AZ EN RU

Güldanda saxlanan həsrət qoxulu tikanlı məftillərin xatirəsi

            Araz, Araz xan Araz!

           Sultan Araz, xan Araz!

          Çayın, çeşmən qurusun,

          Mənim təki yan, Araz!

1989-cu ilin dekabrı... Araz boyunca əllərimiz kimi illərdir, könlümüzü də incidən həsrət qoxulu tikanlı məftillər...

Lil sularına qərq olmuş Xan Arazın sükutunun sonuncu akkordları və hər iki taydan həsrət dolu baxışların kəsişməsinə şahidlik edən zamanın tükənən səbri... Və bu səbri daha da zorlayacaq tikanlı məftillər... O tikanlı məftillər ki “sərhəd hərəkatı” zamanı illərin həsrətinə son qoyaraq o taylı, bu taylı azərbaycanlılar tərəfindən söküldü və bir parçası da həsrətin rəmzi olaraq evlərdə xatirə kimi saxlanıldı. Həmin dövrə şahidlik edən insanların ailələrində bu xatirə indiyədək də saxlanılır. Təbiidir ki, bizim də evdə bir parça kəsilmiş tikanlı məftil var. Uşaq yaşlarıma təsadüf etdiyindən çox da anlamırdım mənasını. Anam onu güldanda güllərin içərisində saxlayardı. Böyüdükcə artıq dərk etməyə başladım. Əslində, elə də uzaq tarix deyil, amma şahidlik etdiyimiz bu təqvim bizim üçün çox müqəddəsdir. Məhz həmin dövrdən həmrəyliyimizin əsası qoyuldu. Tarixin gərdişlərinə sinə gərən Azərbaycan xalqı öz ənənələrinə sadiq qalaraq bu həmrəyliyi milli birliyə çevirərək daha da gücləndirdi. Bəli, məhz həmin gün – 1989-cu il dekabrın 31-də biz bir daha həmrəyliyimizi dünyaya nümayiş etdirdik.

Bu gün dünyanın istənilən nöqtəsində və hansı peşənin sahibi olmasına baxmayaraq bütün azərbaycanlılar bir amal uğrunda birləşiblər. Bu birliyin əsasında isə 2001-ci il noyabrın 9-10-da Bakıda keçirilən Dünya Azərbaycanlılarının I Qurultayında uzaqgörən siyasətçi Ulu Öndər Heydər Əliyevin “Fəxr edirəm ki, mən azərbaycanlıyam!” sözləri dayanır. Hafizəmizdə dərin iz buraxan bu kəlam illər sonra bizi Vətənimizin ərazi bütövlüyü uğrunda yenidən səfərbər etdi. 2020-ci ilin sentyabr ayında başlayan və cəmi 44 gün çəkən Vətən müharibəsində qazandığımız Zəfər Ulu Öndərimizin bu dahi kəlamlarını bir daha qürurla təkrar etməyimizə vəsilə oldu. Möhtərəm Prezidentimiz, Ali Baş Komandan cənab İlham Əliyevin siyasi iradəsi və qətiyyəti ilə həmrəy olan xalqımız tikanlı məftilləri qırdığı kimi, tarixi torpaqlarımızda da erməni mifini dağıdaraq ərazilərimizi işğaldan azad etdi. Beləliklə, Dünya Azərbaycanlılarının Həmrəyliyi, xalqmızın öz Lideri ətrafında birləşməsi növbəti tarixi Qələbəmizlə nəticələndi. Buna görə də bu gün Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününü iftixar hissi ilə, qürurla qeyd edirik.

                 Aidə İBRAHİMOVA

Nəşr edilib : 30.12.2023 11:03