AZ EN RU

Güllələnən qərənfildən cənnət rəmzi xarıbülbülə...

    XX əsrin 80-ci illərinin sonu, 90-cı illərinin əvvəli Azərbaycan xalqı üçün məşəqqətli, o cümlədən taleyüklü sınaq dövrü kimi xarakterizə olunmaqdadır. Tarixin bütün mərhələlərində səbri ilə sınağa çəkilən xalqın Vətən eşqi, azadlıq duyğuları dəfələrlə közərdilmiş, lakin söndürülə bilməmişdir. Gələcəyə olan nikbin baxışını heç bir vəchlə itirməyən, eyni zamanda dəfələrlə keçmiş sovet ordusunun cəza tədbirlərinə məruz qalan xalqımız azadlıq əzmindən, əzmkarlıq ruhundan əsla vaz keçməmiş, əksinə, haqq səsini daha ucadan bəyan etmişdir. Müasir tariximizə əbədi həkk olan və özlüyündə həm də milli qüruru ehtiva edən hadisələrdən biri də məhz 20 Yanvardır. Azadlıq uğrunda mübarizənin və yenilməz iradənin rəmzinə çevrilən bu qanlı faciənin xronologiyasına qısaca nəzər yetirək.

    Məlum olduğu kimi, 1988-1989-cu ildən etibarən soydaşlarımızın öz dədə-baba torpaqlarından kütləvi deportasiyası, əzəli və əbədi torpağımız olan Qarabağın qondarma üsullarla Ermənistana birləşdirilməsi çağırışı və bu istiqamətdə müxtəlif cəhdlər davamlı xarakter almağa başlamışdı. Geniş xalq kütləsi SSRİ rəhbərliyinin ermənipərəst siyasətinə, xəyanətkar və anti-Azərbaycan mövqeyinə etiraz əlaməti kimi haqlı olaraq ayağa qalxdı. Ovaxtkı mərkəzi hökumət – rəsmi Kreml isə baş verən hadisələr müqabilində qərəzsiz və ədalətli mövqe sərgiləmək yerinə xalqımıza qarşı hərbi-siyasi cinayət işləməyi daha məqbul hesab etdi. Belə ki, sovet ordusuna məxsus müxtəlif döyüş hissələrinin xalq kütləsi üzərinə yeridilməsi, habelə kütləvi terror yüzlərlə günahsız insanın ölümü və yaralanması ilə nəticələndi. 1990-cı ilin 20 yanvar gecəsi sovet ordusunun Bakıda törətdiyi qanlı qırğın, öz vətəndaşlıq hüquqlarını ifadə etmək, qorumaq üçün ayağa qalxmış dinc, silahsız insanların amansızlıqla qətlə yetirilməsi, şübhəsiz ki, bütövlükdə, insana və insanlığa qarşı yönəldilmiş ən ağır cinayətlərdən biri kimi hər zaman tarixdə qalacaq. Görkəmli dövlət xadimi Heydər Əliyevin dediyi kimi: “20 Yanvarda Azərbaycanın azadlıqsevər, vətənpərvər insanları xalqımıza qarşı göstərilən ədalətsizliyə görə, Azərbaycan torpaqlarına erməni silahlı qüvvələrinin təcavüzünün qarşısı alınmadığına görə və milli azadlığa nail olmaq üçün ayağa qalxdılar, etirazlarını bildirdilər. Onları boğmaq üçün, əzmək üçün Sovet İttifaqının qoşunları, sovet ordusunun hissələri ölkəmizə basqın etdi. Ancaq qəhrəman övladlarımız özünü qurban verərək Azərbaycan xalqının milli azadlığı üçün, Azərbaycanın müstəqilliyi üçün yol açdılar”.

