AZ EN RU

Güləş yarışı keçirilib

Əlahiddə Ümumqoşun Orduda müxtəlif idman yarışlarının keçirilməsi davam etdirilir. Hərbi qulluqçular bu dəfə Naxçıvan Olimpiya İdman Kompleksində keçirilən güləş  yarışılarında güclərini sınayıblar. 
Yarışdan əvvəl Əlahiddə Ümumqoşun Ordunun zabiti, polkovnik-leytenant Vahid Məmmədov idmanın əhəmiyyətindən danışıb, birinciliyin məqsəd və qaydalarını idmançı hərbi qulluqçuların diqqətinə çatdırıb. Bildirilib ki, hər bir hərbi qulluqçu döyüş hazırlğı ilə yanaşı fiziki hazırlığını da daim yüksək səviyyədə saxlamalıdır. Ordumuzda idmanın inkişafı hər zaman diqqət mərkəzində saxlanılır, şəxsi heyətin idmana marağının artması istiqamətində müxtəlif işlər görülür. Keçirilən müxtəlif idman yarışları da görülən işlərin davamıdır.
“Vətənə, xalqa və dövlətə xidmət ömrümüzün mənasıdır” devizi altında keçirilən yarışlara isinmə hərəkətlərindən sonra start verilib. 
Naxçıvan Muxtar Respublikası Güləş Federasiyasının hakimlərinin idarə etdikləri yarışlarda  güləşin yunan-roma və sərbəst növləri üzrə  13 komandadan 238 idmançı mübarizə aparıb.
Gərgin mübarizə ilə yadda qalan yarışlarda sərbəst güləş üzrə 1-ci və 3-cü yerlərə xüsusi təyinatlılar, 2-ci  yerə isə motoatıcılar layiq görülüb.
Yunan-roma güləşində xüsusi təyinatlılar birinci yerdə qərarlaşıb. Motoatıcılardan ibarət komandalar isə ikinci və üçüncü yerləri bölüşüblər.
Şəxsi və komanda hesabında ilk üçlükdə yer alan qaliblərə kubok, diplom və fəxri fərmanlar təqdim edilib.

Kənan CƏLİLOV

Nəşr edilib : 18.03.2023 19:50