naxçıvan şəhərindəki “Gənclik” Mərkəzində Türkiyə Respublikasının Naxçıvandakı Baş Konsulluğunun, Naxçıvan Muxtar Respublikası Təhsil, Gənclər və İdman nazirliklərinin və “Günəş” Uşaq Akademiyasının təşkilatçılığı ilə Türkiyənin 23 aprel – Milli Suverenlik və Uşaq Bayramı Günü münasibətilə tədbir keçirildi. Azərbaycan xalqının Ümummilli Lideri, uşaqlara xalqımızın gələcəyi kimi hərtərəfli qayğı göstərməsi ilə də əbədiyaşarlıq qazanan dahi şəxsiyyət Heydər Əliyevin anadan olmasının 100 illiyi ərəfəsində keçirilən tədbirdə akademiyanın üzvləri böyük canfəşanlıqla iştirak etdi. Bu, həqiqətən, böyük uğur idi. Belə tədbirlər uşaqların daim yaddaşında qalır və onların sosial mühitə daha möhkəm addımlarla irəliləməsinə imkan yaradır

Akademiyanın üzvləri və onların valideynlərinin akademiya ilə bağlı fikirlərini öyrəndik. Akademiyanın fəal iştirakçılarından biri, böyüyəndə riyaziyyatçı olmaq istəyən 9 yaşlı Umud Qənbərli bizə böyük həvəslə gəzintilərindən bəhs etdi: – Ulduz müəllim və akademiyanın kollektivi ilə gəzməyi çox sevirəm. Çünki gəzərkən çoxlu məlumatlar əldə edirəm. Ən maraqlı və yaddaqalan səfərlərimiz isə Gümüşlü göl, Nəbatat bağı, muzeylər, tarixi abidələrə olan gəzintilərimizdir. Bu yerlər haqqında Ulduz müəllim bizə maraqlı məlumatlar verir. Bu bizim üçün çox önəmlidir. Çünki hər bir insan öz yaşadığı yerin abidələri, dahi şəxsiyyətləri, muzeyləri, tarixi haqqında bilməlidir ki, şəhərimizi başqa regionlardan gəzməyə gələnlər, turistlər bizdən soruşduqda məlumatlı olaq. Müəllimim də belə deyir. Həm də bu bizim dünyagörüşümüz üçün də çox əhəmiyyətlidir. Biz gəzintilərdə həm də təlimlər keçirik. Təlimlər çox əyləncəlidir. Məsələn, rəssamlığa həvəsi olan dostlarım getdiyimiz yerlərin mənzərələrini çəkirlər, futbola marağı olanlar futbol oynayırlar, aktyorluğa marağı olanlar nağıllardan səhnəciklər qururlar. Akademiyanın üzvü olduğum üçün çox şanslıyam.

Akademiyanın balaca rəssamı, 12 yaşlı Zəhra deyir ki, bir neçə aydır ki, Ulduz müəllimi tanıyır: – Çox təəssüflənirəm ki, onu belə gec tanımışam. Müəllim ilə tanış olandan tariximizlə bağlı çox məlumat əldə etmişəm. Elə bu səfərlər məndə tarixə qarşı böyük maraq yaradıb və həmin fənni daha həvəslə oxuyuram. Bunu isə Ulduz müəllimə borcluyam. Çünki o, hər səfərimizdə gəzdiyimiz yerlərin tarixi haqqında bizə bir-birindən dəyərli məlumatlar verir. Məsələn, Əlincə qalasının neçə illər Əmir Teymur tərəfindən mühasirədə qalmasının ona “alınmaz qala” adı qazandırdığını, Gülüstan abidəsinin maraqlı tarixi, muzeylərimizdə olan qiymətli eksponatlar... Bunların hər biri bizim keçmişimizdir və bunları öyrənmək bizim borcumuzdur. Bir dəfə gəzinti zamanı müəllim “Babək” filminin çəkildiyi ərazilərlə də bizi tanış etmişdi. O zaman məndə həmin filmə maraq yarandı və elə böyük maraqla da onu izlədim. Film demişkən, müəllim bizi film fonduna da aparır. Orada milli kinolarımızla bağlı bizə məlumat verir, həmçinin milli geyimlərimiz, milli rəqslərimiz haqqında öyrənirik. Ulduz müəllimlə gəzərək öyrənmək çox maraqlıdır

