AZ EN RU

Gül qadınlarımızı təbrik etmək üçün ən gözəl hədiyyədir

    Qarşıdan 8 Mart – Beynəlxalq Qadınlar Günü gəlir. İlk dəfə Romada keçirilən bu bayram artıq dünyanın dörd bir yanında təntənəli şəkildə qeyd olunur. Bu bayramda qadınlara ən çox təqdim olunan hədiyyə güldür. Qadınlara veriləcək onlarca hədiyyə alternativi olsa da, bunların başlıcası güllər hesab edilir. Həqiqətən də, gül insan duyğularını ən gözəl şəkildə ifadə edən hədiyyələrdən biridir. Ədəbiyyatımızda da güllərin gözəlliklərindən ilhamlanaraq müxtəlif şeirlər yazılıb. Buna misal olaraq Abdulla Şaiqin “Qızılgül” şeirini nümunə göstərə bilərik. 

        Qızıl güləm, qızıl gül,
        Məni sevər hər könül.
        Yaşıldır incə belim,
        Qızıldandır hər telim.
   Bu gün dünyada gül bağışlamaq bir ənənəyə çevrilib. Bəs bizdə necə? Bu ənənə məişətimizdə öz əksini necə tapıb? Yolumuzu şəhərin ən böyük gül mağazası olan “Al çiçəyim”dən saldıq. Bu mağazanı seçməyimizdə məqsədimiz burada satılan gül-çiçəkləri sahibkarın öz fərdi təsərrüfatında yetişdirməsi idi. Mağaza sahibi Babək rayon Zeynəddin kənd sakini, sahibkar Əbdüləli Abbasov illərdir, bu işlə məşğul olur. Onun dediklərindən: – Artıq illərdir ki, bir hektarı əhatə edən gül istixanasında müxtəlif güllər becərərək satışa çıxarıram. Bu güllər arasında qızılgül, qərənfil, yaşıllıq və çobanyastığı, qerber başlıca yer tutur. İstixanada çalışan işçilər ailə üzvlərimizdir. Bunu bir növ ailə təsərrüfatı da adlandıra bilərik. 

    Müsahibimin sözlərinə görə, güllər də həssas canlılar kimidir, onların xüsusi qayğıya ehtiyacı var. Gülləri yığımdan əvvəl xüsusi dərmanlama prosesindən keçirir, hansı ki bu dərmanlama onları daha uzunömürlü edir. Hər bir gül üçün xüsusi miqdarda su ayrılır ki, onların növündən asılı olaraq hər birinə müəyyən ölçüdə su veririk. Güllər buketlənib müştəriyə təqdim olunduqdan sonra da müəyyən miqdarda suya qoyub, bir həftə müddətində saxlanıla bilər. Lakin gül dibçəkdə əkilibsə, o zaman saxlanılma şəraiti dəyişir. Belə məsləhətdir ki, dibçək gülləri daha çox gün düşən yerə qoyulmalı, dibçəyin özü balacadırsa, gülü tez böyütmək üçün qabını dəyişdirmək lazımdır. Çünki güllər tağını torpağa atmamış tez müddətdə qabı dəyişilsə, kökdən çürümə başlayar. Bizə müraciət edən insanlar daha çox çiçəyin görünüşünə önəm verir. Amma zövqlər müxtəlif olduğu üçün bu dəyişə də bilir. Müsahibimiz bir neçə illik təcrübəsinə və müşahidələrinə əsaslanaraq vurğulayır ki, bu növlər arasında insanların ən çox üstünlük verdikləri qızılgüldür. Qızılgül özünəməxsus ətri və incə görünüşü ilə bütün qadınların qəlbində xüsusi yerə sahibdir. Mağazada dekorativ güllər də satılır. Sahibkar onu da vurğulayır ki, qarşıdan gələn 8 Mart – Beynəlxalq Qadınlar Günü bayramı münasibətilə müştərilərə xüsusi endirimlər də təşkil olunacaq.
    Hər kəs dəyər verib, əziz tutduğu yaxınları üçün müxtəlif növ gül hədiyyə etməklə onları sevindirə bilər.
    Həmsöhbətim dedi: – Bu işə yeni başladığı illərdə gülə tələbat elə də çox deyildi. Sovet dönəmində Sədərək rayonu ərazisində gül istixanaları olsa da, sonradan həmin istixanaların çoxu fəaliyyətini dayandırdı. Bir müddət hər kəs Bakı şəhərindən gətirilən güllərin ümidinə qaldı. Biz bu istixananı yaratdıqdan sonra gül mağazası açaraq bu ticarəti daha da genişləndirdik. Bu gün əminliklə deyə bilərək ki, artıq Naxçıvanda gülə olan ehtiyacı ödəyirik və gül almaq, onu hədiyyə etmək ənənə halını alıb. 
    Sonda biz də qarşıdan gələn 8 Mart – Beynəlxalq Qadınlar Günü münasibətilə bütün xanımlarımızı təbrik edir, ömürlərinin gül tək təravətli olmasını arzu edirik.

- Bülbül QULİYEVA
 

Nəşr edilib : 03.03.2023 19:45