    20 Yanvar şəhidlərinin əziz xatirəsinə sonsuz sevgi və hörmət əlaməti olaraq 2 milyona yaxın insanın iştirakı ilə keçirilən matəm yürüşü, o dövrün bütün şərtlərini nəzərə alsaq, tarixin gördüyü nadir hadisələrdəndir. Bu xüsusda bir fakta xüsusilə diqqət etmək lazımdır. Belə ki, xalq mübariz və məğrur Vətən oğullarını son mənzilə yola salarkən həm də tarixdə tayı-bərabəri az görülən qərənfil izdihamını dünyaya nümayiş etdirdi. 20 Yanvar qırğını tәkcə azadlıq mücadiləsi aparan insanların deyil, eyni zamanda bu günün əsas simvolunu xarakterizə edən qərənfil gülünün taleyini dәyişdi. Bu gün biz torpağın üzərində rahat gəzək deyə torpağın altında əbədi uyuyan şəhidlərimizin məzarı üzərinə qoyulan və matəm gülü hesab edilən qərənfilin taleyi isə bir az fərqlidir. Belə ki, bu gül 20 Yanvar hadisələrinə kimi al-əlvan rəngi, təkrarsız ətri, həmçinin gözoxşayan zərafətiylə gözəllik rəmzi hesab edilirdi. Ən xoş günlərə şahidlik edər, xeyir işlərdə əllərdə tutular, hədiyyə edilərdi. Bəli, Qanlı Yanvar hadisələrinə qədər qərənfil sevgi gülü idi, ağı da, qırmızısı da...Yurdunun, xalqının azadlığını, şərəf və ləyaqətini hər şeydən uca tutan Azərbaycan övladları həmin sərt, çovğun və sazaq qış gecəsində vətənpərvərliyin ən ali məqamı – şəhidlik zirvəsinə ucaldılar. 90-cı illərin sərt qışı insanların taleyi kimi sanki digər gülləri də vaxtından əvvəl soldurmuşdu. Təkcə soyuğa davamlı olan qərənfildən başqa. Bu səbəbdən də şəhidlərimizin izdihamlı dəfnində məzarlara mübariz ruhlu şəhidlərimizin al qanına qərq olmuş Bakının kəndlərindən maşın-maşın gətirilən, Abşeronun gül – gözəllik rəmzi olan tər qərənfillər qoyulub. Məhz o gündən bəri gözəlliyin, zərafətin təcəssümü olan qərənfil Vətən övladlarına əbədi sevgi və minnətdarlığın ifadəsinə çevrilib.
    İllərdir, azadlıq, müstəqillik kimi müqəddəs amallar uğrunda canından keçən şəhidlərimizin yasını qərənfilin acı qırmızısı ilə bəzəyirdik. 
    Qəhər içərisində göz yaşlarımızı silib şəhid xatirələrinə ucaldılan abidələrə və məzarlarının önünə dəstə-dəstə tər qərənfillər düzürdük. Daim onun adı gələndə qeyri-ixtiyari kövrəlib, köks ötürər, “Kaş ki bu əsrarəngiz gülü bir anlıq olsa belə Şuşada görək”, – deyə düşünərdik. 
    Bu gün artıq qürurla deyə bilirik ki, ürəklərdə nisgil olan qərənfillər solmuş və küskün deyil, bütün güllər kimi qərənfillər də xarıbülbül qoxuyur, xarıbülbülə bənzəyir. 3 ildir ki, müasir tariximizin şanlı səhifələrini yazan və bu şərəfli yolda canından, qanından keçən igid Vətən oğullarımızın xatirəsini qərənfillə birgə xarıbülbülün məğrurluğu ilə yad edirik. 
    Qeyd edilməlidir ki, yalnız Azərbaycanın qədim şəhəri Şuşada bitən xarıbülbülün el arasında tarixən “sancı bülbül”, “qanlı bülbül” kimi növləri də olub və xarıbülbüldən fərqli olaraq dünyanın müxtəlif yerlərində bitirlər. Ümumiyyətlə, Qarabağ münaqişəsi başlanan ilk dövrdən etibarən xarıbülbül xalqımızın mübarizə rəmzini ehtiva etməkdədir. Xarıbülbül sevdasını isə ən gözəl şəkildə yurd sevgisi, Vətən həsrəti çəkən Qarabağ xanının qızı, şuşalı Ağabəyim ağa dilə gətirib:

    “Vətən bağı” al-əlvandır,
    Yox üstündə xarıbülbül.
    Nədən hər yerin əlvandır,
    Köksün altı sarı, bülbül?!