Akademiyanın balaca aktyoru Murad Qalayev: – Artıq neçə ildir ki, Ulduz müəllimin istər real, istərsə də onlayn təlimlərinə qatılıram. Təlim günlərini səbirsizliklə gözləyirəm. Xüsusilə də gəzinti zamanı keçirilən təlimləri. Mənim üçün bu günədək ən yaddaqalan gəzintimiz qatar səyahəti idi. Yolboyu müəllim sərhədlərimiz, yanından ötüb keçdiyimiz kəndlərimiz, dağlar, qayalar haqqında bizə məlumat verdi. Həmçinin qatarda səhnəciklər hazırladıq, rəqs etdik, mahnılar oxuduq, şeirlər dedik. Gümüşlü göl, Pəzməri şəlaləsinə ziyarətlərimiz də çox yaddaqalan idi. Ulduz müəllim Gümüşlü göl əfsanəsini bizə danışdı. Hüseyn Cavidin 144 illik yubileyində Nəbatat bağında ağacəkmə aksiyası keçirdik. Azərbaycan xalqının Ümummilli Lideri, uşaqlara xalqımızın gələcəyi kimi hərtərəfli qayğı göstərməsi ilə də əbədiyaşarlıq qazanan dahi şəxsiyyət Heydər Əliyevin anadan olmasının 100 illiyi ərəfəsində Naxçıvan şəhərindəki “Gənclik” Mərkəzində “Günəş” Uşaq Akademiyasının təşkilatçılığı ilə Türkiyənin 23 aprel – Milli Suverenlik və Uşaq Bayramı Günü münasibətilə tədbir keçirildi. Tədbirdə “Günəş” Uşaq Akademiyasının kollektivi olaraq rəngarəng çıxışlarımız oldu. Həmin tədbirdə Atatürk obrazında çıxış edirdim. Bu mənim üçün qürurverici idi. Həmin həyəcan və qüruru heç vaxt unuda bilmərəm. Murad deyir ki, akademiyaya 5-15 yaş arası uşaqlar üzv qəbul edilir. Mənim 13 yaşım var, düşünəndə ki, 15 yaşımda kollektivimizdən ayrılacağam, çox məyus oluram. Kollektivin bir üzvü olduğum üçün çox xoşbəxtəm

Umudun anası Ülviyyə xanım deyir: – Müasir dövrümüzdə bütün valideynlərin, xüsusilə anaların cəmiyyətə daha çox inteqrasiya olunduğu, müəyyən ictimai-siyasi mövqeyə və karyeraya sahibləndiyi bir zamanda uşaqların həm əyləncəsi, həm təhsili, həm də inkişafı üçün akademiya, sözün həqiqi mənasında, əsl sosial institut funksiyasını yerinə yetirir. Düşünürəm ki, gələcəkdə uşağını uğurlu övlad kimi görmək istəyən hər bir valideyn onu Ulduz müəllim kimi gözəl pedaqoqlara əmanət etməlidir. Çünki o, uşaqlara öz övladı kimi yanaşır, onların hərtərəfli inkişafı üçün çalışır. Hər dəfə uşaqlara yeni nəsə öyrətmək üçün daim axtarışdadır. Mən bir ana kimi öz övladıma arzuladığım, onun üçün etmək, görmək istədiyim bütün layihələri akademiya reallaşdırır. Ulduz xanım məhz cəmiyyət üçün uşaq yetişdirir, valideyn bəzən eqoist olur, özü üçün yetişdirir övladını, vətən üçün, millət üçün, cəmiyyət üçün deyil. Amma mən düşünürəm ki, uşaq təkcə ailəni deyil, ilk növbədə, öz Vətənini düşünməlidir, harada olursa-olsun Vətənini təmsil etməlidir. Ulduz müəllim uşaqlara vətənpərvərlik hissi, vətənə millətə, dövlətə sevgi hissi aşılayır.

