AZ EN RU

Gündəlik ödənişlərinizin rahat və təhlükəsiz yolu

    Günümüzdə smartfonlar ünsiyyət vasitəsindən daha artıq funksiyalara malikdir və hər birimizin həyatında əhəmiyyətli rola sahibdir. Danılmaz faktdır ki, bu cihazlar bir çox sahələrdə əvəzsiz köməkçimiz hesab olunur. 2015-ci ildə “Google” tərəfindən hazır­lanmış “Google Pay” adlı platforma sayəsində isə artıq mobil telefonlarla istənilən yerdə rahat alış-veriş üçün imkanlar da mövcuddur. Bildiyiniz kimi, bir neçə müddətdir ki, ölkəmizdə də sözügedən ödəniş sistemi aktivləşdirilib. Təmassız ödəniş istifadəçiləri isə demək olar ki, artıq ənənəvi olan kartla ödənişlər ilə “Google Pay” ödəniş sisteminin fərqləri barədə müzakirələr aparır və yeniliyin üstünlükləri haqqında məlumat əldə etmək istəyirlər. Elə bu məqalədə də məhz yerli bankların sisteminə yeni inteqrasiya olunmuş “Google Pay” haqqında oxucuları ən çox maraqlandıran sualları cavablandırmağa çalışacağıq.
    İlk olaraq baxaq ki, “Google Pay” nədir və nə işə yarayır? “Google Pay” mobil cihazlardan ödəniş sistemlərində istifadə üçün “Google” şirkəti tərəfindən hazırlanmış platformadır. Qeyd edək ki, “Google Pay” elektron ödəniş sistemi olub mobil cihazlarla yanaşı, planşetlər, saatlar və digər “ağıllı” cihazlarda da çalışır.
    Bəs niyə “Google Pay” istifadə etməliyik? Çünki “Google Pay” bank kartından fiziki formada istifadə etmədən ödənişlərin təmassız şəkildə həyata keçirilməsi üçün ən rahat və təhlükəsiz ödəmə metodudur. Onun vasitəsilə market, aptek, taksi, restoran, kafe, pərakəndə satış mağazaları, onlayn platformalar və kontaktsız ödənişlərin qəbul edildiyi hər yerdə ödəniş etmək mümkündür.
    “Google Pay” istifadə etmək üçün nəyə ehtiyacımız var? “Google Pay” xidmətindən faydalana bilmək üçün bank müştəriləri təmassız ödəniş texnologiyasını (NFC) dəstəkləyən “Android” əməliyyat sistemi əsasında işləyən cihazlardan istifadə etməlidirlər. Xidmətdən istifadə etmək üçün mobil cihazınıza yüklədiyiniz sözügedən tətbiqə kredit və ya debet kart məlumatlarınızı əlavə etməlisiniz. Çünki bu olmadan xidmətdən istifadə etmək mümkün olmayacaq. Qeyd edək ki, tətbiqə istədiyiniz qədər kart əlavə edə bilərsiniz. Bunu bilməlisiniz ki, əlavə etdiyiniz hər bir kart pul köçürmək və ya ödəmək istədiyiniz zaman potensial ödəniş üsuluna çevriləcəkdir. Ödəniş zamanı isə tətbiqi açmağa ehtiyac qalmadan, sadəcə, telefonu kiliddən çıxararaq terminala yaxınlaşdırmağınız kifayətdir.
    Bəs “Google Pay” ilə ödəniş etmək güvənlidirmi? “Google Pay” ən təhlükəsiz təmassız ödəniş xidmətidir. Çünki o kart məlumatlarınızı açıqlamadan ödəniş etməyə imkan verir. Əsl kart məlumatlarınızın, yəni kartın nömrəsi və ya kart sahibinin digər məlumatlarının yerini şifrəli yeni nömrələr alır və bu şifrələr hər əməliyyat zamanı yenilənir. Başqa sözlə desək, bütün əməliyyatlarda unikal birdəfəlik dinamik təhlükəsizlik kodu istifadə olunur. Hətta alış-veriş etmək üçün “Google Pay”dən istifadə kredit və ya debet kartından istifadə etməkdən belə daha təhlükəsizdir, çünki məlumatınız məxfi saxlanılır. Bundan əlavə, “Google Pay” bütün əməliyyatlardan sonra mobil cihazınıza bildiriş göndərərək sizi xəbərdar edir. Təhlükəsizlik məqsədilə hər bir əməliyyatı nəzərdən keçirmək və şübhəli görünən hər bir məlumatı bankınıza bildirmək vacibdir.
    “Google Pay”in daha nə kimi üstünlükləri var? “Google Pay” ilə ödəniş etməklə yanaşı, həm də bütün bank kartlarınızın məlumatlarını bir yerdə toplaya bilərsiniz. Bundan əlavə, bütün bank hesablarınızın detallı çıxarışını da “Google Pay” tətbiqi ilə e-mail şəklində əldə edə bilərsiniz. Alış-veriş saytlarına giriş edərkən kart bilgilərinizi avtomatik tanıma xüsusiyyəti ilə zaman sərf etmədən doldura bilərsiniz. Tətbiq vasitəsilə kontakt siyahınızda olan şəxslərdən pul qəbul edə və göndərə bilərsiniz. Yəni, bir sözlə, “Google Pay” ilə ödənişi seçməklə tam rahatlıq əldə etmiş olursunuz.
    Sonda qeyd etmək istərdik ki, ölkəmizdə yeni tətbiq edilməyə başlayan “Google Pay” ödəniş sisteminin faydalarını göstərmək üçün yerli banklar bir sıra kampaniyalara start verib. Nağdsız ödəniş vasitəsi olan “Google Pay”i istifadə etməklə siz də bu kampaniyalardan yararlana bilərsiniz.

Aytac AXUNDOVA
Azərbaycan Respublikası Mərkəzi Bankı Naxçıvan Muxtar 
Respublikası İdarəsinin əməkdaşı

Nəşr edilib : 13.09.2022 18:39