AZ EN RU

Gülab ətirli Ordubad

Görkəmli şəxsiyyətləri, tarix-memarlıq abidələri ilə məşhur olan qədim Ordubad şəhəri həm də özünəməxsus adət-ənənələri ilə tanınır. Qonaqpərvərliyi ilə də seçilən bu qədim diyarda  kimin evinə qonaq getsəniz, qapının girişində və ya masada gülabdanla qarşılaşacaqsınız. Biz də elə bu cür qarşılandıq, xoş ətirli gülabla...

Burada yadıma bir bayatı düşdü:

Əzizim gülab gözəl,

Gül gözəl, gülab gözəl,

Ordubadın qızları

Güldən, gülabdan gözəl.

Gülablaşma ənənəsi əsrlərin yadigarı olaraq bir çox bölgələrdə olsa da, Ordubadda özünü daha qabarıq göstərir. Gülabçılıqla illərdir məşğul olan bu peşənin adamları da çoxdur. Həm də bu bölgənin iqlim şəraitinə görə burada qızıl güllər daha ətirli olur.

Bu sətirləri qələmə aldıqca sanki gülab ətrini hiss edirəm. Nənələrin şirin söhbəti, ovcuma səpdikləri gülabın ətrindən doğan fikirlərimdir əslində bu yazı.

Ordubadlılar bu adəti xüsusən də bayram günlərində və eləcə də mərasimlərdə yaşadırlar. Milli bayramımız olan Novruzda hər bir süfrədə mütləqdir ki, gülabdan öz yerini ala. Və onu da qeyd edək ki, bayram ərəfəsində Ordubadın qədim məhəllələrindən olan Sərşəhər meydanının girişində məcmeyi əlində şirinlik, digər əlində isə gülabdanla dayanan adamlara da rast gəlmək mümkündür. Şəhərə üz tutan qonaqlar bu cür xoş gülab ətri ilə qarşılanıb, yola salınır. Hətta yas mərasimlərində də gülablaşma ənənəsi davam edir. Belə ki, həm yas mərasiminə gələn qonaqların ovuclarına gülab səpilir, həm də qəbir üstünə çıxılan zaman gülab aparılır. Hətta digər bölgələrdə adətən qəbir üstə su səpilirsə, Ordubadda gülab səpilir. İnanılır ki, mənfi auraları gülab ətri insanlardan uzaq tutur. Buna misal olaraq bir nümunəni də qeyd etmək yerinə düşər ki, Ordubadın qədim qəbirlərində sənətkarlıq nümunələri olan daş oyma sənətinə rast gəlinir. Və bu başdaşlarında da həmin sənətkarlıq nümunələrinin izi olan gülabdanlar da həkk edilib. Bu isə onu bildirir ki bu gülabçılıq ənənəsi bu diyarın keçmişinə söykənən inanclardandır.

Ordubadda gülabdan hətta yeməklərdə də istifadə olunur. Həm insan orqanizminə faydasına, həm də bir çox yeməklərə verdiyi xoş ətrə görə istifadə olunur. Ordubadın məşhur paxlavasının şərbətinə də gülab qatılır ki, bu da digər ədviyyatların iyi ilə birgə ağızda ləziz tam buraxır.

Ovcumuza gülab da səpildi, qızılgül ətirli təamlardan da dadıb səfərimizi başa vurduq. Düşünürəm ki bu yazını oxuyan hər kəs mütləq gülabın ətrini hiss edəcək. Ordubaddan çox yazılar yazmışıq, amma bu yazının digərlərindən sanki ətri var deyə seçiləcəyi inamı ilə...

Aidə İBRAHİMOVA

Nəşr edilib : 10.04.2024 12:10