    Dövrün məşhur fransız ictimai xadimi Qabriel Mirabon deyirdi: “Ədalət topaldır, yavaş-yavaş yeriyir, lakin gedəcəyi yerə gec-tez çatır”. Bu xüsusda Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə rəşadətli ordumuz tarixi ədaləti bərpa etməklə yanaşı, şairlərimizin, yazıçılarımızın, bütövlükdə, Azərbaycan xalqının 30 illik Qarabağ nisgilinə, xarıbülbül həsrətinə 44 gündə son qoydu. Xarıbülbül günümüzdə həm də torpaqlarımızın düşmən işğalından azadlığı, ərazi bütövlüyümüzün bərpası, eləcə də xalqımızın səadəti, birliyi, xoş güzəranı naminə canını qurban vermiş qəhrəman şəhidlərimizin xatirəsinin rəmzi olaraq qəbul edilir, müzəffər Ordumuzun qələbə əzmi, zəfər simvolu kimi tanınır. 
    Bu gün hər birimiz böyük iftixarla qeyd edirik ki, Birinci və İkinci Qarabağ savaşında şəhidlik zirvəsinə ucalan Vətən oğullarının qisası məhz döyüş meydanında alındı, dosta sevinc, düşmənə gözdağı olan “Dəmir yumruq” əməliyyatı sayəsində Ermənistan diz çökərək kapitulyasiya aktına imza atdı. Dünya bir daha başqasının torpağına göz dikənlərin aqibətini, beynəlxalq hüququn zamana və məkana görə tətbiqinin sonda hansı nəticələrə gətirib çıxardığını gördü. 20 Yanvar kimi, İkinci Qarabağ müharibəsi də milli qürurun, ləyaqətin, o cümlədən Azərbaycan xalqının möhkəm iradəsinin təcəssümü olduğu bütün dünyaya bəyan edildi. Ölkə Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi altında şanlı ordumuzun qazandığı tarixi və parlaq Zəfər şəhidlərimizin ruhuna böyük ehtiram olmaqla yanaşı, xalqımızın bir daha faciələrlə, soyqırımlarla sınağa çəkilməyəcəyinə təminat verməkdədir.
    Qürurlu haldır ki, əzəli və qədim torpağımız Qarabağ bu gün döyüş meydanından quruculuq meydanına çevrilir, səngərlərin, istehkamların yerində irimiqyaslı quruculuq işlərinin, habelə infrastruktur layihələrinin təməli qoyulur. Bəli, biz 30 ildir, heç bir səmərə verməyən danışıqlar prosesini və bu müddətdə münaqişəni öz gücümüzlə cəmi 44 günə həll etdiyimiz kimi, ərazilərimizin bərpası və quruculuğu işlərini də eyni iradə və əzmlə reallaşdırırıq. Bunun üçün də ölkəmiz istər maddi və mənəvi resurslara, istərsə də kifayət qədər əmək ehtiyatları və maliyyəyə malikdir.
    Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin də dediyi kimi, “...biz müharibədə qalib gəldiyimiz kimi, Qarabağın bərpa edilib dirçəldilməsinin də öhdəsindən layiqincə gələcəyik”.
    Təbii ki, bu istiqamətdə həyata keçirilən sistemli və məqsədyönlü tədbirlər ölkədaxili məcburi miqrasiyanın əsas subyektini təşkil edən məcburi köçkünlərin doğma yurdlarına qayıtmasına da münbit zəmin yaradıb. Yeri gəlmişkən, apardığımız haqq savaşının əsas prioritetlərindən biri də məcburi köçkünlərimizin öz yurdlarına geri qayıtmaq hüquqlarının təmin olunmasından ibarət idi. 44 günlük Vətən savaşından sonra həm hərbi, həm də siyasi baxımdan ölkəmizin şanlı Qələbəsini və işğalçı ölkənin faktiki olaraq kapitulyasiyasını rəsmiləşdirən üçtərəfli bəyanatda da bu müddəa xüsusilə öz əksini tapıb. Belə ki, bəyanatın 7-ci bəndinə əsasən daxili məcburi köçkünlər və qaçqınlar Qarabağ ərazisinə BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının Ofisinin nəzarəti altında geri qayıtmalıdır.
    Bu gün hər bir azərbaycanlı tarixin ən şərəfli və vüqarlı günlərini yaşayır desək, hesab edirəm ki, yanılmarıq. Vaxtilə Azadlıq meydanında yanvar hadisələrinin tüğyan etdiyi zaman dönəmində əliyalın, ədalət arzulayan dinc insanlar artıq doğma torpaqlara ayaq basmağın sevincini, BÖYÜK QAYIDIŞın qürurunu yaşayır. Bu günə qədər şəhidlərimiz, xüsusilə də 20 Yanvarda həlak olan həmvətənlərimiz üçün axıdılan hər bir damla göz yaşında, şübhəsiz, ilk növbədə, qan rəngli qərənfil yada düşürdü. Xarıbülbül isə, bu mənada, canı və qanı bahasına tarix yazan şəhidlərimizin, qazilərimizin, işğalçıları doğma torpaqlarımızdan qovan igid oğullarımızın mübarizəsinin ən gözəl simvolu oldu. Qarabağ Azərbaycanın cənnəti sayıldığı kimi, bu çiçək də məhz cənnət rəmzidir.

Arif BAYRAMOV
Naxçıvan Muxtar Respublikası Dövlət Miqrasiya Xidmətinin 
mətbuat və ictimaiyyətlə əlaqələr üzrə baş məsləhətçisi

Nəşr edilib : 19.01.2023 22:37