AZ EN RU

Gücümüzün əsas mənbəyi haqlı olmağımızdır

Azərbaycanın əsas hissəsini Naxçıvanla birləşdirməliyik

    Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin yerli televiziya kanallarına müsahibəsi suverenliyimizin tam bərpa olunmasından, xüsusən də Xankəndi Zəfərindən sonra hər birimizin arzusu idi. Çünki yeni tarixi reallığı, yeni tarixi mərhələni yaşayırıq. Ən böyük reallıq Qarabağın tam azad olunması, Qarabağdan separatizmin, terrorizmin təmizlənməsi və cənab Prezidentin təbirincə desək, tarixin zibilliyinə atılmasıdır. 
    Bu gün ərazi bütövlüyünü tam bərpa etmiş Azərbaycanda son 20 illik fəaliyyətə nəzər salsaq, bu 20 ildə haradan-haraya gəldiyimizin çox açıq mənzərəsi görünür. Son 20 ilin tarixi göz qabağındadır və əsas məsələ ondadır ki, 2003-cü ildə Azərbaycan xalqı düzgün seçim etdi. Elə ona görə də, müstəqil tariximizin ən həlledici məqamı məhz 2003-cü il idi. Cənab Prezidentin dediyi kimi: “Əgər tarix başqa istiqamətdə getsəydi, bilmək olmaz, xalqımız, dövlətimiz hansı bəlalar, faciələrlə üzləşə bilərdi. Hər halda, müstəqilliyimizin ilk iki ili əyani şəkildə göstərir ki, güclü lider olmadan və düşünülmüş siyasət olmadan istənilən ölkə, xüsusilə gənc, müstəqil ölkə çox ciddi təhlükələrlə üzləşə bilər”.
    Bugünkü Azərbaycan isə, sözün əsl mənasında, dünya miqyasında güclü ölkələr sırasındadır. Bu həm beynəlxalq aləmdə, həm regionda, eyni zamanda daxili siyasət prioritetlərinin düzgün seçilməsində bir çox ölkələr üçün nümunə ola bilər. 2023-cü ilin 19-20 sentyabr hadisələrinə qədər gedilən yol məqsədyönlü, məqsədə hesablanmış yol idi. İstər siyasi müstəvidə, istər hərbi müstəvidə, istər ölkəmizdə gedən proseslər nöqteyi-nəzərindən bu hadisə bütün işlərin son nidası idi. Cənab Prezidentin sözləri ilə desək “Müasir tariximizin yeni dövrü məhz sentyabrın 20-dən sonra başlayır”.
    Cənab Prezident bu ədaləti, eyni zamanda beynəlxalq müstəvidə siyasi və diplomatik savaş apararaq əldə etdi. Məhz buna görə də bizim Zəfərimizin əhəmiyyəti daha önəmlidir: “Xocalıda bayrağın qaldırılması daha da həyəcanlı idi, onu açıq deyə bilərəm. Xankəndidə isə bayrağın qaldırılması ədalətin tam bərpası idi və Zəfərimizin son nöqtəsi idi”.
    Son zamanlar Fransanın rəsmi şəxsləri tərəfindən tez-tez anti-Azərbaycan bəyanatlarının, Parisin BMT Təhlükəsizlik Şurasına təqdim etməyə çalışdığı qətnamələrin, həmçinin Ermənistanın silahlandırılmasına şahidlik etdiyimiz mənzərələr fonunda cənab İlham Əliyevin “Biz belə desək, onlara öz meydançalarında qalib gəldik” fikri baş verənlər kontekstində BMT Təhlükəsizlik Şurasında və Avropa İttifaqında bir fiaskodur. Azərbaycanın isə şəksiz diplomatik qələbəsidir.
    Naxçıvanla əlaqə məsələsi ilə hərzamankı kimi bütün mövzuların ən başında dayanır. Cənab Prezident: “Onlar, ilk növbədə, Zəngilanla Ordubad arasındakı ərazidə bizə maneəsiz keçid verməlidirlər. Bu onların öhdəliyidir. Mən artıq demişəm, bir daha demək istəyirəm, Azərbaycandan Azərbaycana gedən yüklər, vətəndaşlar və avtonəqliyyat vasitələri heç bir yoxlamadan keçmədən, gömrük inzibatçılığına cəlb edilmədən sərbəst keçməlidirlər”.
    Azərbaycan artıq bunun üçün üç il səbir edib. Ermənistanın bu mövzuda ləng tərpəndiyini, daha doğrusu, tərpənmək istəmədiyini görəndə qısa yolla Azərbaycanın əsas hissəsini Naxçıvanla birləşdirmək zərurəti digər bir planla reallaşdı. İranla artıq razılıq da əldə edildi, təməlqoyma mərasimi keçirildi. İndi Ağbənd istiqamətində artıq birinci körpünün inşası başlanmışdır və ikinci körpü də Ordubad istiqamətində nəzərdə tutulur. Beləliklə, Ermənistan yenə dalan olaraq qalacaq. Cənab Prezident bunu açıq şəkildə ifadə etdi: “Ona görə Ermənistan tərəfinə məsləhətim odur ki, burada manipulyasiyalarla məşğul olmasın... Əks təqdirdə, Ermənistan əbədi dalan kimi qalacaq və əgər, dediyim marşrut açılmasa, biz Ermənistanla heç bir başqa yerdə sərhədimizi açmaq fikrində deyilik”.
