AZ EN RU

Gözümüz yollarda qaldı, ay tikinti idarəsi - FOTOLAR

Yurdumuzun paytaxtı olan qədim Naxçıvan şəhərinin gözəlliyi, tarixi və müasirliyi buraya üz tutan qonaqları həmişə valeh edib. Elə mən də gün ərzində bir neçə dəfə iş otağımın pəncərəsindən bu gözəlliyi seyr edirəm. Yeni təmir olunmuş binaların gözoxşayan görünüşü, işıqlı, təmiz küçələr  insanın ürəyini qürur hissi ilə doldurur. Amma təəssüflər olsun ki, bəzən bu gözəlliklərin içərisindən göbələk kimi boylanan unudulmuş, yaddan çıxmış yaşayış binalarına da rast gəlirik. Məsələn, elə götürək redaksiyamızın lap yaxınlığında yerləşən İstiqlal küçəsindəki 71-ci binanı. Nədəndir bilmirəm, amma həmin ərazidə yerləşən çoxmənzilli yaşayış binalarının, demək olar ki, hamısı təmir olunsa da, bu yaşayış binası gözmuncuğu kimi ortada qalıb. Binanın fasadının, dam örtüyünün sıradan çıxmasına baxmayaraq nədənsə Naxçıvan Muxtar Respublika Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yolunu  bu tərəfə salmayıb. Və bəlkə də salmaq istəməyib. Ətrafındakı binaların müasir görünüşünün içərisində unudulmuş binanı xatırladan bu çoxmənzilli yaşayış binasının sakinləri də bu vəziyyətdən narazıdırlar. Bir neçə sakin bu problemi dilə gətirsə də, kimsə bu vəziyyəti düzəltməyə səy göstərməyib. Onlar da kimə üz tutub söz deyəcəklərini bilmədikləri üçün neçə ildir, bu problemin həll olmasını səbirsizliklə gözləyirlər. Yaddan çıxmış, ya da ki, müasir binaların arasında gizlədilmiş bu mənzillərin sakinləri qarşı binadakı qonşularına baxıb köks ötürməkdən təngə gəliblər artıq. Sakinlərdən yaşı 70-i ötmüş Məstan nənə ilə söhbətimizdə bildirdi ki, binanın təkcə fasadı, dam örtüyü bərbad olsa, yenə ötüşərik. Amma pilləkənlər o qədər bərbad günə düşüb ki, yuxarı qalxıb, enəndə hər an yıxılmaq təhlükəsi ilə üz-üzə qalırıq. Yaşlı insanlar evdən bayıra çıxmağa tərəddüd edir. Və beləcə gözümüz yolda qalır gözləyirik, görən nə vaxt bizim də binanın üzünə gün doğacaq.

         Onu da deyim ki, gözü yollarda qalan təkcə bu binanın sakinləri deyil. Naxçıvan şəhəri, Atabəylər məhəlləsində yerləşən 7, 8, 9 nömrəli çoxmənzilli yaşayış binalarının da sakinlərinin gözü yoldadır. 7 saylı yaşayış binasının sakini Validə Səfərova 50 ildən artıqdır ki, bu binada yaşayır. Deyir ki, yaşadığı üçotaqlı mənzil ailəsinə Ulu Öndərin tapşırığı ilə 1979-cu ildə hədiyyə edilib. Müsahibim bildirir ki, ətraflarında yerləşən binaların bir çoxu təmir edilsə də, bir çoxu isə inşaatçıların yolunu gözləyir. Ötən il ətrafdakı binalardan biri, hazırda isə yolkənarında gözəgörsənən bina təmir edilir. Bizim binalar isə həmin bəzəkli-düzəkli binaların əhatəsində miskin görkəmi ilə “diqqəti çəkir”. Şəhər sakinlərinin dərdini dinlədikcə, necə deyərlər, öz yaşadığım binanın da dərdli sakinlərinin sözlərini dilə gətirmək zərurəti hiss edirəm. Bizin bina şəhərdə ilk təmir edilən binalardandır. Amma necə “gözəl” təmir edildiyini hələ indi görürürk. Vaxtı ilə yararsız tikinti materialları ilə təmir edilən binanın yenidən qurulması zamanı bina penoplast üzlüklərlə “bəzədilib” ki,  bu da yayayış binasını yaşamağa qorxulu vəziyyətə gətirib. Qışda soyuğu, yayda istini özünə çəkən penoplast üzlüklər tezalışan olduqları üçün texnogen qəzalar baş verəcəyi təqdirdə əsl təhlükə mənbəyidirlər. Mənzillərin havalandırılmasına da ciddi problem yaradan bu üzlüklərin arasına yayda dolub uşaqları qorxudan kərtənkələ və əqrəbləri demirəm. Yayda kəskin istilər olanda binanı əhatə edən plastik örtüyün altından çıxan əqrəbin, ya da ki, kiçik bir qığılcımın qurbanı olacaqlarını düşünən bina sakinləri gecələri qorxa-qorxa yuxuya gedir.

 Bütün bu müşahidə etdiklərimizə, həmsöhbət olduğumuz insanlardan dinlədiklərimizə aydınlıq gətirmək üçün Naxçıvan Muxtar Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə üz tutmağa da hamıya məlum səbəblərə görə ehtiyac bilmədik. Ümid edirik ki, ölkə başçımızın rəhbərliyi və siyasi iradəsi ilə muxtar respublikada həyata keçirilən ciddi islahatlar, Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəliyi tərəfindən mövcud nöqsanların aradan qaldırılması istiqamətində atılan ciddi addımlar bu problemin də qısa zamanda həll olunmasına rəvac verəcək.

Ramiyyə ƏKBƏROVA

Nəşr edilib : 18.01.2023 18:05