Tovuz sakini Məlahət xanım deyir: – Artıq neçə ildir ki, Duzdağ Fizioterapiya Mərkəzinə müalicə üçün gəlirəm. Bir neçə il əvvəl burada olarkən təsadüfən, bir xanımın turistlərə “Naxçıvanqala” haqqında məlumat verdiyini gördüm və onlara yaxınlaşdım. Həmin xanım Ulduz Əliyeva idi. Daha sonra mənə turistləri Əshabi-kəhf ziyarətgahına aparacağını söylədi və mənə də getməyi təklif etdi. Məmnuniyyətlə getdim və onunla tanışlığımız belə başladı… Daha sonra onun belə bir akademiyaya rəhbərlik etdiyini öyrəndim. Balaca nəvəmi də həmin akademiyanın üzvü olaraq yazdırdım. İndi nəvəm müəllimin onlayn təlimlərinə qatılır, hər dəfə Naxçıvana gəldikdə gəzintilərdə iştirak edir. İnanın, o qədər səmimi insandır ki, uşaqlar onu ailəmizin bir üzvü bilir

Emil Qasımovun nənəsi Məlahət Əhmədova akademiyaya üzv olan nəvəsində çox müsbət vərdişlər formalaşdığını söyləyir: – Həmyaşıdları ilə mehriban davranır. Sahib olduqlarını yaşıdları ilə bölüşür və hər şeyə həssas yanaşır. Akademiyada, ümumiyyətlə, uşaqlarımızın sosiallaşması, fikirlərini düzgün şəkildə ifadə etməsini öyrədirlər. Onlar burada öz komplekslərini aşırlar.Ailəsi, həmyaşıdları, doğmaları və digər insanlarla ünsiyyət qura bilirlər. Ən əsası, malik olduqları və sadəcə, ən yaxın ətraflarına bəlli istedadlarını onlarla, yüzlərlə insana nümayiş etdirə bilirlər. Məlahət xanım deyir ki, akademiya uşaqların şəxsiyyət kimi inkişaf etdirilməsi, uşaqlarda öyrənmə fəaliyyətinin formalaşdırılması, onların idrak maraqlarının, təhliletmə, özünüqiymətləndirmə qabiliyyətlərinin inkişafı, böyüklərə və həmyaşıdlara qayğı, hörmət münasibətinin formalaşdırılması, müxtəlif sənət növlərinə sevginin tərbiyə edilməsi, bədii zövqün inkişafı, əmək bacarıqlarının təkmilləşdirilməsi, əməksevərlik hissinin inkişafı üçün böyük səylə çalışır. Biz bu böyük zəhmət üçün Ulduz xanıma dərin təşəkkürümüzü bildiririk.

...Əlbəttə ki, uşaqların inkişafı və maariflənməsində uşaq mətbuatının da xüsusi rolu var. Bu sahənin uşaqların dünyagörüşünün artmasında və onların tərbiyəsində rolu danılmazdır. Bunu nəzərə alan Ulduz xanım “Günəş” adlı uşaq jurnalının da müəllifidir. Yaxın günlərdə jurnalın beşinci buraxılışına hazırlaşan akademiya üçün bu, böyük nailiyyətdir. Jurnalı vərəqləyərkən ilk səhifəsində şəhidlərimiz haqqında məlumatlarla və onların şəkilləri ilə tanış oluruq. Dahi şəxsiyyətlərimiz, tarixi abidələrimiz haqqında məlumatlar da jurnalda öz əksini tapıb. Akademiyanın üzvlərinin şəkilləri ilə yanaşı, balaca rəssamların çəkdiyi şəkillər, balaca jurnalistlərin hekayələri, balaca şairlərin şeirləri, onların iştirak etdiyi tədbirlər, gəzintilər zamanı təəssüratları yer alır. Ulduz Əliyeva hazırda müəllifi olduğu “Uşaq yetişdirmə sənəti” adlı kitabın nəşrinə hazırlaşır. Düşünürəm ki, uşaqlara qarşı belə həssas, sevgi dolu, öyrətmə həvəskarı olan xanımın qələmə aldığı kitab valideynlər üçün çox əhəmiyyətli bir vəsait olacaq. Uğurlarına görə Ulduz xanımı təbrik edir və ona kollektivi ilə birlikdə hər zaman böyük nailiyyətlərə imza atmağı arzulayırıq.

 Gülcamal TAHİROVA

Nəşr edilib : 01.06.2023 12:26