AZ EN RU

Gülcahan Əliyeva ölkə kubokunda uğur qazanıb

16-17 dekabr tarixlərində Şüvəlan qəsəbəsindəki Ağır Atletika Mərkəzinin yarış zalında ağırlıqqaldırma üzrə Azərbaycan Kuboku keçirilib. Yarışda şəhər və rayonların, idman cəmiyyətlərinin, idman klublarının, idman mərkəzlərinin yüzə yaxın atleti öz qüvvəsini sınayıb.

Yarışda Əməkdar məşqçi Şəfi Hüseynovun rəhbərliyi ilə muxtar respublikamız bir idmançı – Gülcahan Əliyeva ilə təmsil olunub. Qadınlar arasında 55 kq çəki dərəcəsində çıxış edən təmsilçimiz ümidləri doğruldaraq mükafatçılar sırasına düşüb. Gülcahan Əliyeva birdən 55 kq təkanla isə 70 kq ağırlığın öhdəsindən gələrək toplamda 125 kq çəkiyə nail olub. Bu göstərici ilə qalibdən cəmi 2 kq fərqlə ikinci sırada qərarlaşan atlet gümüş medala sahib çıxıb.

Xatırladaq ki, yeniyetmələr və gənclər arasında bir neçə dəfə Azərbaycan birinciliklərinin qalib və mükafatçısı olan Gülcahan Əliyeva, bu il böyüklər arasında gümüş medala yiyələnmişdi.

 Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin

mətbuat xidməti

Nəşr edilib : 18.12.2023 16:17