    Prezident seçkiləri ilə bağlı Cənab Prezidentin fikirləri isə son dərəcə önəmli və səmimi idi: “Birinci səbəb, təbii ki, suverenliyimizin tam bərpasıdır... İkinci səbəb ondan ibarətdir ki, ilk dəfə olaraq müstəqil həyatımızda seçkilər ərazilərimizin hər bir yerində keçiriləcək. Prezident seçkiləri bütün digər seçkilərlə müqayisədə ən vacib seçkilər olduğu üçün mən hesab etdim ki, birinci bütün ərazilərdə keçiriləcək seçkilər prezident seçkiləri olmalıdır...”
    Bunu həm də yeni missiyanın başlanğıcı kimi qəbul etmək olar. Yəni biz özümüzü daha böyük həcmdə lazım olan vasitələrlə təmin edəcəyik. Ordu quruculuğu prosesi davam edəcək. Cənab Prezident bu kontekstdə yeni müharibə ilə bağlı cəmiyyətdə və beynəlxalq arenalarda dolaşan əsassız söhbətlərə isə birdəfəlik nöqtə qoydu: “Demirəm, hər an biz fikirləşməliyik ki, yeni müharibə olacaq. Yox, mən əminəm ki, olmayacaq və əlimdən gələni edəcəyəm ki, olmasın. Yetər, müharibələr kifayətdir”.
    Bu il Qarabağda, Şərqi Zəngəzurda infrastruktur layihələrinin hamısı davam etdiriləcək. Bu nəhəng layihələr imkan verir ki, bu il daha böyük sayda keçmiş köçkünlər öz dədə-baba torpaqlarına qayıtsın. Bu il qayıdılacaq şəhərlər arasında beş şəhər – Şuşa şəhəri, Cəbrayıl şəhəri, Kəlbəcər şəhəri, Xankəndi şəhəri, Xocalı şəhəri də olacaq. Bu isə sərhədlərimizin delimitasiyası və demarkasiyası ilə bağlı məsələyə yenidən qayıtmağı zəruri edir. Bu mövzuya isə Prezident cənab İlham Əliyev çox qəti münasibət bildirdi: “Biz heç yerə qayıdan deyilik. Nə 2021-ci ilin may ayındakı mövqelərdən, nə də 2022-ci ilin sentyabr ayındakı mövqelərdən biz bir addım geri gedən deyilik, çünki o sərhəd müəyyən edilməlidir”.
    Yaxşı bilirik ki, getdikcə yaşıl enerjiyə tələbat artır. Neft-qaz sahəsində fəaliyyət göstərən şirkətlərin investisiya portfelində əgər yaşıl enerji layihələri olmasa, onlar böyük çətinliklərlə üzləşəcəklər. Avropada bizim qazımıza tələbat gündən-günə artır və biz bunu ancaq bərpaolunan enerji hesabına edə bilərik. Bu gün səkkiz ölkə Azərbaycan qazını alır, onlardan altısı Avropa ölkəsidir. Gələcəkdə bu ölkələrin sayı artacaq. Avropa İttifaqının Enerji Komissiyası isə Azərbaycanı Panavropa qaz təchizatçısı adlandırır. Bu isə ölkəyə böyük dividendlər gətirir, həm iqtisadi, həm də, təbii ki, siyasi. Bunu isə ölkə başçısı çox yaxşı şəkildə ifadə etdi: “Əgər bizim qazımızın Avropaya nəqli hansısa səbəbə görə kəsilsə, onda bir çox ölkələr daha çətin vəziyyətə düşəcək və bunu Avropada hər kəs başa düşməlidir, o cümlədən məsuliyyətsiz bəyanatlar verən Avropa Parlamentinin sədri də bunu bilməlidir”.
    Azərbaycan xalqı gücünü öz liderindən alır. Lider isə xalqına arxalanır, bunu dəfələrlə bəyan edən ölkə başçısı bir gerçəyi də dilə gətirdi: “Mən hesab edirəm ki, gücümüzün əsas mənbəyi haqlı olmağımızdır. Çünki biz haqlıyıq və istənilən auditoriyada, istənilən tədbirdə öz haqlı olmağımızı sübut etmək üçün kifayət qədər əsaslarımız var”. 
    2024-cü ildə HAQLI və GÜCLÜ Azərbaycan isə beynəlxalq müstəvidə daha böyük hədəflər uğrunda əzmlə çalışır. Güclü Liderlə yeni uğurlara doğru, yolun açıq olsun, Azərbaycan!

- Məmməd BABAYEV

Nəşr edilib : 11.01.2024 17:17